22 Aprel 2014 13:11
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcraçı direktor:"Səhvlər təkrarlanmayacaq"

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 25-29 iyun tarixində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən məlumata görə, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivalın icraçı direktoru Fariz Əhmədov isə qəzetimizə açıqlamasında builki festivalın şərtləri barədə ətraflı məlumat verib:"Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda 7 kateqoriyada filmlər yarışacaq. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul, II yerə Gümüş mükafat - diplom və mükafat, III yerə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək. Festivalın ən yaxşı filminə isə QRAN PRİ - diplom, mükafat və 4000 avro pul veriləcək".

Onun sözlərinə görə, BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək. O bildirib ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

“İş varsa...”

F.Əhmədov ötənilki səhvlərin bu il təkrarlanmayacağını bildirib:"İş varsa, orda qüsurların olması qaçılmazdır. Biz də ötən festivalda gördüyümüz qüsurları çalışacağıq ki, bu dəfə təkrar etməyək. Qüsurlarımız əsasən təşkilati işlərlə bağlı idi. Ötən il festivalın proqramına 78 film daxil
edilmişdi. Bu da festivalın müddətinə görə çox idi. Yəni, 3-4 gün ərzində bu qədər filmi izləmək qonaqlar üçün müəyyən çətinlik yaradırdı. Bu il bunlara fikir verəcəyik".

Şirkətlərin marağı varmı?

İcraçı direktor yerli turizm şirkətlərinin, film istehsalçılarının festivala marağından da danışıb:"Ötən il festivala 25-ə yaxın yerli film təqdim olunmuşdu. Bunlar müxtəlif prodakşn, studiya və televiziyalar tərəfindən çəkilmiş filmlər idi. Demək olar ki, hər nominasiyada Azərbaycanı təmsil edən film var idi. Təşkilatlara gəlincə, biz festivala turizmlə bağlı müxtəlif təşkilatları cəlb edirik. Turizm İnstitutunun tələbələri könüllü olaraq bizə kömək edirlər. Müxtəlif hotellər, turizm şirkətləri qonaqların qarşılanması, yerləşdirilməsi ilə bağlı xidmətlərini təklif edirlər. Biz də çalışırıq qonaqlarımızı yaxşı hotellərdə yerləşdirək".

Nərmin


Müəllif: