20 İyul 2016 19:12
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Əzizbəyli doğum gününü evdə qeyd edir.

Ürək sözlərini Teleqraf.com-la bölüşən xalq artisti səhhətinin yaxşı olduğunu deyib: “Məni yada saldığınıza görə sizə təşəkkür edirəm. Səhhətim yaxşıdır. Müalicəm ev şəraitində davam edir. Özümü də yaxşı hiss edirəm. Doğum günümü evdə, ailə üzvlərimin, dostlarımın yanında keçirirəm. Ev doludu adamla, siz də gəlin. Hamıya can sağlığı arzu edirəm”.

Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A.Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb, Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Sonuncu dəfə Orxan Fikrətoğlunun ssenarisi əsasında "Yalan" bədii filmini çəkib. Hələlik çəkildiyi son ekran işi Oktay Mir Qasımın “Qisas almadan ölmə” filmidir.

O, 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Artıq iki ilə yaxındır ki, səhhətində ciddi problemlər yaşayan xalq artisti uzun müddətdir fəaliyyətdən kənarda qalıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər