Tanınmış şair Vaqif Bəhmənli öz feysbuk hesabında son yazdığı şeirlərdən birini paylaşıb. Teleqraf.com həmin şeiri təqdim edir:
Dörd qat bükülürəm söz axtaranda
Hürgüclü dəvənin beli oluram.
Həqiqət soruşub, düz axtaranda
Topuğu zəncirli dəli oluram –
Mən belə yazıram şeirlərimi.
Sanki bala çıxır, sınır yumurta,
Dərhal pərvazlannam neçə mil yerdən.
Yaxa cıra-cıra, üz yırta-yırta
Ölü götürürəm elə bil yerdən –
Mən belə yazıram şeirlərimi.
Oğrunu tuturam qoruqda ikən,
Qoymuram talaya cərgəni, vəri.
Şilləni çırpıram varaqda ikən
Ağzının üstünə nadürüstlərin –
Mən belə yazıram şeirlərimi.
Pud-pud ət kəsilir sanki ətimdən,
“Qarabağ” yazmağa qorxuram, qardaş.
Lap yerə girirəm xəcalətimdən,
Qələmi gözümə soxuram, qardaş –
Mən belə yazıram şeirlərimi.
Araza gurlayan çay demirəm ki,
Yediyim namusdu, burnumdan gəlir.
Qismətə Allahdan pay demirəm ki,
Canımda nə dərd var yurdumdan gəlir –
Mən belə yazıram şeirlərimi.
Hardan artır, Allah, xəyanət dölü
Doldurur dərəni, qalxır dağa da.
Namərd quyuların gen ağzın görüb
Lənət oxuyuram qardaşlığa da –
Mən belə yazıram şeirlərimi.
Qəm dərin dəryadı gedib dərinə
Sözün ağrısını yaxşı duyuram.
Sətirlər sonunda nöqtə yerinə
Bir damla qanlı göz yaşı qoyuram-
Mən belə yazıram şeirlərimi.
Peşəm can hərləmək, boş xəlbirəm ki,
Dəftərim¸ qələmim, dilim Allahın
Sözlərdən nərdivan düzəldirəm ki,
Yetsin ətəyinə əlim Allahın –
Mən belə yazıram şeirlərimi...