Böyrək çatışmazlığından əziyyət çəkən Abdulla Şaiq adına Kukla Teatrının aktyoru, Fəxri Mədəniyyət işçisi Rəhim Rəhimova donor tapılıb.
Aktyor Teleqraf.com-a açıqlamasında bildirib ki, yaxın qohumlarından biri donor olmağa razılaşıb: “Donor tapılıb, amma hələ müayinə olunmayıb. Müayinədən sonra biləcəyik ki, onun böyrəyi köçürülə bilər, ya yox. Hazırda müalicələrim davam edir. Həkimlər müalicə ilə böyrəyin fəaliyyətini qaldırmağa çalışır. Həkimlər donor müayinəsini avqustun 2-dən sonraya saxladılar. Bilirsiniz, donorun müayinəsi Türkiyədə həyata keçirilir. Müayinə də çox bahalıdır. Təxminən 3-4 min manata başa gəlir”.
“Həyat yoldaşımın böyrəyində...”
Rəhim Rəhimov bildirib ki, indiyə qədər yeddi yaxın qohumu donor olmaq üçün müayinədən keçib: “Donor olmaq istəyənlər əsasən qohumlarımdır. Bacım və qardaşımın qan qrupları uyğun gəlmədiyinə görə avtomatik donor ola bilmədilər. Onları da hesaba alsam, deməliyəm ki, indiyə qədər yeddi nəfər müayinədən keçib. Həyat yoldaşımın böyrəyində problem çıxdı. Ona görə donor ola bilmədi. Bacımın baldızında hormonlarla, dayımda isə köklüklə bağlı problemlər oldu.
İndi də donor olmaq istəyən yenə yaxın bir qohumdur. Özü təklif etdi. Qan qrupu ilə götürsək, uyğun gəlir, inşallah, müayinənin nəticələri də uğurlu olar.
Həkimlər əməliyyatın vaxtını bir az da uzatmaq istəyir. Deyirlər ki, böyrək fəaliyyətini qaldıra bilsək, üç-dörd ay öz böyrəyinlə fəaliyyət göstərə bilərsən. Tam fəaliyyəti dayanana yaxın böyrəyi köçürərik. Amma bilək ki, əlimizdə donoromuz var”.
“Bir müddət özümə qapandım”
Aktyor Yunanıstan səfərində vəziyyətinin ağırlaşdığını deyir: “Teatrımızın Yunanıstan səfərində mən xəstəliyimin nədən ibarət olduğunu bilirdim. Orda ayaqlarım şişdi, gələndən sonra böyrəyimin fəaliyyəti birdən-birə 35 faizdən 29 faizə düşdü.
Ona görə həkimlər güclü müalicəyə başladılar. Ay yarım ərzində böyrəyin fəaliyyətini 31-ə qaldırdılar. İndi yenidən əlavə müalicələrə başlanıb. Fəaliyyəti 35 faizə qaldırsaq, üç-dörd ay öz böyrəyimlə işləyə bilərəm. Qanda kreotinin faizi qalxdığına görə halım olmur.
İndi yataq şəraitində müalicə olunuram. Arada təmiz havada gəzirəm. Adam evdə oturduqca özünə qapanır. Mən bir müddət özümə qapandım. Hər yeri bağladım, oturdum, əsəbiləşdim. Amma sonra xəstəliyimi qəbul etdim və indi artıq müalicə barədə düşünürəm”.
“Bir şirkət xərci üzərinə götürdü, amma...”
“Qohumlar, dostlar, sağ olsunlar ki, həm maddi, həm də mənəvi baxımdan mənə çox dəstək olurlar. İşlədiyim Kukla Teatrının rəhbərliyi, aktyorlar, televiziya həmkarlarım, bir sözlə hamı gəlir, vəziyyətimlə maraqlanırlar. Sosial şəbəkələrdə paylaşımlar edirlər. Onlara deyirəm ki, mənim xəstəlik fotolarımı feysbuka yerləşdirməyin, çünki indiyə qədər hər zaman gülərüzlü fotolarımı paylaşmışam. (gülür) Direktorumuz demək olar ki, hər gün zəng edir, maraqlanır. Onların maddi dəstəyi aylıq analizlərimin xərcində çox kömək olur.
Əməliyyatım üçün isə çox böyük məbləğ lazımdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişəm. İnşallah, bir xəbər çıxar. Televiziya verilişlərinin birində bir şirkət əməliyyat xərclərimi ödəməyə hazır olduğunu demişdi. Həkimlər də vaxtı uzadırlar, ona görə o vaxta şirkətin təklifi keçərli ola bilərmi, onu bilmirəm. O şirkətin nümayəndələri sonra mənimlə əlaqə yaratmadılar. Hər ehtimala qarşı özüm ehtiyatımı tutmalıyam.
Ona görə çox arzulayıram ki, böyrəyin fəaliyyəti 35 faizə qalxsın, mən də işləyib maddi problemlərimi həll edərəm”.
Nərmin Muradova