Həkimlər dedi, bizə bir şeir de, biz də o sənədi verək... - Video

12 Fevral 2018 21:11 (UTC+04:00)

Bəzən olur, məclislərdə yaxınlaşırlar ki, dur bir şeir de. Deyirəm, a kişi, bura bağça deyil ki, şeir deyəm.

Bu sözləri Teleqraf.com-a müsahibəsində gənc və istedadlı aktyor Səfa Mehdi deyib. Müsahibəni təqdim edirik:

- Səfa, bu gün tanınmaq niyə asandır və ya niyə çətindir?

- Hər ikisi də kütləyə bağlıdır. Ad çəkmək istəməzdim, ancaq üzdə olan istedadsız adamları da yaxşı tanıyırıq ki, onlar necə asanlıqla tanınıblar və həmçinin üzdə olan istedadlı, ağıllı insanları da yaxşı tanıyırıq ki, necə çətinliklə tanınıblar. Yəni bəsit şeylərlə asanlıqla tanınmaq da mümkündür, zövqlü və lazımlı şeylərlə çətinliklə tanınmaq da.

- O zaman belə soruşum, kimlər üçün asandır, kimlər üçün çətin?

- Kütləyə gözlədiklərini verəndə səni asanlıqla qəbul edir. Bir az absurd iş ortaya qoyursan, başlayırlar söyüb, təhqir etməyə. Bu da bir müddət davam edir. Sonra sən olursan qəhrəman. Bu da bir prosesdir. Biri var, səni söyürlər, sonra qəhrəman olursan, biri də var, qəhrəman olursan, sonra söyürlər.

- Belə başa düşdüm ki, kütlədən narazısan...

- Faiz nisbəti ilə bəli, narazıyam. Yalan danışmaq istəməzdim. Üzdə olanları hər kəs görür. Uzaq tarixdən danışmırıq ki, bu günün reallıqları belədir.

- Bəs kütləni dəyişmək, maarifləndirmək üçün sən nə edirsən?

- Kütləni maarifləndirmək üçün, əvvəlcə özümü maarifləndirirəm. Bu hardasa mənim insan kimi missiyamdır. Məsələn, bu gün Oşonu, Bukovskini, Dostoyevskini oxuyub hansısa yaxşı məqamları öyrənirəmsə, o haqda video hazırlayıb insanlarla bölüşürəm. Bunun özü elə kütləni dəyişmək üçün atılmış addımdır.

- Sənin üçün necə, tanınmaq asan oldu, yoxsa çətin?

- Yəqin ki, heç kəs belə bir şey gözləmirdi ki, kimsə telefonla özünü çəkib şeir desin. Səsləndirənlər var idi, ancaq birbaşa kameraya şeir deyənlər yox idi. Hər şeyin ilki böyük partlayışa səbəb olur. Ancaq qazandığın kütləni əldə saxlamaq çox çətin olur. Yəni tez alışan, tez sönər. Mən tez alışdım, indi bu ocağı qoruyub saxlamaq lazım idi. Özü də bunu ədəbiyyatda, poeziyada etmək çox çətindir. Bu çətinliklərə baxmayaraq, o kütləni əldə saxlamağı bacardım.

- Son vaxtlar qiraət sahəsinə bir axın var. Peşəkar aktyorlar da, qeyri-peşəkar insanlar da şeir səsləndirirlər. Səncə, buna səbəb nədir?

- Sanki hər ilin öz dəbi var. Bir zamanlar hamı fotoqraf idi, sonra hamı model oldu, daha sonra hamı gitarada mahnı oxudu, indi də şeir səsləndirmək dəbdədir. Ancaq düşünürəm ki, bu dövr də keçəcək. Hamı bir-bir ələnəcək, peşəkarlar yenə yoluna davam edəcəklər.Yoxsa, bu gün fotoqraf olmaq dəbdədirsə fotoqraf olum, sabah qiraət dəbdə olsa qiraətçi, bu məntiqlə yaşamaq və uğur qazanmaq olmaz.

- Peşəkar aktyorların birdən-birə qiraətə axını nə ilə əlaqədardır? Teatrda, kinoda rol ala bilmədikləri üçünmü?

- Buna bir növ taktika deyərdim. Rejissorun, səhnən olmadan, öz rejissorun, öz aktyorun olursan, öz səhnəni yaradırsan və bütün baş verənləri telefonun kamerası ilə lentə alırsan. Bax mən bu dediklərimi etməklə, yəni telefonla pul qazanıram. Mən nə kinodan, nə də teatrdan pul qazanıram.

