12 İyun 2016 19:19
2 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ingilis rəssamı və kolleksioneri Demyen Horst və yenə tanınmış ingilis dizayneri Aleksandr Makkyinin birgə işlədiyi, ilk baxışda sadə, amma son dərəcə təsirli bir reklam çarxı var. Şərf reklamına həsr olunmuş klipdə bir qadının bədənindən, varlığından özünə oxşar başqa birisi ayrılır, qopur, sonra yenə başqa birisi...

Sanki sərhədlər yoxdur, hüdudlar itib, insan zərif parçaya, zərif parçanın materialı insana – qadına qarışır və hər dəfə yüngül küləyin toxunuşu ilə onlar bir-birindən asanca ayrılıb yenidən birləşirlər.

Bu barədə danışarıq, öncə qəhrəmanımızı tanıdıq.

Hələ bir müddət qabaq müxbirimiz Kənd Təsərrüfatı Muzeyindən reportaj hazırlayarkən onun əl işləriylə tanış olmuşduq. 60-dan artıq toxumaları muzeydə saxlanan Təranə Qurbanlı üçün də bütün sənət sahələri bir nöqtəyə, bir mənbəyə, bir qaynağa bağlanır. Bütün humanitar sahə incəsənətdir – deyir. On beş ilə yaxın muzeydə çalışmış – əvvəl baş mütəxəssis, sonra ekspozisiya şöbəsinin müdiri –həmsöhbətimiz deyir ki, bu sənətə uşaqlıqdan maraq göstərib:

“Balacalıqdan rəssamlığa meylim vardı, əvvəl karandaşla, sonra akvarellə şəkillər çəkirdim. Müxtəlif dərnəklərə gedirdim, biri də doldurma-tikmə dərnəyi idi. Doldurma belədir ki, əvvəl naxışın kənarları götürülür, sonra içi doldurulur. Azərbaycanda təkəlduz, güləbətin, pilək kimi tikmə növləri var.

Uşaqlıqdan toxuyirdum, iki mil, iki milçə ilə işləyirdim. Bir ara jurnalistikaya həvəs göstərsəm də Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinə daxil oldum. Məktəbdə oxuyanda ədəbiyyat müəllimi olan anamın abunə yazıldığı “Qobustan” jurnalında Cavad Mircavadovun rəsmlərini görmüşdüm, sonralar Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin əsərlərinə valeh oldum.

Rəssamlığı seçməməyimin başlıca səbəbi qəribə görünsə də atamın dərs dediyi fəndə zəifliyimidi. Atam tanınmış riyaziyyat müəllimidir, ancaq mən riyaziyyatı yaxşı qavramırdım. O illərdə isə rəssamlığa qəbulda riyaziyyatdan imtahan verməliydin...”

Beləliklə, anasının fənnini seçir, ancaq görünür, “nəsil kultu”nun da öz diqtəsi olur: “Dayım rəssamıdı, bibilərimin yaxşı toxuma qabiliyyəti vardı, mənsə hər halda özümü ifadə eləmək istərdim. Muzeydə toxumalar belə ərsəyə gəldi...

İlk dəfə qurama tikdim. Bilirsiz, qurama məişətə bağlı qənaət məqsədi daşıyan qadın sənətidir. Artıq-urtuq parçaları yanaşı qoyub ondan nəsə düzəldirsən. Bu özü də sübut edir ki, incəsənət, lap olsun tətbiqi incəsənət, bizim həyatımızın bütün sfrelarında özünü göstərə bilir. İncəsənətsiz həyat mümkün deyil. Birinci əlimə keçən zərli parçadan buta düzəltdim – yaşıl, qırmızı. Sonra başladım yun saplardan dekorativ əşyalar toxumağa. Artıq özümçün toxumurdum...

Öncə səməni toxudum, qəşəng alındı. Səməni asan deyildi, cürbəcür əlavə materialdan istifadə elədim. Düşündüm ki, bunu bacardımsa Novruz xonçası da toxuya bilərəm”.

