Teleqraf.com Afaq Şıxlının şeirlərini təqdim edir:
Yadına mən düşəcəm!
Yenə sakitlik çöküb, yenə qaş qaralanda,
Əl-ayaq çəkiləndə yenə tənha qalanda,
Öz-özündən xəbərsiz xəyallara dalanda
Yadına mən düşəcəm.
Sahil boyu... sevənlər hey əl-ələ verəndə,
Kimsə sevgilisinin saçlarını hörəndə,
Yenə başının üstdə göyqurşağı görəndə
Yadına mən düşəcəm.
Meydanlar bəzənəndə, bayraqlar salınanda,
Xonça bəzəmək üçün bayramlıq alınanda,
Gözləmədiyin anda qapınız çalınanda
Yadına mən düşəcəm.
Kimsə öz eyvanında aynasını siləndə.
Kimsə divar dalında bəxtəvərcə güləndə,
Kiminsə zümzüməsi qulağına gələndə
Yadına mən düşəcəm.
Səmtini azan külək pəncərəni vuranda,
Yüklü xatirələrin düşüncəni yoranda,
Məhəbbətsiz yaşamaq gözlərinə duranda
Yadına mən düşəcəm.
Evinin hər bucağı mənə dönüb baxanda,
Həsrət səni mənimtək sinəsinə sıxanda,
Kitabının içindən iki yonca çıxanda –
Yadına mən düşəcəm.
Məhəbbət uman zaman hər saatdan, hər ildən,
Nəzir verib bir dua gözləyərkən səfildən
İtən yadigarlarım tapılacaq qəfildən –
Yadına mən düşəcəm.
Yadına gətirəndə ömrün xoş anlarını,
Cavanlığın, şöhrətin xoşbəxt zamanlarını,
Sevgi umduqlarını, sevgi umanlarını –
Yadına mən düşəcəm.
Yadına mən düşəcəm!
Qərib bir axşam
Yenə axşam düşüb, qərib bir axşam...
Qərib ürəklərin dolduğu vaxtdı.
Uzaqdan baxana bu – adi yaşam,
İçindən çəkənə – bir qara baxtdı.
Ulduzsuz səmanı bürüyübdü sis,
Dolmuş gözlərimə görünmür ay da.
İllərdi gümana aldanırıq biz:
“Bəlkə bu baharda..., bəlkə bu yayda...”
Əcəl də qürbətə yol açıb bu il,
Seyrəlib dostların səfi, sırası.
Vallah, qorxduğumuz ölümdən deyil...
Onsuz da öldürüb Vətən yarası.
Qorxuruq yad eldə tapşıraq canı...
Elə qərib kimi bükülək ağa.
Bir də görəmməyək Azərbaycanı...
Gömülək bu ögey, soyuq torpağa.
Bizləri qorxudan bu acı həsrət
Qışın buzundan da soyuqdu, sərtdi.
Qərib həyatımız özümüzə dərd,
Qərib məzarımız dostlara dərddi.
...Bir də, sənin dönüklüyün
Ruhu itmiş bədən kimi küçələri dolaşıram...
Sənsizlikdə
boş yerini doldurmağa alışıram;
Yeni zinət əşyaları...
Təzə paltar...
Evimə də yeni-yeni şeylər alıb
hər bir yanı süsləyirəm, yanır par-par.
Gör bir nəylə ürəyimi soyuduram!
Fərqi nədir?
Nə alsam da, nə tapsam da
Otağıma yenə sənsiz qayıdıram.
O axşamdan
məni tamam dəyişiblər...
Həsrət,
yalan,
...bir də sənin dönüklüyün –
əlbir olub ürəyimlə döyüşüblər.
Məhəbbətin yoxdu daha!
Uduzmuşam!
Və o axşam
gözümüzə baxa-baxa
arzuları yox eləyib
arxamızca gülüşüblər...
Sənə – dinclik, mənə – zülüm
bölüşüblər...
Ruhu itmiş bədən kimi
küçələri dolaşıram.
Ölü olub, diri kimi
görünməyə çalışıram.
Öz aramızda
Bizə yük olmasın dünyanın qəmi,
Hər şeyi paylaşaq öz aramızda.
Nə sən məni üzmə, nə də mən səni,
Qoymayaq böyüyə söz aramızda.
Ümid tərk etməsə bircə an bizi
Ayıra bilməz ki, bu dövran bizi!
Nə şaxta dondurar, nə hicran bizi,
Bu sevgi olacaq köz aramızda.
Gəl, ömür taxtını nurla süsləyək,
Odlu duyğuları yenə səsləyək.
Bu eşqi körpətək elə bəsləyək...
Ovudub yatıraq düz aramızda.