19 Avqust 2016 15:44
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da Şəki şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Şəki, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edib.

Qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Şəki şəhərindən qəbula yazılan vətəndaşlar tərəfindən yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan Abdulxalıq hamamının dam örtüyünün bərpası, rayondakı 2 saylı Uşaq musiqi məktəbinin yeni binasının tikilməsi, kitabxana fondlarının uşaq ədəbiyyatı ilə komplektləşdirilməsinə köməklik göstərilməsi xahiş edilib.
Balakən sakinlərinin müraciətləri qədim musiqi alətimiz olan tamburun yaşadılması məqsədilə tamburçular mərkəzinin yaradılması, Pəri qalasının təmir-bərpa olunması, rayonda turizmin inkişaf etdirilməsi üçün turizm dayanacaq mərkəzinin qurulması barədə olub.

Qax rayonundan qəbula gələnlər rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən Xalq teatrında tamaşaların keyfiyyətinin yüksəldilməsi üçün tanınmış rejissorların dəvət olunması, Uşaq incəsənət məktəbində təsviri sənət və rəqs siniflərində şagird qəbulu planının artırılması ilə bağlı xahişlərini diqqətə çatdırıblar.

Oğuz sakinləri tərəfindən Azərbaycan tarixinə, vətənpərvərlik mövzusuna aid mahnılardan ibarət kitabın hazırlanması, rayon Tarix-diyarşünaslıq muzeyinin bədii tərtibatının yenilənməsi, kitabxanalara uşaq ədəbiyyatı və kənd təsərrüfatına dair yeni nəşrlərin verilməsi, Muxas qülləsinin bərpası barədə müraciətlər səslənib.

Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər