20 Avqust 2016 13:28
2 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən, rəssamlar insanın və təbiətin gözəlliyini tərənnüm edirlər. Bu, bizim xoşumuza gəlir, belə rəsm əsərlərinə baxarkən gözlərimiz və ruhumuz dincəlir. Qarşımızda al yanaqları, məsum təbəssümü, gözəl bədəni olan qadını, yaxud yaşıl meşəni və büllur şəlaləni seyr etmək çox xoşdur.

Bir neçə il əvvəl alman-yəhudi əsilli Britaniya rəssamı, psixoanalizin banisi Ziqmund Freydin nəvəsi olan Lüsyen Freydin rəsmlərini gördüm və valeh oldum.

Lüsyen Freyd naturalist rəssamdır, daha çox portret və natürmort janrında işləyib. Onun əsərlərindəki insanlar təbii, qrimsiz, maskasız və olduqları kimidirlər. Bu rəsmlərsə bəzilərinə eybəcər və hətta iyrənc görünür. Lüsyen Freydin əsərləri həmişə tənqidlə qarşılanıb. Amma o, dövrünün rəssamları arasında həm də ən bahalı sənətkar hesab olunur.

Bir neçə ay əvvəl hərracda onun "Hamilə qız" əsəri 23,2 milyon dollara satılmışdı. Ən baha əsərinin qiyməti isə 33,6 milyon dollar olub.

Lüsyen Freyd 1922-ci ildə Berlində doğulub. 1933-cü ildə Almaniyada faşizm hakimiyyətə gəldikdə ailəsi ilə Britaniyaya köcüb. Lüsyen ailənin ortancıl, atası Ernest isə Ziqmund Freydin kiçik oğlu idi.

Lüsyen uşaqlıqdan sərbəst düşünmək və yaşamaq istəyi ilə seçilirdi. O, 18 yaşında təhsildən ayrılmaq qərarına gəldi, onsuz da artıq rəssam kimi tanınırdı. Freyd yaradıcılığa başlayarkən özünü bir neçə janrda sınadı, hətta gənclik illərində ölü heyvan şəkilləri də çəkirdi. Nəhayət, başa düşdü ki, portret janrı onu daha çox cəlb edir və beləcə hələ heç kimin cəsarət etmədiyi bir tərzdə, bir qədər açıq-saçıq, amma reallığı əks etdirən portretlər yaratmağa başladı.

22 yaşında rəssamın Londonda ilk böyük sərgisi açıldı. Freyd daha çox gecələr küçəyə çıxıb gəzir, çəkəcəyi rəsmlər üçün uyğun insanlar tapırdı. Onun seçdiyi insanlar arasında fahişələr də vardı, adi fəhlə qadınlar da. Çəkmək istədiyinin kim və ya nəçi olması Freyddən ötrü önəmli deyildi. O, qeyri-adi simalar, danışan əllər, ağlayan çiyinlər axtarırdı...

Saatlarla qımıldanmadan dayanıb rəsmin nə vaxt bitəcəyini gözləyən qadınlar sonradan öz portretlərinə baxanda dəhşətə gəlirdilər. Freyd onları ilahiləşdirmirdi, əksinə olduqlarından eybəcər və yöndəmsiz çəkməyə çalışırdı. O, deyirdi: "Mən insanları göründükləri kimi yox, ola biləcəkləri kimi çəkirəm".

Bir dəfə Lüsyen ikinci arvadı Karolinin portretini çəkmək istədi. Bu gənc və füsunkar qadının zərif vücudu, iri gözləri vardı. Hazır olduqdan sonra portretə baxarkən Karolin bərəlmiş gözləri olan yorğun, bir az da yaşlı bir qadın gördü. Heyrət içində: "Bəyəm mən belə yaşlı və tükənmiş görünürəm? Nədən məni belə çəkmisən" deyə soruşdu.

Lüsyen: "Necə varsan, elə də çəkmişəm" cavabını verdi.

Yəqin o, Karolinin daxilində baş verənləri görmüş, portretdə onu olduğu kimi yox, öz gördüyü və hiss elədiyi kimi çəkmişdi. İllər ötəcək, bu qadın rəssamı tərk edəcəkdi. Lüsyen bu itkidən sonra uzun müddət özünə gələ bilməyəcək, daha heç kimə aşiq olmayacağına söz verəcək, amma üçüncü dəfə də vurulacaqdı...

Ümumiyyətlə, qadın Lüsyen Freydin həm yaradıcılığında, həm də həyatında aparıcı obraz və xətdir. Rəssam daha çox qadın rəsmlərini çəkirdi, çünki qadınlar vasitəsilə öz sözünü demək, özünü ifadə eləmək ona daha rahat və asan görünürdü. Həyatından yüzlərlə qadın gəlib keçsə də yalnız üçünü sevmişdi. Birinci arvadı Kitti, ikinci arvadı Karolin və... ikinci arvadının başqa kişidən olan qızı İvana.

Kittini Lüsyen özü tərk etmişdi, Karolin onu atıb qaçmışdı. İvana ilə rastlaşanda isə artıq, ahıl yaşında idi, daha heç nəyə ümid edə bilməzdi. Onun həyatında bir qadın da vardı - anası Lüsi Freyd. Rəssam anasını çox sevirdi, tez-tez ona baş çəkirdi və 67 yaşında ana itkisi ilə qarşılaşanda hiss elədi ki, bu dünyada ən çox sevdiyi qadın o imiş – anası!

2000-ci ildə rəssam Britaniya kraliçası II-ci Yelizavetanın portretini çəkmək təklifini qəbul etdi. Əlbəttə, ayağını saraya basmadı, kraliça özü rəssamın emalatxanasına gəlməyə məcbur oldu. Portret heç də müsbət qarşılanmadı, uzun müddət tənqidə tuş gəldi. Amma bu, rəssamın vecinə də deyildi. Sonralar o, Roma Papası II İohann Pavelin və sahzadə Diananın rəsmini çəkmək təkliflərindən boyun qaçırdı. Freyd heç bir məcburiyyəti özünə rəva bilmirdi və yalnız seçdiyi insanların portretini yaradırdı.

Onun fırçasından çıxmış portretlərin çoxundan bir az yorğun təsiri bağışlayan, amma qayğısız, sanki utanmaq nə olduğunu bilməyən, rahat görünüşlü insanlar boylanır. Onlar dünyanın dərdini çəkmir, içərisində olduqları anı, günü, zamanı yaşayırlar – bu, obrazların qayğısız çöhrələrindən, yöndəmsiz oturuşlarından, yarıçılpaq vücudlarından oxunur. Onları Lüsyen Freyd belə çəkib; rəssam insanları belə görmək istəyirdi.

Çevrəsindəki insanlar Lüsyen Freydin qəribə hesab edirdilər; rəssam üçün maddiyyat, pul sonuncu yerdə dururdu. O, bahalı və dəbdəbəli həyata can atmırdı. Pulu çox idi, əsərləri auksionlarda aglagəlməz qiymətə satılırdı. Amma o bu puldan demək olar ki, istifadə etmirdi, ölənədək heç köhnə emalatxanasını da dəyişmədi.

2011-ci ildə vəfat edəndə məlum oldu ki, rəssamın 156 milyon dollar məbləğində mirası qalıb. Övladları mirasdan pay alacaqlarını düşünsələr də, Lüsyen pullarının böyük hissəsini köməkçisi Deyid Dousona vəsiyyət eləmişdi.

Deyilənə görə, Lüsyen uzun müddət – 20 ilə yaxın məşhur babasının köhnə qara paltosunu geyinibmiş. Amma Ziqmund Freyddən ona qalan yalnız palto deyildi, dahi rəssam özü də əslində psixologiya elminin başqa, fərqli bir istiqaməti ilə məşğul idi. Dünyaya mesajlarını fırçası ilə ötürürdü.

Hətta ən gözəl və yaraşıqlı insan da bəzən baxımsız, eybəcər görünə bilər; bunu normal qəbul etməyi bacarmaq lazımdır. Lüsyen Freyd öz əsərləri ilə insanlığı və cəmiyyəti komplekssiz yaşamağa, bəzən maskaları yırtıb dağıtmağa və olduğu kimi görünməyə dəvət edirdi. Bunu yalnız fiziki yox, daha çox mənəvi müstəvidə anlamaq lazımdır.

Lüsyen Freyd öz əsərlərində bütün çərçivələri aşıb keçir. Onun qəhrəmanları kətan üzərindən bizə baxaraq sanki: “Sərhədləri aşın, istədiyiniz kimi olun, həyat belə də gözəldir” – deyirlər...

Təranə Qurbanlı


Müəllif:

Oxşar xəbərlər