Bu yaxınlarda əlli yaşı tamam olan Salam Sarvan öz açıqlamaları ilə gündəmə gəldi. Onun Yeni Azərbaycan Partiyasına üzv olacağını deməyi böyük maraqla qarşılandı.
Teleqraf.com Salam Sarvanla müsahibəni təqdim edir:
- Salam bəy, doğum gününüzü necə keçirdiniz? Sizi kimlər təbrik elədi?
- Adi günlərdən biri kimi. Məclis-filan olmadı.
- Bu yaşda özünüzü necə hiss eləyirsiniz, hansı hissləri keçirirsiniz?
- Gümraham. Daha 10 il yaşamaq arzum var.
- Salam bəy, ad gününüzdə yazdığınız status birmənalı qarşılanmadı... Sizin oxucuları alçaltdığnızı deyirlər...
- Bu, heç mənim ağlımdan da keçməz. Sadəcə, statusum yanlış anlaşılmışdı. Mən dəhşətə gəldim. Bizim cəmiyyət adamı məhkəməsiz-zadsız məhv eləməyə hazırmış. Mövlud, mən doğrudan da qorxdum, çox qorxdum. Təhqir, hədə... Özü də hamısı, virtual da olsa, dostlar. 5-6 nəfərdən başqa bu ədalətsiz kampaniyaya heç kəs etirazını bildirmədi. Belə başa düşdüm ki, cəmiyyətin bir kəsimi heç nədən adamı daş-qalaq edər, o biri hissəsi də kənardan durub baxar...
- Və YAP-a üzv olmaq qərarına gəldiniz...
- Bəli... Amma təkcə şəxsi motiv deyil. Yəni özünü daha tolerant bir mühitdə təhlükəsiz hiss etmək niyyəti, əlbəttə, var. Amma ictimai motiv daha çoxdur bu qərarda. Mən Azərbaycanda indi aparılan siyasətin alternativini görmürəm.
- Salam bəy, ərizə yazmısınız artıq?
- Bazar ertəsi Nəsimi rayon təşkilatına ərizəmi təqdim edəcəm. Qəbul etsələr, şad olaram. Etməsələr, kənardan təəssübkeş olaraq qalacağam.
- Salam bəy, bəzən deyirlər ki. şair heç bir partiyanın üzvü olmamalıdır...
- Bu düşüncələrdən biridir. Belə təcrübə dünya ədəbiyyatında çox olub. Əksinə, bizi həmişə onda ittiham edirlər ki, niyə siyasətə qoşulmuruq, niyə hərəkətsiz qalmışıq. Bu mənada qərarım ictimai təlabata da uyğundur.
- Salam bəy, hakim partiyadan hansısa vəzifə, iş gözləntiniz varmı?
- Qərarımda təmənna yoxdur. Hərçənd anlayıram ki, buna kimisə inandırmaq çətindir. Mən aza qane olmağı bacaran adamam, işsizlik təcrübəm çox böyükdür, çətin yaşamağa dözə bilirəm.
- İndi işsizsiniz, çətin yaşayırsınız?
- Müvəqqəti işsizlikdir. Yaxşı redaktə bacarığım var deyə, ayda bir kitab redaktə edirəm. Şikayətim yoxdur.
- Müsahibə üçün təşəkkür edirik, çox sağ olun.
- Sən də sağ ol.
Mövlud Mövlud