Avropa ölkələrinə vizasız gediş... - Deputatdan təklif

13 Fevral 2018 17:21 (UTC+04:00)

Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız getməsi məsələsi gündəmə gəlməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili xüsusən, qonşu ölkələrlə bağlı viza məsələsinin həllinin labüd olduğunu deyib:

“Bu yaxınlarda məlumat oxudum ki, Azərbaycan pasportu dünya dövlətləri arasında hörmətinə görə 70-ci yerdədir. Hesab edirəm ki, 200 ölkə arasında bu heç də aşağı göstərici deyil. Bu hörmət həmin ölkənin vətəndaşlarının neçə ölkəyə vizasız getməsi ilə bağlıdır. Təklif edirəm ki, Azərbnaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız getməsi məsələsi gündəmə gətirilsin. Gürcüstan bu məsələni həll edib. Azərbaycan vətəndaşlarının İran, Türkiyə ilə viza məsələsi tanmamilə aradan qaldırılmalıdır”.

Millət vəkili bu günlərdə Avropa Parlamentində Azərbaycan dostluq qrupu yaradılmasının böyük uğur olduğunu da qeyd edib:

“Bu münasibətlə Oqtay müəllim sizi və deputat həmkarlarımı təbrik edirəm. Bu, Azərbaycan üçün çox önəmli məsələdir. Avropa Parlamentinin 60 üzvü Azərbaycanla dostluq qrupuna üzv olub. Bu sayın artmasını arzu edirik. Azərbayacan qarşı əks təbliğat kampaniyasının genişləndiyi vaxtda bu, çox böyük uğurdur. Hökümətimiz çalışmalıdır ki, təkcə diplomatlar və xidməti pasport daşıyıcıları yox, Azərbaycan Respublikasının bir çox vətəndaşları da Avropa ölkələrinə vizasız gedə bilsin”.