Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə azərbaycanlı yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayələr kitabı, tanınmış alim Məhərrəm Qasımlının (Orxan Paşa) “Yağmur qoxusu” şeirlər kitabı və Xalq Şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanı gürcü dilində çap olunub.
Tbilisidəki “Universal” nəşriyyatında işıq üzü görən kitabların gürcü dilinə tərcümə olunmasında və nəşrində Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Məmmədoğlunun böyük əməyi var.
M.Məmmədoğlu AZƏRTAC-a müsahibəsində deyib: “Bu kitabların nəşrini Tbilisi ədəbi mühitində mühüm hadisə kimi dəyərləndirmək olar. Cəlil Məmmədquluzadənin dünyanın bir neçə dilində hekayələr kitabı işıq üzü görsə də gürcü dilində ilk dəfə nəşr olunur. Onun “Poçt qutusu” hekayəsi ilk dəfə görkəmli alim Əziz Şərif tərəfindən tərcümə olunub və bu hekayə 1934-cü ildə “Türk ədəbiyyatı” toplusuna daxil edilib. Sonralar, daha doğrusu 1968-ci ildə Tbilisi Dövlət Universitetinin nəşr etdiyi Azərbaycan şair və yazıçılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına da C.Məmmədquluzadənin “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri daxil olunub. O vaxtı “Poçt qutusu” hekayəsini Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya gürcü dilinə tərcümə etmişdir”.
M.Məmmədoğlunun sözlərinə görə, eyni hekayənin tərcüməsində Əziz Şərifin tərcüməsi daha uğurlu alınıb.
Qeyd edək ki, bu kitabın nəşr olunması ideyası və “Ön söz”ü akademik İsa Həbibbəyliyə məxsusdur.
Kitabın redaktoru filologiya elmləri doktoru, professor, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratiani, nəşriyyat redaktoru M.Məmmədoğlu və tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvilidir. Tərcümə Azərbaycanın və Gürcüstanın dövri mətbuatlarında çap olunan gənc yazıçı Almaz Mirzəoğluna məxsusdur.
Kitabda müəyyən sözlərin izahı, C.Məmmədquluzadənin həyat və yaradıcılığına, ailə üzvlərinə aid şəkillər də əksini tapıb.
“Yağmur qoxusu” kitabında isə M.Qasımlının müxtəlif illərdə yazdığı müxtəlif mövzulu şeirləri yer alıb. Bundan əvvəl onun silsilə şeirləri “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində və “Amer-İmer”( “Bu tərəf o tərəf”) ədəbi jurnalında dərc olunub. Şeirlərin sətri tərcüməsi M.Məmmədoğluna, bədii tərcüməsi isə istedadlı gürcü şairi Avtio Çxaidzeyə məxsusdur.
S.Rüstəmxanlının “Ölüm zirvəsi” romanını isə gürcü dilinə tanınmış yazıçı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə edib.
Kitablar gürcü oxucuları tərəfindən maraqla qarşılanıb.