“Sevil Massivi”nin vəzifəli şəxsləri şikayət verdi - Araşdırma

14 Noyabr 2017 17:41 (UTC+04:00)

Vətəndaşları dələduzluq yolu ilə aldatmaqda təqsirli bilinən Sevil Massivi MTK-nın təsisçisi Aynur Zeynalov, qurumun direktoru Elçin İsmayılov, kooperativin əməkdaşları Zabit Çələbiyev və Səbinə Əliyeva, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirdamat Muradiyevin barəsində verilən hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı noyabrın 17-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmənin hökmü ilə Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elçin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə digər təqdirləndirilənlər Mirdamat Muradıyevin və Səbinə Əliyevanın barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Məlum olub ki, təqsirləndirilən şəxslər 19 milyon manatdan 10 milyon 500 min manatı ödəyiblər.

Qeyd edək ki, prokuror Aynur Zeynalovun 15 il, Zabit Çələbiyevin 13 il, Elçin İsmayılovun 13 il, Mirdamat Muradıyevin 10 il, Səbinə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Sevil Massivi MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələri sübuta yetirilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 162-1.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olmaq), 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham eidliblər.