1 Avqust 2016 15:04
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Belə mədəniyyət tədbirlərindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə yerli və xarici musiqisevərlərin rəğbətini qazanıb. Bu festival artıq gözəl ənənəyə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli bildirib. O qeyd edib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir: “Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir. Festivalda rəngarəng konsertlər olacaq və fərqli musiqi əsərləri səsləndiriləcək. Düşünürəm ki, Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaq".

Fərhad Bədəlbəyli festivalda simfonik və kamera konsertlərinin musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcəyini vurğulayıb. “Bu festival həm də dünyada nadir hallarda keçirilən musiqi tədbirlərindən biridir ki, tamaşaçılar burada konsertləri bilet almadan pulsuz izləyə bilirlər. Yəni, bu tədbir kommersiya xarakteri daşımır, klassik musiqinin təbliği, maarifçilik məqsədilə keçirilir. Əvvəlki illərlə müqayisədə artıq insanlar bu konsertlərə həvəslə gəlirlər və böyük maraq göstərirlər. Ümid edirəm builki festivalın uğurları daha böyük olacaq”, - deyə F.Bədəlbəyli bildirib.

Xalq Artisti qeyd edib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verildiyinin göstəricisidir. “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərin sırasında yer alan bu festivalda Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. On iki ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.


Müəllif:

Oxşar xəbərlər