“Xoşbəxt olun” filminin çəkilişləri yekunlaşıb. Bunu Teleqraf.com-a açıqlamasında filmin ssenari müəllifi, rejissoru Səidə Haqverdiyeva deyib.
Müəllifin sözlərinə görə, film “Qara qızın qara bəxti” adlı hekayəsinin motivləri əsasında ekranlaşdırılıb.
“Ailə-məişət mövzulu tragikomik filmdə qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Filmdə 6 qızı olan və oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin gülüş obyektinə çevrilən və buna görə özünü bədbəxt hiss edən atanın dramı sarkazmla nümayiş olunur”.
Filmin quruluşçu operatoru Rəşad Qarayev, quruluşçu rəssamı İqbal Əliyev, geyim üzrə rəssamı Könül Vəlibəylidir.
Filmdə əsas rolları Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Zemfira Əbdülsəmədova və başqaları ifa ediblər.
Çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda baş tutan film beynəlxalq festivallara göndəriləcək. Ekran işinin yaxın vaxtlarda yerli kino nümayişi də nəzərdə tutulur.
Nərmin