Maraqlı insanların həyatı da maraqlı olur. Maraqlı həyat yaşamağın isə başqa ləzzəti var. Bəlkə də uzunömürlülüyün səbəblərindən biri də elə həyatın maraqlı olmasındadır. Həyatını maraqlı yaşayan insanlardan biri də 95 yaşlı professor İlhan Başgözdür. Uzun illər İndiana universitetinin türkologiya fakultəsinə rəhbərlik etmiş İlhan Başgöz hazırda İndiana ştatının Bluminqton şəhərində yaşayır.
Moderator.az professorun Mustafa Kamal Atatürklə bağlı kiçik bir xatirəsini təqdim edir. İlhan Başgöz danışır ki, orta məktəbdə oxuyurmuş, cumhur başqanı Mustafa Kamal Atatürk nə üçünsə onların məktəbinə gəlir və təsadüfən onun şagirdi olduğu sinifin həndəsə dərsində iştirak edir. Ev tapşırığını danışan şagirdlərdən biri yazı lövhəsində misalı həll edərkən rəqəmlərin altında bəndləri bildirən alfa, betta, qamma hərflərini yazanda Atatürk şagirddən soruşur, türk dilində kifayət qədər hərflər olduğu halda, sən niyə yunan hərflərindən istifadə edirsən? Şagird çəkinə-çəkinə, müəllimimiz belə öyrədib, söyləyir. Atatürk ayağa qalxıb lövhəyə yaxınlaşır, yunan hərflərini pozub, yerinə a, b, c hərflərini yazır. Həndəsə müəllimi həm də məktəbin direktoru imiş. Atatürk ondan niyə yabançı hərflərdən istifadə etdiyinin səbəbini soruşur. O isə təlaşla, Paşam, dövlətimizin bizə verdiyi kitabda belə yazılıb, deyir. Atatürk kitabı əlinə alıb vərəqləyir və əsəbi halda ikiyə bölüb masanın üstünə tullayır. Bu hadisədən bir qədər sonra ölkədə həndəsə dərsliyi yenisi ilə əvəzlənir...
Qeyd edək ki, professor İlhan Başgöz ABŞ-da Bəxtiyar Vahabzadənin şeirlərini, eləcə də Azərbaycan dastanlarını ingiliscə, Molla Nəsrəddinin lətifələrini isə həm ingilis və həm də fransız dillərində kitab halında nəşr etdirib.
Elman Eldaroğlu,
ABŞ, İndiana ştatı