Biz Yaqub Mahmudovun opponentlərinə öz «dillərində», yəni onların müxtəlif saytlara sızan məqalələri tipində - təhqirlərlə, iftiralarla, şəxsiyyəti alçaldan sözlərlə dolu yazı ilə cavab vermək istəmədik. Aşağıdakı yazıda biz Azərbaycan tarix elminin uğurlarını təsbit etməklə və Yaqub Mahmudovun Azərbaycan tarix elmindəki xidmətlərini göstərməklə, onun opponentlərinə Yaqub Mahmudovun adına layiq - əsl alim və vətəndaş qismində cavab veririk.
Müasir dünyada elmi fikirlərin, mülahizələrin, ideyaların yayılması və təbliği indi təkcə ənənəvi sayılan nəşr formasında monoqrafiya, məqalə, məruzə vasitələri ilə deyil, həm də/daha çox elektron vasitələrlə mümkünləşir. Bu, bir tərəfdən, elmi yeniliklərin ictimaiyyətə daha sürətlə çatdırılmasını təmin edirsə, digər tərəfdən, istənilən ideyanın, o cümlədən qərəzli fikrin, etnik və milli qaşıdurmalara, sosial gərginliyə dəstək verə biləcək mühakimənin də yayılmasına rəvac verir. Bu səbəbdən, müasir tarixçinin üzərinə daha böyük məsuliyyət düşür: təkcə məhdud sayda bir elmi dairə üçün deyil, milyonları ehtiva edən auditoriya üçün nəzərdə tutulmuş web-aləmdə obyektiv, siyasi və ideoloji yükü olmayan, qərəzsiz tarixi yaymaq və təbliğ etmək.
Azərbaycan uğrunda və Azərbaycançılıq adına elmi dairələrdə və beynəlxalq məclislərdə mücadilə Yaqub Mahmudovun bir tarixçi və bir vətəndaş olaraq taleyinə yazılmışdır. Amma son onilliklərdə bu mücadilənin yeni bir şaxəsi də yaranıb – web aləmdə həmfikirlərinin dəstəyilə yanaşı, «özümüzdən» və Rusiyadan, Ermənistandan, İrandan olan opponentlərinin güclü müqavimətinə qarşı mübarizə aparmaq.
Son bir neçə ildə İnternet saytlarında geniş yayılmış müxtəlif yazılarda, istər müsahibələrdə, istərsə də web-məqalələrdə bu opponentlər görkəmli tarixçi Yaqub Mahmudovu «Azərbaycanın milliyyətçi-şovinist tarixçisi», «Azərbaycanın Yeni Ziya Bünyadovu», «Şaumyanı ikinci dəfə gülləyən adam» və s. tipdə damğalarla adlandırmaqdan çəkinmirlər. Bu reaksiyalar, bir tərəfdən, qonşu ölkələrin bəzi üzdəniraq elmi və ictimai dairələrinin Azərbaycana və Azərbaycan tarixçisinə qarşı əsl simasını üzə çıxarır, digər tərəfdən, Azərbaycan tarix elminin böyük uğurlarını da təsbit edir.
Məsələn, təkcə elə ermənilərin Yaqub Mahmudovun yazılarına, elmi və ictimai fəaliyyətinə reaksiyasını, web-aləmdə əsl düşmənçilik hərəkətlərini təhlil etsək, bu yazdıqlarımızın həqiqiliyi ortaya çıxar. Əvvəlki yazılarımızda da qeyd etmişik ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini vərəq-vərəq izləmək və ən başlıcası – dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Yaqub Mahmudov rəhbərlik etdiyi Tarix İnstitutunun əməkdaşları ilə birgə «26 Bakı Komissarları» adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımın gerçək tərəflərini üzə çıxarmışdır: 2009-cu ilin yanvarında Bakı şəhəri Sahil bağındakı «26-lar»a məxsus məzarlıq açılarkən burada 23 cəsədin (26 deyil!) qalıqlarının aşkar edilməsindən dərhal sonra - 2010-cu il mayın 26-da Azərbaycan MEA və Baş Prokurorluq tərəfindən birgə elmi-istintaq araşdırma qrupu yaradılmış və Tarix İnstitutunda müvafiq elmi araşdırmalara başlanmışdır. Bu araşdırmaların ilkin nəticələri öz əksini Yaqub Mahmudovun həmmüəllifi olduğu «Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı» adlı kitabda tapmışdır (Bakı, 2009). Əslində bu kitab Tarix İnstitutunun uzunmüddətli böyük bir layihəsinin tərkib hissəsidir. Kitabda «Daşnaksütyun» partiyası Bakı Komitəsinin üzvü S.Şaumyanın başçılıq etdiyi qrupun Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımın indiyədək məlum olmayan səhifələri işıqlandırılmışdır.
