Dünən Azərbaycanın ikinci iri şəhəri Gəncədə regionun ən böyük kitab mağazası fəaliyyətə başlayıb.
Teleqraf.com xəbər verir ki, açılışda iştirak edən Gəncə şəhər icra başçısı Elmar Vəliyev 15 iyun milli Qurtuluş günü münasibəti ilə təbriklərini çatdırıb, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığını qeyd edib.
İcra başçısı daha sonra Gəncə Ədəbi mühitinin dünyaya bəxş etdiyi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi böyük mütəfəkkirlərin vətənində regionun ən böyük “Kitab evi”nin açılmasının heç də təsadüfi olmadığını vurğulayıb və buranın ziyalıların, ictimaiyyət nümayəndələrinin, xüsusən də, gənclərin sevimli məkanına çevriləcəyinə əminliyini ifadə edib.
“Kitabevim.az” layihəsinin rəhbəri filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq qeyd edib ki, Gəncədəki yeni kitab evində Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə minlərlə kitab yer alır və müxtəlif guşələrin olması oxucuların mütaliəsinə geniş imkanlar yaradır.
"Qoy-götür” və “Bukinist” şöbələrinin gənclərin mütaliə həvəsini xeyli artıracağını vurğulayan layihə rəhbəri mağazada istifadəçilərin sərbəst mütaliəsi üçün şərait yaradıldığını da vurğulayıb.
"Kitab evi" hər gün səhər saat 9-dan axşam saatlarınadək kitabsevərlərin ixtiyarında olacaq. “Kitab evi”nin fəaliyyətə başlaması münasibətilə iyunun 18-dən 1 iyul tarixinə qədər bütün kitablara 15-25 faizlik endirim kampaniyası nəzərdə tutulub.
Bəkir