2 Avqust 2016 17:47
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Rəşid Bərgüşadlının “Şor motalı” hekayəsini təqdim edir:

– Yazma, qurbanın olum, el içində zınqırovlu eləmə məni!.. – əlimi kompüterə atan kimi ələm ağacı kimi dim-dik kəsdirir böyrümü.

– Yazmasam ürəyim partdıyar, başa düş, Müğdət. Gül kimi hazır materialdır. Canın haqqı altdan-üstdən heç nə qoymayacağam. İşığa kor baxım, elə yazacağam ki, guya özümdən uydurmuşam – bütün yazıçılar belə eliyir dayna! Bir də ki, burda nə var axı – sənin yerində başqası olsaydı, bəlkə, o da eynisini edərdi... – amma pıqqanaq çəkib gülməkdən özümü saxlaya bilmirdim.

– De işığa kor baxım rüsvay etməyəcəksən məni!..

– İşığa kor baxım! Sənin adını yazsam, işığa kor baxım! Di hı, rahat oldun?

– Amma yenə də mənə oxumadan yazını internetə verən qurumsaqdır! Sən bir cızma-qara eliyən kimi mürəkkəbi qurumamış gupayırsan internetə...

– Danışdıq!

– Bilirsən nə var?! Belə çərə yaz-cəhənnəmə yaz! Nə yazırsan yaz, qələmin gözünə girsin sənin! – yazdıqlarımı oxuyandı. Axır ki əl çəkdi məndən.

Haraya qədər desən sadəlövh, saf adamdır Müğdət. Qonşumuzdur. Qaytan kimi arıq, uzundrazın biridir. Toqqasını axırıncı dəliyinədək çəkəndə şalvarının qurşağı şor torbası kimi əlli yerdən büzülür. Həmişə zarafatla deyirik ki, qurdun var, ona görə kökəlmirsən. Elə mədə-bağırsağını bəhanə eliyib evdən qaçır – qurşanıb sanatoriyaya – ikinci ildir ki, başını başlara qoşub sanatoriyaya gəlir. Baməzənin biridir. Onunla yol yoldaşı olmaq başqa aləmdir – Müğdət yanındadırsa darıxmaqdan başın salamat. Cəncəli də ki, heç əskik olmaz. Keçən il də onun səmərəsinə iki həftəni gülə-gülə başa vurmuşduq. Onda nəcisdən analiz verəndə masqara olmuşdu yanımızda – nəcisi balaca qutuya yığana qədər min hoqqadan çıxıb otağı itin gününə salmışdı, bir gün otağına girə bilmədik iydən-qoxudan. Xadiməyə pul verib otağını şampunla yudurtmuşduq. Amma budəfəki heç olmayan komediya oldu! İşığa kor baxım, necə olubsa, o cür də yazacağam, əgər altdan-üstdən bir şey qoyuramsa, mənə nəhlət!

* * *

...Axşamüstüydü. Adətkarıq – hər axşam Valehin qarajında qonşular yığışıb domino çırpırıq. Hələ gecə saat 3-də uçacaqdı təyyarəmiz. Söhbət sanatoriyaya gedəcəyimizin üstünə gələndə yol-yolağanı bilən diliyanmış notarius Tofiq, – “Xəbəriniz varda da, təlimatı dəyişiblər – 12 kilo yük, 8 kilodan da artıq əl baqajına görə 30 yevro pul ödəyəcəksiniz – bax artıq yük götürməyin ha!..” – dominoda uduzub yatmağa getdi.

Müğdət qayıtdı ki, – “Paho veş! Bir həftədir arvadla çemodanı basa-basa doldururuq ki, yaddan çıxan şey qalmasın...” – çiçəyimiz çırtdadı ki, – “Aha, sən öləsən, torbada yenə pişik var!” – məzələnməyə nəsə olacaq. “Azal”ın yöndəmsiz baqaj təlimatından xəbərimiz vardı, amma yük limiti barədə fikirlərimiz haçalıydı – birimiz 15 kilo deyirdik, o birimiz 23 kilo. Müğdət, – Gedim çemodanı boşaldım, – nırçıldaya-nırçıldaya evinə getdi. Heç on dəqiqə keçməmişdi ki, zəng vurdu, – “Biletimiz hansı sinfədir – ekonom, biznes, komfort, yoxsa VİP?” – bileti mən almışdım, pasportlar da, biletlər də məndə – evdəydi.

– Ekonomdur – dedim.

– Uşaq internetdən tapıb, təlimatı oxuyuram, diqqətlə qulaq as, – “Uçuşdan ən azı 3 saat əvvəl 20 yevro məbləğində ödəniş etməklə 23 kilodan çox olmamaq şərti ilə normadan artıq hər baqaj üçün daşınmasının uçuşdan əvvəl rəsmiləşdilirməsi təklif edilir” – sonra, qulaq as, – “Üç ölçünün cəmi üzrə bir qeydiyyatdan keçmiş baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olduğu halda 25 yevro məbləğdə əlavə haqq alınır”...

