17-19 iyun tarixində Bakıda "Formula-1 Avropa Qran-Pri" yarışları keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yarış günlərində paytaxtın mədəniyyət müəssisələri tam gücü ilə işləyəcək.
Teatrların repertuarda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub və subtitrlərlə təqdim ediləcək. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından nümunələr də təqdim ediləcək.
Ayın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası nümayiş olunacaq.
Dövlət Musiqili Teatrı da yarış ilə əlaqədar xüsusi repertuarla çıxış edəcək. Burada R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və O.Kazımi, R.Heydərin “Qızıl toy” səhnə əsərləri ingilis dilində subtitrlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək.
Azərbaycan Dövlət Rus Dram Teatrında 17, 18 və 19 iyun tarixlərində M.Lermontovun “Maskarad”, R.Kuninin “Həddindən ziyadə evli taksi sürücüsü” və P.Kalderon “Məhəbbətlə zarafat etmirlər” tamaşaları göstəriləcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tədbir günlərində “Çəkməli pişik” (Ş.Perro), “Mehmanxana sahibəsi” (K.Qoldoni), Rus xalq nağılı “Möcüzəli turp” və “Pəri cadu” (Ə.Haqverdiyev) tamaşalarını təqdim edəcək.
Dövlət Pantomima Teatrında isə 18 iyun tarixində Ç.Aytmatovun “Manqurt”, B.Xanızadənin “Fəlakət və insan”, B.Əhmədlinin “Son ştrix” tamaşaları nümayiş olunacaq.
Nizami Kino Mərkəzində Formula-1 ərəfəsində “Yalan illüziyası 2” bədii filminin və “Avropa Çempionatı – 2016” oyunlarının böyük ekranda nümayişinə başlanılıb.
Formula-1 günlərində muzeylər də öz iş qrafiklərinə uyğun fəaliyyət göstərəcəklər.
Nərmin