Mədəniyyət və Turizm nazirini Əbülfəs Qarayev Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovu mükafatlandırıb.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, mükafat direktora milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə verilib.
Mübariz Həmidov 12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1979-2000-ci illərdə Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi nazirliyin incəsənət baş idarəsində aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb. 2006-cı ilin yanvar ayında Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilib.
Onun teatra rəhbərlik etdiyi müddətdə kollektiv Türkiyənin Ankara, İğdır, Alanya, Antalya, Dənizli, Rusiyanın Sankt-Peterburq, Moskva, Həştərxan, Perm şəhərləri, Kalmıkiya və Belarus Respublikaları, Şri-Lankanın paytaxtı Kolomboda, Birləşmiş Ərəb Əmirliyi, İran, Böyük Britaniya və bir sıra digər ölkə və şəhərlərdə qastrol və festivallarda uğurla çıxış edərək bir sıra mükafatlara layiq görülüb. 2011-ci ildə dünyanın 104 aparıcı ölkə teatrlarının üzv olduğu Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti seçilib.
Nərmin