– Heç nə anlaya bilmədim...

– Elə mən də tam anlamadım. Amma bir şeyi hiss edirəm ki, ortada 20-25 yevro cərimə söhbəti var...

– Əşşi, nəysə, hava limanında araşdırarıq!

– Yükümüzü aeroportda çölə tullayası deyilik ki! Mən hər ehtimala qarşı 12 kilo yük götürəcəm...

Hə... Gecə taksi gəlib bizi evin qabağından götürəndə baxdım ki, Müğdət əyninə sentifon gödəkcə geyib – “Düz eliyib – hava soyuqdur” – gündüz isti olsa da gecə kifayət qədər soyuq olurdu və şübhəli heç nə yox idi bunda.

* * *

...Allah səni güldürsün, a Müğdət!.. Məlumat bürosundan yük məhdudiyyəti barədə soruşduq. Qız, – “Maksimum 23 kilo” – deyəndə Müğdətin rəngi qaraldı. Dinməzcə kurtkanı çıxarıb çemodanına qoydu. Ayağa qalxanda çaşdım, – Boy, Müğdət, nolub ə, sənə?! – Müğdət üç özü boyda olmuşdu!

– Canıma dərd olub! – alnının tərini sildi. “Torbadakı pişiyin” quyruğu görünürdü, – Bu qədər kökəlmisən? – mat qalmışdım dostumun təzə for-fasonuna.

– Lvova neçə saata uçur təyyarə? – acıqla çemodanın qulpundan yapışdı. – Üç saata-zada... – ona birdən-birə nə olduğunu heç cür anlaya bilmirdim.

– Görəsən Lvovda hava burdakı kimi isti deyil ki? İsti olsa, lələşin batdı!

– Mən ölüm, nolub sənə, nəsə birtəhərsən? – artıq qımışırdım, “pişiyin quyruğunun dibi”ni görməyə həvəsiyirdim.

– Dedim gecə uçacağıq, hava sərin, gün çıxmamış da olacağıq Lvovda... Düz altı corabı üst-üstə geymişəm – ayaqqabı ayağıma olmadı, yoxsa altısını da geyərdim; altdan beş tursik, üstündən bir idman şalvarı; üç maykanın üstündən iki qoluqısa futbol maykası, onun da üstündən köynək geymişəm... – dişlərini ağardan kimi qarnımı qucaqlayıb yerə çökdüm. Ağlıma gəlsə də bircə onu soruşa bildim ki, – Niyə?

– Baqajım 12 kilodan artıq olmasın deyə...

Çemodanlarımızı təhvil verib pasport qeydiyyatından keçənədək o bəzədi-mən güldüm. Hava limanındakıların çoxu bizi içkili biliblər yəqin ki. Təyyarə havaya qalxmağa başlayanda Müğdət başladı yaxasını, şalvarının düymələrini yavaş-yavaş açmağa. Eh, yevro azarları öz içlərində partlasın! – təzədən dəli hır tutmuşdu bizi. Dəqiqəbaşı düyməni basıb stüardessanı çağırır, su istəyirdi – tər sir-sifətindən bıldır-bıldır axırdı. – Rəşid, deyirəm, yazıçı adamsan, yazmağa mövzu axtarırsan, əsl yazmalı hekayə mənim bu halımdır ey... – maykaların ətəyini göbəyinin üstündə bürmələmişdi ki, heç olmazsa qarnına hava dəysin. Havalandırıcıların ikisini də peysərinə yönəltmişdi.

– Yazım da... Düz deyirsən, qəşəng bəzəməli mövzudur.

– Ağzını cıraram sənin! – dəlinin yadına daş salıb sonra da əlini arxasında gizləmək istəyirdi, – Hələ bilirsən ağlıma nə gəlmişdi yolda?.. – ona gülmək elə yaraşırdı ki...

– Nə? – o qədər gülmüşdüm ki, cavcılarım ağrıyırdı. Qonşu oturacaqdakıların diqqət mərkəzindəydik.

– “Azal” yolda yemək verməyi də dayandırıb axı... – güldükcə çiyni silkələnirdi.

– Hə...

– Arvad bir toyuq soyutması qoyub yola. İstəyirdim əl baqajım ağır olmasın deyə toyuğu ikiyə bölüb sənin payını bəribaşdan özünə verim – əllərini qolaylayıb dizlərinə çırpır, şaqqanaq çəkirdi. – Yaxşı ki, deməmişəm, yoxsa yazacağın hekayə lap gülməli olardı. Ay səni...– əl çantasından soyutmanı çıxarıb qoydu qabağımıza. – Deyirdim ən altda geydiklərimi çatanda yuyaram, üstdəkilər də mənə nəf qalar. Di toyuğumuzu yeyək... – kaş Lvova yox, Sinqapura uçaydıq, Müğdətin bu halında 11 saat göydə qalaydıq.

