20 İyun 2016 12:51
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin 25-26 iyun tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü və Əsli Səmədovanın kuratorluğu ilə “Ailə festivalı” adlı tədbir keçiriləcək.

Muzeyin mətbuat katibliyindən Teleqraf.com-a verilən məlumata görə, “Ailə festivalı” adlı tədbirin proqramı müxtəlif yaş həddinin maraqlarına cavab verəcək. Tədbirin qonaqları Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Burada eyni zamanda, xalçanın yaranma prosesi ilə tanışlıq,
ekspozisiya guşələrində müxtəlif maraqlı müsabiqələrin, muzeydə düzgün davranış və eksponatların dərk edilməsi məqsədilə oyunların keçirilməsi nəzərdə tutulub.

Festivalın yüksək səviyyədə təşkili və keçirilməsi üçün muzeyin əməkdaşları ilə bərabər Əsli Səmədovanın təşəbbüsü ilə buraya cəlb edilən könüllülər də iştirak edəcəklər. Bu yeni
təşəbbüs muzey məfhumunu genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı etmək məqsədi daşıyır. “Ailə festivalı”nın keçirilmə ideyası mədəni vakuumun doldurulmasında və ölkəmizdə ailəvi asudə vaxtın mədəni və əyləncəli keçirilmə məkanı kimi muzeylərin məşhurlaşmasında ilk addım olacaqdır. İlk təşəbbüs Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində baş tutacaq.

Muzeyin nəzdində olan Uşaq Muzeyi şöbəsi bu festival üçün, xüsusi olaraq valideyn və uşaqlar üçün maraqlı oyunlar, açıq dərslər hazırlayıb. Azərbaycan Xalça Muzeyinin bələdçiləri muzey kolleksiyası və xalça tarixi barədə 20 dəqiqəlik mini ekskursiyalar təqdim edəcəklər.

Tədbir proqramında əlavə olaraq uşaqlarla çalışan xüsusi qonaq kimi dəvət olunmuş təşkilatların (“Təməl Education Center” uşaq mərkəzi, “XXI Əsr Art Studio”), xalça və parça
sənayesi növlərini öyrənən həvəskarların (milli geyim və kəlağayı kolleksiyaçıları Ruslan Hüseynov və Fuad Cəbrayılov), masaüstü oyun yaradıcılarının (Sənan Mahmudov və Ayla
Mirzəzadə), illüstrasiya və animasiya üzrə rəssam Aidə Əmirovanın və başqalarının iştirakı da nəzərdə tutulur.

Festival çərçivəsində Əsli Səmədovanın təşəbbüsü, UNESCO-nun və xarici muzeylərin dəstəyi ilə “Milli İrsimiz” layihəsi Nyu-Yorkun Metropolitan muzeyinin ailə turu motivi əsasında hazırlanmış “Detallarda gözəllik” adlı xüsusi ailəvi marşrut xəritəsinin, Londonun Viktoriya və Albert Muzeyinin əlaqələndirici oyunlarının, muzey kolleksiyasını əks etdirən foto-ovların, xüsusi rəngləmə və pazlların, “Art-detektiv” müsabiqələrinin nümayişini təqdim edəcəkdir. Bundan başqa, ölkəmizdə ilk dəfə olaraq Elm Mərkəzlərinin və Muzeylərinin Avropa Assosiasiya (ECSITE) üzvlərinin materialları əsasında açıq dərslər və oyunlar məhz bu festivalda təqdim olunacaq. Festival çərçivəsində zaman səyahətləri barədə “Əli və Zümrüdün sehrli xalçası” nağılı müəllif tərəfindən oxunacaq və XVIII əsrdə Şuşada “Əjdaha” xalçalarının yaranması sirləri açıqlanacaqdır.

Tədbirlərin əksəriyyəti 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, lakin məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuş oyunlar da vardır. Oyunların bir çoxu məktəbəqədər uşaqlar olduğu halda valideynlərin iştirakını da nəzərdə tutur. Bilet 25-26 iyun tarixlərində saat 11:00-dan 19:00-dək Azərbaycan Xalça Muzeyini və onun ekspozisiyalarını ziyarət etmək imkanı yaradır.

Biletləri əvvəlcədən və ya festival günlərində muzeyin kassasından əldə edə bilərsiniz.


Müəllif:

Oxşar xəbərlər