Əgər dizel bahalaşsa... – Xəbərdarlıq

14 Noyabr 2017 13:23 (UTC+04:00)

Dizelin yanacağının qiyməti qaldırılarsa, nəqliyyatda qiymət artımları müşahidə edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, “Azpetrol” şirkətinin benzin və dizelin qiyməti ilə bağlı proqnoz verməsi nə qədər təəccüblü görünsə də, yanacağın, xüsusən dizelin bahalaşmasının hətta müzakirəsi belə arzuolunan deyil: “Dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır. Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, çox fərqli sahələrdə, o cümlədən, nəqliyyatda qiymət artımları müşahidə edilə bilər.

Bu, həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımdan arzuolunan deyil”.

Ekspert qeyd edib ki, yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün kooporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var: “Bütün hallarda, istehlak bazarında qiymətlərin tənzimlənməsinin, eləcə də qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir”.