Qaldı ki, bəzi aktyorlar, bayaq danışdığımız mövzudur, hamı edir, mən də edim. Yəqin ki, bir müddət sonra yenə teatra, kinoya qayıdacaqlar. Bu, ruh məsələsidir. Gərək hiss edəsən ki, bu iş sənlikdir, ya yox. Şeir səsləndirmək içindən gəlməlidir. Həm də aktyorlar şeir deməyə maddi sıxıntılara görə üz tuturlar. Toylarda tamadalıq edənlər də olur. Hardasa başa düşürəm ki, teatrın maaşı ilə dolanmaq çətindir, ona görə bu hallar baş verir.

- Bəs sənə necə, tamadalıq etməyin üçün təklif edənlər olurmu?

- Bəzən olur, məclislərdə yaxınlaşırlar ki, dur bir şeir denən. Deyirəm, a kişi, bura bağça deyil ki, şeir deyəm.

Deməli, bir dəfə başıma belə bir maraqlı hadisə gəldi. Bir yerdən sənəd almalı idim, orda işləyən həkimlər məni tanıdılar. Mənə dedilər ki, sən bizə bir şeir denən, biz də o sənədi sənə tez bir zamanda veririk. Mən də dedim ki, razıyam, ancaq bir şərtim var, mən burda sizə şeir deyəcəm, siz də xəstələrin iynəsini bayırda vuracaqsız. Hamısı təəccüblə soruşdu ki, o necə olur? Dedim, mənim işim səhnədə aktyorluq etmək, şeir deməkdir, sizin işiniz də burda. Siz necə ki, bayırda iynə vura bilmərsiz, mən də burda şeir deyə bilmərəm. Sənədi verib dedilər ki, götür get, heç nə lazım deyil.

Belə hadisələr çox olur. Bu, mənim ürəyimdən gəlməlidir, kimsə zorla harda və necə gəldi şeir istəyə bilməz məndən. Tamadalıq da etməmişəm, ancaq aparıcı kimi dəvət olunuram. Həm bu da mənim işimdir, tədbirlər təşkil edirəm, tədbirlər üçün ssenari yazıram, aparıcılıq da həmçinin.

- Ancaq əməkdar artistlərimiz, xalq artistlərimiz olub ki, toylarda tamadalıq ediblər və edirlər. Bu, nədən irəli gəlir, maddi ehtiyacları ödəmək üçünmü, yoxsa, bu da sənətin bir qoludur?

- Elə aktyorlarımız olub. Düşünürəm ki, bu elə maddi sıxıntılardan irəli gəlir. Heç bir aktyor istəməz ki, gedib toylarda tamadalıq etsin. Bir aktyor nə teatrdan, nə də kinodan pul qazanırsa, o ailəsini saxlamaq üçün gedib tamadalıq edəcək də. Qınamaq da olmur.

- Deməli, teatrda işləməklə ailə dolandırmaq mümkün deyil?

- Heç vaxt. Mümkün deyil. Mən artıq teatrdan uzaqlaşmışam. Heç bir teatrda işləmirəm.

- Nə üçün?

- Teatr mənim vaxtımı alır.

- Bəs bəzən deyirlər ki, aktyor səhnəsiz yaşaya bilməz. Bu fikir sənə aid deyil?

- Mən yenə səhnədəyəm. Bu imkanları özüm üçün yaradıram, şeir gecələri keçirirəm, loru dildə desək, qurdumu orda öldürürəm.

- Səhnə üçün darıxmırsan?

- Elə şeylər görürsən, yaşayırsan ki, darıxmırsan.

- Nələr gördün, nələr yaşadın və niyə Rus Dram Teatrından uzaqlaşdın?

- Bilirsiz, mən bu teatra gələndə onsuz da bilirdim ki, çox qala bilməyəcəm. Çünki tamaşalar rus dilində olurdu, tamaşadan sonra mən yenə Azərbaycan dilində danışan dostlarımın yanında olurdum və təbii ki, bu da mənim üçün çətinlik yaradırdı. Yəni bu mənim üçün bir mərhələ oldu, keçdim, getdim.

- Başqa teatrlardan təkliflər oldumu?

- Bəli, oldu. Elə ən yaxşı təklifi Akademik Milli Dram Teatrından almışdım. Özü də əsas rol üçün.

- Hansı tamaşa idi?

- “Quranın çiçəkləri” tamaşası. Mənim üçün böyük hadisə idi. Tamaşanın bir hissəsini hazır etdik, dedilər ki, sənə bu qədər pul verəcəyik. Dedim, mənə desəydiz ki, tamaşanı pulsuz oyna, məmnuniyyətlə qəbul edərdim və oynayardım. Bu nə məbləğdir təklif edirsiz, heç mənim yemək pulum deyil. Heç olmasa, bunu mənə deməzdiniz, daha hörmətli olardı. Bu məni təhqir etməkdir. Tamaşanı yarımçıq qoydum və imtina etdim.

- Akademik Milli Dram Teatrın səhnəsində kiçik rol almaq belə bütün aktyorların arzusudur, sən isə əsas roldan imtina etmisən. Qınayanlar oldumu?

- Bir çoxu qınadı. Dedilər, sən nə etmisən, a kişi, inanmırıq belə şey edəsən, ola bilməz. Ancaq dedim ki, bu sizin üçün təəccüblüdür, mənim üçün Akademik Milli Dram Teatrı elə özüməm.

Adını çəkməyəcəm, bir müəllim var idi, az qaldı məni öldürsün. Dedi, sən neyləmisən? Mən illərdir ki, o səhnədə oynamaq üçün nələr etmişəm, sən imtina etmisən? İnamırdı.

- Belə başa düşdüm ki, artıq aktyorların səhnə üçün hər şeyi gözə aldığı o dövr geridə qalıb. İndi sənət eşqi maddiyyata uduzur.

- Bəli, reallıq budur. Reallıq bunu tələb edir. Hansısa bir gənc bu məbləğ qarşılığında səhnəyə çıxmaqdan imtina etməli idi, etiraz etməli idi. Yoxsa, bu həmişə belə də davam edəcək. Ola bilər ki, onlar dəyişməsinlər, amma sən özün dəyişməlisən və oradan uzaqlaşmalısan. Qəpik-quruşa aktyor işlətməzlər.

- Şöhrət tərəfini demirəm, bu, hər kəsə məlumdur, qazanc əldə etmək baxımından qiraət sənə nə qazandırdı?

- Şeir gecələri etdim, tədbirlərə dəvət etdilər, Azərbaycanda bütün sənətçilərin ən çox arzuladığı və çıxış etmək istədiyi Heydər Əliyev adına sarayda aparıcılıq edib, şeir demişəm. Nə üçün? Şeir dediyim üçün. Bunların qarşılığında da qonorar almışam. Məclislər də olur, dəvət edirlər. Məsələn, tez-tez Şamaxıya dəvət edirlər. Çünki Mirzə Ələkbər Sabir şamaxılıdır, məni də orda çox sevirlər və bütün tədbirlərində iştirak edirəm.

- Sənin üçün Sabir kimdir?

- Sabir mənim üçün xilaskardır. Ən azından mənim xilaskarımdır. Mənim teatrdan sosial şəbəkələrə keçməyimə və yenidən səhnələrə qayıtmağıma səbəbkardır. O mənim həyatımda əhəmiyyətli yer tutur. Mən onun həyatını oxuyanda başa düşürəm ki, Sabir çox böyük adam olub və çox böyük işlər görüb. İndi bəzən onun özünü tənqid edirlər ki, cəmiyyətimizin pis tərəflərini bizə göstərirdi. Anlamırlar ki, yaxşı tərəfləri yazanlar var idisə, pis tərəfləri yazanlar da olmalı idi. Onu tənqid edənlər kaş, onunla eyni dövrdə yaşayaydılar, görəydik yaşaya bilirlərmi. O adamlar mübarizə aparıblar və onların mübarizəsi bu gün də davam edir.

- Sabirin şeirlərindəki personajlara rast gəlirsənmi heç?

- Əlbəttə, elə adamlar hələ də var. Yenə uşaqları məktəbdən yayındırırlar, onlara aid olmayan işlərə cəlb olunurlar, azyaşlı qızları ailə qurmağa məcbur edirlər.

- Belə bir fikir varmı ki, Sabir haqqında film çəkilə və sən də onun rolunu ifa edəsən? Təkliflər varmı?

- Yox, belə bir təklif yoxdur, ancaq şeir gecələrimin birində düşündüm ki, onun obrazı ilə səhnəyə çıxım, sadəcə, bu tək mənim bacara biləcəyim iş deyildi, gərək qrim edən adam da ola. Sonra düşündüm ki, bunu ayrıca video kimi hazırlaya bilərəm. Sabirin şəhər gəzintisi və s. Yəqin ki, nə zamansa edəcəyik.

- Yeni filmlərdə niyə səni görmürük?