* * *

Bilirəm, deyəcəksiniz ki, – “Bu lap ağ oldu!” – amma işığa kor baxım ki, yolun yarısında Müğdətin qarnında bir curultu başladı ki, gəl görəsən! – Vəziyyət çönür, qardaş. Allah baba deyəsən məni göyün yeddinci qatında el içində rüsvay eləmək istəyir...

– İndi noldu? Yoxsa tualetin gəlir? – gülməyim tükənmişdi, əgər həqiqətən tualetlik işi vardısa, təyyarənin quyruğundakı yekə növbəni çətin ki yarıb keçə bilə.

– Altıma batıracam, sən öl. Camaata hay sal nəvbədən çəkilsin, yoxsa pox-püsür üstlərinə çırtdıyacaq... – gah gərilir, gah qatlanır, gah da ləngər vururdu yerində.

– Toyuqdan oldu? – qarıxası olsa necə soyunacağının dərdi məni götürmüşdü.

– Cərco yemişəm evdə, həm də bütöv bir cərco! Boynun altında qalsın, arvad, adam da yola çıxana yemiş yedirər?! Hamısı paxıllıqdan, qısqanclıqdandır! Elə bilir ki, evdən çıxdımsa, ta nataşa-mataşa qalmadı yer üzündə!

– Üstündən də bayaqdan zıppa-zıp su hörtdədirsən! – indi əməllicə narahat olmağa başlamışdım. Dostumun halı həqiqətən getdikcə acınacaqlı olurdu, bir az da gülsəm ona qarşı haqsızlıq olardı. – Bir azca da döz, qardaş, yarım saata yerə enirik. Lvovda yükünü boşaldarsan...

– “Bir azca da döz...” – Xumarın mahnısını zümzümə eliyib qarnını qucaqlamışdı, – Dədən ölsün, Müğdət, göyün yeddinci qatında bəxtin çəpinə gəlib, qoy bağırsaqların dolaşsın, amma bir azca da döz. Altını batırsan, şor motalı kimi qoxacaqsan, göydə bir bulud qalmaz iyindən, bir azca da döz, Mığış, kişi ol, lap az qalıb... – tez-tez pəncərədən yerə boylanır, amma buludlardan başqa heç nə görməyib lap tıncıxırdı.

İki saat yel kimi ötmüşdüsə, sancı tutmasından sonrakı 45 dəqiqə zülm oldu bizə. Nə illah elədim ki, növbədəkiləri başa salım, icazə alım tez özünü versin ayaqyoluna, razı olmadı, – Əynimdəkiləri sivirib dizimə salanacan iş-işdən keçəcək, sən başımı qat, Lvovadək dözəcəyəm...

* * *

Kişi kimi dözdü də! Pasport qeydiyyatından xahiş elədik, başa saldıq tez keçdi. Güllə kimi götürüldü ayaqyoluna. Mən yarım saat deyim, siz 60 dəqiqə deyin, mən bir saat deyim, siz də mən deyəni deyin – Müğdətin təhqir olunmuş baqajını da götürüb dostumun ayaqyolundan çıxmağını xeyli gözlədim. Baqajgözləmə sektorunda quqqulu-qu qalmışdım. Dedim birdən eşiyə çıxmış olar, elə bilər çöldəyəm – girdim ayaqyoluna və dostumu səslədim, – Müğdət, a Müğdət! Ə, burdasan?

– Burdayam. Çıxıram indi, tər-suyun içindəyəm, paltarlarımı soyunuram. Gör qonşu kabinələrdə nə qədər salfetka varsa, topla ver mənə – bədənimi qurulayım... – indi kefi kök idi, yenə gülürdü. – Ölmüşünə and içirəm ki, sən düşdün mənim qələmimə - olanların hamısını necə var, eləcə də yazacağam – salfet kağızlarını toplaya-toplaya yazacağım mətni beynimdə çək-çevir edir, gülürdüm.

– De işığa kor baxım...

– İşığa kor baxım ki, yazacağam!

– Yazsan, səni cart deyib iki bölərəm!

– Yazmayan kişi deyil, əlindən gələni beş qaba çək! Hekayənin adını da tapmışam – “Şor motalı” – mərmərlə üzlənmiş tualetdə gülüşümüz əks-səda verirdi...

01 avqust 2016-cı il

Morşin, Lvov, Ukrayna.


Müəllif:

Oxşar xəbərlər