Dünən ad günü, bu gün vida saatı... - Foto/Yeni

13 Fevral 2018 15:36 (UTC+04:00)

13:21

Cəfər Cabbarlının qızı Gülarə Cabbarlının dəfn mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, vida mərasimi Təzəpir məscidində keçirilir. Vida mərasimində tanınmış şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.

Mərhum saat 15:00-da Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 88 yaşlı Gülarə Cabbarlı ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

***

13:33

Akif İslamzadə bildirib ki, Gülarə xanımla görüşəndə huşu yerində olub:

"Son dəfə onunla bir ay əvvəl evində görüşdüm. Uşaqları xəbər aldı, xeyli söhbətləşdik. Qızı Qəmərlə bir oxumuşdum. Bizim həyətə gəlin köçmüşdü. Gediş-gəlişimiz də elə o vaxtdan yaranmışdı".

***

14:11

Gülarə Cabbarlı həmişə həyat eşqi ilə dolu, mənən zəngin bir xanım idi.

Teleqraf.com xəbər verir ki, bunu mərhumun oğlu Bəhlul Seyfəddinoğlu deyib.

Onun sözlərinə görə, anası 88 yaşı tamam olan günün ertəsi gözlərini əbədi yumub: "Ürəyində problemlər vardı. Düşünürəm ki, ölümünə ürəyi səbəb oldu. Son günlərəcən onun heç bir zehni problemi yox idi. Ağlı başında, yaddaşı yerindəydi. Heç kimi incitməzdi. Bir neçə dəfə ürəyində problem yaransa da, hər dəfə həkimlər onu kritik vəziyyətdən çıxartmağa müvəffəq olmuşdular.

Sanki ürəyinə dammışdı ki, daha son saatlarıdır. Bir-bir hamımızla görüşdü. Bizdən və Allahından razılıq etdi. Vəsiyyəti o oldu ki, bu günəcən babanızın adını ləkələməmisiz, bu gündən sonra həm onun, həm də mənim adımı qoruyun.

Bir də hər kəsdən üzr istədi ki, kiminsə xətrinə dəymişəmsə haqqını halal etsin.

Xeyli müddət Cəfər Cabbarlı adına muzeydə işləmişdi. Daha sonra ev muzeyi təşkil edildi və uzun müddət orada direktor vəzifəsində çalışdı. Gücü çatan qədər Cabbarlı irsinin qorunmasında və tanınmasında zəhmət çəkdi. Bu istiqamətdə bütün işləri yekunlaşdırmağa vaxt tapdı. Onun əsərlərinin çapına zaman ayırırdı.

Bundan sonra onun davamçısı bizik. Bacım Qəmər xanım hazırda ev muzeyinin direktorudur. Yeni layihələr hazırlanır. Sağ olsun, hər kəs bizə bu istiqamətdə dəstək olur".

Mərhumun qızı Qəmər Seyfəddinqızının sözlərinə görə, Gülarə Cabbarlı uzun illər Azərbaycan mədəniyyətinə xidmət göstərib.

Qəmər xanım deyib ki, mərhumun vəziyyəti ölümündən 1 həftə əvvəl pisləşib: "Biz onun ad günündə bir yerə toplaşdıq və öz aramızda kiçik bir məclis qurduq. Keçən il də ürəyində problem yaranmışdı, sağaldı. Amma bu dəfə ürəyi dözmədi".

Gülarə Cabbarlı ilə vida mərasimi başa çatıb.

Qeyd edək ki, Gülarə Cəfər qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ailəsində anadan olub.

1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb. 1979-cu ildə C.Cabbarlının ev muzeyinə direktor vəzifəsinə təyin olunub. Prezident təqaüdçüsü idi.