Ötənlərdə Gənc Tamaşaçılar Teatrında “Sima” mükafatına layiq görülənlər arasında əməkdar artist Atabala Səfərov da var idi. O “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı” mükafatına layiq görülüb. Mükafatçılar siyahısında adı olsa da, özü səhhətindən dolayı tədbirə qatıla bilməmişdi.
Teleqraf.com əməkdar artistlə əlaqə saxlayıb, səhhətini xəbər aldı. Atabala müəllim telefonu götürər-götürməz jurnalist olduğumuzu bilib, bizi əziyyətə salmadan özü danışdı.
- Rejissor Məhərrəm Bədirzadə məni AzTV-yə verilişə çağırmışdı. Foyedə ayağım ilişdi, yıxıldım, qolumu sındırdım.
- Allah şəfa versin, Atabala müəllim. Sizə mükafat verildi, gəlməmişdiniz, səhhətinizi də eşidincə narahat olub zəng elədik.
- Yaxşı elədiniz. Mən o tədbirdə iştirak edə bilmədim. Evdəydim.
- İndi qolunuz necədir?
- Gipsdədir. Əynimə köynək də geyinə bilmirəm. Ona görə də evdən çıxa bilmirəm.
- Tez sağalın.
- Məndən olsa elə sabah sağalaram. (gülür) Amma bu gips 30 gün çəkəcək.
- Mükafatı ala bildiniz?
- Hələ yox. Mükafat əlimə gəlib çatmayıb. Amma gətirəcəklər.
- Mükafata layiq görülməyinizi necə qarşıladınız?
- Baxmayaraq ki, bu günə qədər çox mükafat almışam, amma bu mükafata çox sevindim. Çünki bu teatrın özünün yaratdığı komissiyanın qərarı ilə təqdim olunub. Tam demokratik şəkildə keçirilib. Çox sevindim ki, o siyahıda gənclərin də adı var. Gənclərə mükafat da vermək, ən əsası pul da vermək lazımdır. Pul elə cavanlara lazımdır.
- Siz pul lazım deyil?
- Mənə o qədər lazım deyil.
- Niyə?
- Pul hərdən lazım olur. İndi görürsünüz, yıxılmışam. Belə vəziyyətlərdə lazım olur.
- Prezident təqaüdü alırsınız?
- Yox.
- Onda sizə mütləq pul lazımdır. Mövsümü necə keçirdiniz?
- Mövsümü çox yaxşı keçirdim. Mənim üçün müvəffəqiyyətli il oldu. Bir kalmık əsərində oynadım. İlk adı “Sevilənlər, sevənlər “ idi. Sonra tamaşanın adı “Qohumlar” oldu. Orda mən babanı oynayırdım. Mükafatı da mənə elə o tamaşaya görə veriblər. Deyilənlərə görə, yaxşı oynamışam.
Tamaşa özü mövsümün sonlarına doğru təqdim olundu. Ona görə az oynanıldı. Sonuncu dəfə tamaşanı Kalmıkiya Teatrının direktoru gələndə oynadıq. Kalmıkiya Teatrı ilə bizim teatrın əlaqələri çox yaxşıdır. Onlar bizə gəlir, biz oralara gedirik.
- Yalnız bir yeni əsərdə rol almısınız?
- Bu il bəli. Bilirsiniz ki, ürəyimdən əməliyyat olunmuşdum. Ürəyimin üç damarını dəyişmişdilər. Ona görə sənətdən, səhnədən bir balaca uzaq qalmalı oldum. Həkimlər icazə vermirlər ki, səhnədə çevik, cəld hərəkətlər edim. Bu da səhnə fəaliyyətimə təsir edir. Ona görə səhhətimə diqqət edirəm.
Hələ yaxşı ki, yıxılanda ürəyim üstdə deyil, çiynim üstdə düşdüm. Ürəyim üstdə düşsəydim, yaxşı olmazdı.
Nərmin Muradova