Beləcə, Təranə Qurbanlının 60 toxuma eksponatı ortaya çıxır və o, hamısını təmənnasız muzeyə təhvil verir: “Muzeydə gildən kiçik qablar da düzəltdim. Orda gil gördüm, dekorativ gildən müxtəlif etnoqrafik əşyalar düzəltdim: kuzə, teşt, aşsüzən... Onlar da muzeydə durur”.

Təranə Qurbanlı yaradıcılığı sərhədsiz sahə sayır, onu təkcə özünüifadə vasitəsi yox, həm də müəyyən mənada həyat tərzi kimi qəbul edir: “Bilmirəm bu nəylə bağlıdı, izah vermək çətin, onu yaşamaqsa gözəldir... Məsələn, çox istəyirəm evdə qədim mis qablar olsun, döşəməyə palaz sərilsin, divar boyu mütəkkələr qoyulsun. Samovar olsun. Açığı, mən evdə interyerin müasir dəbdə olmasını istəmirəm.

Öz geyimlərimdə də bu qədimlik və millik özünü göstərir. İndi büsbütün milli paltar geymək olmur, amma geyimlərimə nəsə qədim milli ştrixlər əlavə eləməyi xoşlayıram. Bakıdan, Türkiyədən qədimi sırğalar, üzüklər almışam. Kəlağayı kolleksiyam var. Kəlağayı bağlamağı da xoşlayıram. Nə zamansa bu qadın baş örtüyündən sərgi keçirməyi arzulayıram...”

O, adi həyatın axarıyla razılaşmır, başqalarına əhəmiyyətsiz görünən şeylərdən insanları təsirləndirəcək əsərlər ərsəyə gətirməyin gerçəkliyinə inanır: “Biri var adi insanlar, biri də var az-çox qeyri-adilər... Hər kəs özündə qeyri-adi bir şey kəşf edə bilər. Mənimçün incəsənət həyatın bir hissəsidi – ya o, mənimlə məşğul olur, ya mən onunla. Teatrdan, kinodan pop və opera musiqisinə qədər. Kitablarda cavabını tapmadığın suala bəzən bir mahnı aydınlıq gətirir...

Həyatda gözəl olmayan heç nə yoxdu, onu hiss eləmək lazımdı. Bəzi adamların adi baxdığı bir şeyi, hadisəni, görüntünü mən sevə, ondan təsirlənə bilirəm. Yağış yağır, bəziləri bundan zövq alır, bəziləri palçığa baxır... Məsələn, xəzəli xoşlayıram. Onu süpürgəçiləri süpürüb atanda bəlkə də hirslənirlər.

Demyen Horst sadəcə kətan üzərində tablo yaradan sənətkar deyil. Onun işləri çox məşhurdur, statistikaya görə, dünyanın ən varlı rəssamlarındandır. Horstun qəribə sərgiləri olur. Bir sərgisində ölmüş heyvanları xüsusi maddədə saxlayıb nümayiş etdirmişdi, böyük ajiotaj yaratmışdı. 2013-cü ildə başqa bir sərgisi geniş əks-səda doğurdu. Həmin sərgidə salona 9 minə yaxın kəpənək buraxılmışdı.

Kəpənəklərin ömrü azdı axı. Tamaşaçıların gözü qarşısında zərif kəpənəklər uçur, uçur, yerə sərilir və ölür. Görünür, rəssam bununla incə bir ölümün, yaxud faniliyin canlı rəsmini göstərmək istəyib. Düzdü, sərgi heyvanları mühafizə cəmiyyətləri kəskin tənqidlərlə qarşılaşdı.

Bilirsiz, hərdən mənə elə gəlir Aleksandr Makkyinlə Demyen Horstun şərf reklamını kəlağayılar üçün də eləmək olar... Külək vurur, qadının silueti qabarır, çərçivələr qırılır, aşılır...”