Bu həqiqət, təbiidir ki, ermənilərin ağlasığmaz kəskin reaksiyasına və Azərbaycan tarixi ilə bağlı yeni uydurmalarına, ən başlıcası, Yaqub Mahmuova qarşı böyük bir kampaniyanın başlanmasına səbəb olmuşdur. «26 Bakı Komissarları» adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımın gerçək tərəflərinin üzə çıxarılmasını «həzm» edə bilməyən ermənilər öz İnternet-saytlarında Yaqub Mahmudovu «milli-şovinist» ruhlu tarixçi adlandırır, Şaumyana qarşı «faşist» yonlü kampaniya aparıldığını qeyd edir, Azərbaycan tarixçisinin bu fəaliyyətinin əslində bütün Azərbaycan dövlətçiliyi üçün səciyyəvi olan «məzarlıq» siyasətinin tərkib hissəsi olduğu haqqında fikirlər sayıqlayırlar.
Bu tip reaksiyalar ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi digər cinayətlər, o cümlədən 1918-ci ildəki soyqırımları ilə bağlı Yaqub Mahmudovun və onun məktəbinin apardığı digər araşdırmalara qarşı da davam etməkdədir. Belə ki, 2007-ci ilin aprelində Qubada aşkarlanan kütləvi məzarlıqda erməni vəhşiliyinin sübuta yetirilməsi istiqamətində Tarix İnstitutunun Azərbaycan Respublikasının Baş Prokurorluğu, Milli Təhlükəsizlik və Səhiyyə nazirlikləri, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə birgə fəaliyyəti nəticəsində 1918-ci ildə Bakı şəhəri, Şamaxı və Quba qəzalarında baş vermiş soyqırımı, zorakılıq və talan faktları üzrə Milli Arxiv İdarəsində saxlanılan cinayət işlərinin surətləri çıxarılmış, digər ölkələrin arxivlərindən böyük sayda sənədlər toplanmışdır. Hələ 1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyasının istintaq materialları dünya ictimaiyyətinə çatdırılmaq üçün ingilis, fransız və rus dillərinə tərcümə edilmiş, bir sıra tarixi əhəmiyyətli sənədlər Baş Prokurorluğun saytında yerləşdirilmişdir. Bakı şəhərində 1918-ci il qırğınlarına dair Dövlət kino-foto sənədlər arxivində saxlanılan 19 fotoşəklin surətləri iş materiallarına əlavə edilmişdir. Bu araşdırmaların tərkib hissəsi olaraq 2011-ci ilin sentyabrında AMEA-nın Tarix İnstitutu və Baş prokurorluq tərəfindən «Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda dinlənilən məruzələr, təsbit edilən tarixi faktlar aparılan araşdırmaları zənginləşdirmişdir.
Yaqub Mahmudovun tədqiqatlarında Azərbaycanın tarixi torpaqlarının xüsusi yer tutması, «itirilmiş torpaqlar» konsepsiyası çərçivəsində İrəvanın, Təbrizin, Dərbəndin, Borçalının tarixinin yenidən və əhatəli tədqiqi də onun xaricdəki opponentlərinin qəzəbinə səbəb olmuşdur. Bir-birinin ardınca Ermənistanın, İranın, Rusiyanın, Dağıstanın, Gürcüstanın İnternet saytlarında Yaqub Mahmudova qarşı kampaniya yeni vüsət almışdır. Saytlarda yer alan qərəzli yazılarda həm görkəmli tarixçiyə, həm də Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə qarşı kəskin çıxışlar edilmiş, Azərbaycanın tarixi torpaqlarına iddialar bu dəfə də online şəkildə davam etdirilmişdir.
Qeyd edək ki, adları çəkilən ölkələrin saytlarında bu tipli yazılar böyük saydadır, lakin öz qərəzliliyi, elmə zidd fikirləri, açıq-aşkar «qarayaxmalar»ı ilə geniş auditoriya qazanması mümkünsüzdür.
Yaqub Mahmudovun bir alim və ictimai xadim kimi fəaliyyətinə layiqli qiymət verən, obyektiv, qərəzsiz və doğru yazılarla zəngin saytlar on minlərlədir və təbii ki, oxucu auditoriyası daha genişdir.
Əsl elm, əsl alim, əsl Tarix – qeyri-obyektivlikdən, şəxsi qərəzdən, müxtəlif siyasi və şovinist təmayüllü mühakimələrdən çox-çox üstdədir və üstündür!
Yeganə Gözəlova, Bakı Dövlət Universitetinin dosenti,
tarix üzrə fəlsəfə doktoru