- Çünki yeni filmlərin hamısı komediya janrındadır.

- Komediya filmlərində oynamaq istəmirsən?

- Komediya oynamışam. Təzəlikcə oynamamışam. Gözləyirəm ki, dram filmləri çəkilsin, mən də oynayım. Demirəm, komediya filmlərində oynaya bilmərəm, əslində, Sabirin şeirlərini elə komediya aktyorları səsləndirə bilər. Ancaq bizim komediya anlayışımız dəyişib, bundan qorxuram. Mənim öyrəndiyim komediya belə deyildi. İndikilər sözlə güldürürlər, ancaq mən öyrənmişəm ki, vəziyyət gülüşü olmalıdır. Yaxşı filmlər də var, amma hamısı yox.

- Ancaq sənin müəllimin mərhum Telman Adıgözəlov komediya janrına daha yaxın idi. Sən niyə dram janrına bu qədər meyillisən?

- Mən bir az başıbəlalı tələbə olmuşam. 4 müəllimim olub. Gülşad Baxşıyeva, Telman Adıgözəlov, Cəfər Namiq Kamal və Qorxmaz Əlili. Hər biri böyük sənətkarımızdır və hər birindən nəsə öyrənmişəm.

- Bəs səni qorxudan nədir?

- Mən istəmirəm ki, insanların yaddaşında bir obrazla qalım. Bilirəm ki, komediya oynasam, sonra hara getsəm, məni ancaq o obraza görə tanıyacaqlar. O qədər belə aktyorlarımız var ki, bir rolla yadda qalıblar. Nə qədər ciddi rol oynasalar da, insanlara səmimi gəlmir.

- Səfa Mehdi gülmək istəyəndə kimlərə baxır?

- Hər gün ən azı bir Hollivud filminə baxıram. Açığı, yerli komediya filmlərinə baxmıram. Çünki o filmləri çəkənlərin sosial şəbəkələrdəki fəaliyyətini bilirəm, ona görə heyfim gəlir ki, pul verib gedim kinoteatrda baxım. Amma ciddi filmlərimiz üçün kinoteatrlara gedirəm.

- Dram filmlərimiz daha keyfiyyətlidir?

- Ümumiyyətlə, dram filmləri həmişə komediyaya uduzur. Bu yolda müəyyən yerlərə gəlib çatmaq lazımdır. Məsələn, “İkinci pərdə” filmi çox yaxşıdır. Hələ ki, ən yaxşı dram filmi kimi onu deyərdim.

- “Qulyabani” filminin təqdimatına getmişdinmi?

- Yox, mən həmin gün “Azadlığın 50 çaları” filminə baxdım. “Qulyabani” filmini çəkənlər dostlarımızdır, ancaq məni dəvət etməmişdilər. Görünür, layiq bilməyiblər.

- Yeni çəkilən filmlərə dəvət olunmayanda içində bir qısqanclıq yaranırmı?

- Bu sualı məndən 3 il qabaq soruşsaydılar, cavab verərdim ki, ürəyim partlayır, niyə filankəsin yerində mən deyiləm, ancaq bu gün üçün cavabım budur ki, hər şeyi özüm etməliyəm, öz işlərim stimul olmalıdır mənim üçün, komanda yığmalıyam. Bu fikirlər mənə daha da güc verir. Hazırki fəaliyyətim də məhz o nöqtəyə gedir çıxır, yəni filmə.

- Bəzi gənc aktyorlar, rejissorlar xaricdə təhsil almaq üçün getdilər. Sənin də fikrin varmı?

- Mən Vyanaya Universitetinə getməli idim. Bütün sənədlərim də hazırdır, universitetdən razılıq cavabı da almışam. Sadəcə, gedə bilmirəm. Çünki Avropadır, hər şey bahadır. Tələb olunan məbləğ isə məndə yoxdur. Ona görə də, alınmır. Ancaq 3 il vaxtım var. 3 il ərzinə nə vaxt o məbləği əldə etsəm, gedə bilərəm.

- Kimlərdənsə kömək istəmisənmi?

- Xeyr, heç kəsdən kömək istəməmişəm. Dövlət xətti ilə də alınmır, çünki mənim oxumaq istədiyim universitet proqramda yoxdur.

- Bizim aktyorlardan kimlərdən öyrənirsən?

- Fəxrəddin Manafov, Rasim Balayev, İlqar Cahangir, çox istərdim ki, kurs açalar. Teatrlar da çox şey öyrədir aktyora. Öyrənmək istəyən hər yerdə öyrənir.

Elnur Muxtar