Çərçivə demişkən, tez-tez baxdığı tamaşalardan biri də Pantomim Teatrının repertuarındakı “Çərçivə” tamaşısıdır: “Ümumiyyətlə, pantomim tamaşalarını çox sevirəm. Şekspirin sonetləri əsasında hazırlanmış “Eşq”ə dəfələrlə baxmışam. Pantomimdə söz yoxdu, hərəkət, mimika, jest var, bir də musiqinin müşayiəti... Yəni söz yeganə ifadə vasitəsi ola bilməz.

Hərçənd “Çərçivə” tamaşasında final kədərlidir. Qəhrəman maneələrdən keçməyə çalışır, cəhd edir, amma axırda ölür. Kədərlidir, amma maraqlıdır. Bizim cəmiyyətin hadisəsidir.

Bəzən səhvən düşünürük ki, çərçivələr bizi tənzimləyir. Əksinə... Azadlıq tək bir insana aid anlayış deyil, həm də mühitdi. Əslində yaradıcılıq da sıxılmış insanın azadlığa canatımıdı. Nəsə yazır, tikir, toxuyur, çəkir və öz istədiyinə çatır, çərçivələri geridə qoyur”.

Təranə Qurbanlı uzun illər muzeydə çalışsa da “muzey əhvalı”nı məqbul saymır: “Bəzən tək qalmaq istəyirsən, bəzən ünsiyyətə ehtiyac duyursan, ancaq fikrimcə, insan tək yaradılmayıb. İnsanlarsız yaşamaq çox çətindi, əslində mümkün deyil. Mən işsiz qala bilmərəm. Bəlkə muzeydə toxumaların meydana çıxmasında bir səbəb də budur.

Bəzi insanlar düşünürlər ki, onların bütün məşğuliyyəti praktiki olmalıdır – ona gəlir gətirməlidir, fayda verməlidir, mütləq real tətbiqini tapmalıdır. Halbuki elə məşğuliyyət də var, onun mənəvi tərəfi daha üstündü. İnsan həmişə məqsədli addım ata bilməz... Yaradıcılıq təmənnanı sevmir.

Bizim öz yaşımıza və zamanımıza münasibətimiz də yetərli deyil. Müəyyən yaşdan sonra sanki bütün aktiv həyatımızı sonlayırıq, estetik baxımdan sönürük. İnsanlar var 50 yaşdan sonra daha bu paltarı geymək mənə yaraşmaz, filan hərəkəti etsəm mənə nə deyərlər kimi şeylər düşünür. Halbuki yaşlaşdıqca insan kənara çəkilib özünü çərçivəyə salmalı deyil”.

İnsan həyatının “əsas motivləri” erkən yaşda formalaşır; çəkməyə, yazmağa, tikməyə, toxumağa başlayır; nələr edirsə, sonra, zamanı gəldikcə onun ardıyla məşğul olur. Tutalım, tar çalmağı öyrənir, ansambla qoşulmasa belə, musiqiyə bağlanır:

“Uşaqlıqda musiqi məktəbinə getmişəm, pianinoda çalmışam. Məncə, hər bir insan heç olmasa bir musiqi alətində ifa etməyi bacarmalıdır. Hər bir evdə mütləq heç olmasa bir musiqi aləti olsa, yaxşıdır. Heç olmasa hərdən dınqıldadar...”

Təranə Qurbanlı tətbiqi incəsənət sahəsində yeni yaradıcılıq axtarışındadır, ancaq ən böyük sənət və bəlkə də incəsənət insanın öz həyatıdır. Bu da həmsöhbətimin son sözü: “Caz musiqisində cimseyşn deyilən bir məqam var. Yəni musiqinin bir yerində ifaçılar əsas ritmdən çıxmadan improvizə etməyə başlayırlar – saksafonçu, zərb aləti vuran, yaxud gitaraçı başlayır improvizə eləməyə. Cazda ən çox xoşuma gələn improvizasiyadır, çünki improvizasiyada sanki azadlığa və sonsuzluğa çağırış var...”

Təranə Qurbanovaın bəzi əl işlərini təqdim edirik.

Qurban Yaquboğlu


Müəllif:

Oxşar xəbərlər