Teleqraf.com Murad Köhnəqalanın “ŞƏLALƏYLƏ SMSLƏŞMƏ” şeirini təqdim edir:
ONDAN GƏLƏN SMS:
Mənə çay içmək üçün
Şokolad da alarsan
Çiyələkli saqqızım da qurtarıb
Tez gəl
Gecə itləri üstünə cumsa
Özünü itirmə
Hürənlərə baş qoşma
İt səsinə girmə
İtlərdən sonra
Qudurmuş adamlar
Üstünə töküləcək
Bığ-bığa hürüşəcək
Bəzəkli şokolad kağızlarını
Göstər onlara
Başa düşməsələr
Sənə bir güc göndərəcəm
Hamısının başına çevir
Devir onları devir!
Tez gəl
Saçındakı gümüşlərlə
Ürəyimin çatlarını tikərəm
Səni gözləyirəm
Cəhənnəmdə təkəm...
MƏNDƏN GEDƏN SMS:
Çirkli-çiskinli havadı
Küçədə davadı
Dəlilikdən yan keçirəm
Ağıllı oluram sənin dərdindən
Zəng edən dostlara
Yalan danışıram sənin dərdindən
Tələsirəm
Metroda çaşıram
Bir stansiya səhv gedirəm sənin dərdindən
Eskalatoru alpinist kimi
Birnəfəsə qalxıram sənin dərdindən
Limonsatan qarının
Limonlarının hamısını alıram
Sənin dərdindən
Şokolad alıram
Çiyələkli saqqız alıram
Özümə siqaret-araq alıram
Cibimdəki qəpikləri
Sonuncu dilənçinin
Ovcuna basıram sənin dərdindən
Çox yaşamaq istəyirəm
Əzab çəkmək istəyirəm
Araq içmək
Şeir yazmaq
Siqar çəkmək istəyirəm sənin dərdindən
Planımda ölmək yoxdu
Yalnız səni
Səni sevmək istəyirəm
Sənin dərdindən...
2013