2 Avqust 2016 11:37
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının Yakutsk şəhərində “Olonxo torpağında UNESCO şedevrləri ilə görüş” adlı üçüncü beynəlxalq festival keçirilib. VI beynəlxalq “Asiya uşaqları” idman oyunlarının mədəni proqramı çərçivəsində təşkil olunan festivalda ölkəmizi Əməkdar Artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadə təmsil edib.

Sahib Paşazadə AZƏRTAC-a bildirib ki, festivala UNESCO-nun siyahılarında mirasları təmsil olunan ölkələrin mədəniyyət və incəsənət adamları qatılıb: “Bizim tar və muğam sənətimiz də bu siyahıya daxil edildiyi üçün Yakutiya Filarmoniyasının direktoru tərəfində “Symphonica ARTica” simfonik orkestri ilə birgə çıxış məqsədilə Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliyinə məktubla müraciət olunmuşdu. Mən də festivalda iştirakı məmnunluqla qəbul etdim. Aprel ayında orkestrə Hacı Xanməmmədovun “Tar və simfonik orkestr üçün 2 saylı konsert”, Səid Rüstəmovun “Oxu, tar”, Fərhad Bədəlbəylinin “Şuşa”, Aqşin Əlizadənin “Cəngi”, Həmid Vəkilovun “Şıdırğı” və “Çılğın rəqs”, Həsən Rzayevin “Çahargah rapsodiyası”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Azərbaycan xalq mahnısı “Sarı gəlin”, “Xaric segah” muğamı və s. əsərlərdən ibarət proqram göndərdim”.

Qeyd edək ki, Sahib Paşazadə açılış mərasimində “Çahargah” muğamı ilə çıxış edib. Konsertdən sonra çoxsaylı izləyicilər ifaçıya yaxınlaşıb tar aləti ilə maraqlanıblar. Festival çərçivəsində o, Nataliya Bazalevoyun rəhbərlik etdiyi “Symphonica ARTica” orkestri ilə birlikdə “Qədim tarın sehri” adlı 2 saat yarımlıq geniş solo konsert proqramı ilə çıxış edib. Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb, ifaçımız yenidən səhnəyə dəvət olunub və yenə “Çahargah” muğamını səsləndirib.

Gənc musiqiçimiz uğurlu çıxışına görə Yakutiya Dövlət Televiziyasına dəvət edilib və Azərbaycan muğamı, musiqisi, tar aləti haqqında fikirlərini yerli tamaşaçılarla bölüşüb. Bundan əlavə, o, Azərbaycan tarı, müasir tar sənəti, tar aləti ilə sintez edilən musiqi janrları, tarın inkişaf tarixi haqqında mühazirə oxuyub. Yakutiya Dövlət Gənc Tamaşaçılar Teatrında tarzənlə yaradıcılıq görüşü və ustad dərsləri təşkil edilib. Ustad dərsləri zamanı muğam və tar aləti, Üzeyir Hacıbəyli və Azərbaycan musiqisi haqqında mühazirələr canlı ifa ilə müşayiət olunub.

Festivalın bağlanış mərasimində Sahib Paşazadə Azərbaycan tarı və rus xalq mahnılarından bir neçəsinin sintezindən ibarət musiqi kompozisiyası təqdim edib. Bu çıxış da böyük alqışlarla qarşılanıb. Yerli mətbuatda konsert haqqında gedən məqalələrdə “Azərbaycan tarı Yakutiyanı fəth etdi” başlıqlı yazılar işıq üzü görüb. Əməkdar artist Vətənə festivalın 5 fəxri diplomu ilə qayıdıb


Müəllif:

Oxşar xəbərlər