25 Avqust 2016 14:32
3 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fotoqraflar Birliyinin saytında Azərbaycanda foto sənətinin tarixi haqqında bu sözlər yazılıb: “XIX əsrin 60-cı illərində Xəzərdə hidroqrafiya ölçüləri aparılarkən, ekspedisiya üzvlərindən biri kapitan-leytenant A.F.Ulskinin çəkdiyi Bakının dənizdən görüntüləri Azərbaycan fotoqrafiyasının dövrümüzə gəlib çatan ilk nümunələridir. 1858-1866-cı illərdə çəkilmiş həmin fotolarda indi də şəhəri bəzəyən Qız qalası, Şirvanşahlar sarayının məscidi, Qala divarları və s. öz əksini tapıb”.

Aradan uzun illər keçib. Bu gün Azərbaycanda müxtəlif sahələrdə çalışan çoxlu sayda fotoqraflar var.
Bəs görəsən, fotoqrafiya Azərbaycanda sənət kimi formalaşa bildimi? Hazırda bu sənət hansı problemlərlə üz-üzədir? Fotoqrafların üzləşdikləri problemlər nələrdir?

Teleqraf.com-un sorğusunda bu suallara elə fotoqrafların özündən cavab almağa çalışdıq:

“Sərgi salonları çox bahadır”

Tanınmış fotoqraf Şahin Yüksəl Sərkərov uzun illərdir ki, bu sənətlə məşğuldur: “Bu sahədə problemlər çoxdur. Öncə ondan başlayaq ki, bizim fotoqrafların da Rəssamlar İttifaqı, Bəstəkar İttifaqı kimi bir məkanı olmalıdır. Ora toplaşıb, problemləri müzakirə edib, əsərlərimizi sərgiləyərdik. Çünki sərgi salonları çox bahadır. O məkanların kirayə qiyməti 300-400 manatdan başlayır. Buna da hər fotoqrafın gücü çatmır. Yer, maliyyə olmadığına görə fotoqraflar sərgilərini təşkil edə bilmirlər. Normal sərgi etmək üçün 8-9 min pul lazımdır. Sənətə pul xərcləmək istəyən mesenatlar da yoxdur.

Fotoqrafların qazanc yeri azdır. Demək olar ki, indiki şəraitdə fotoqraflar əsasən toylardan qazanırlar. Amma inanın, heç onlar da ordan böyük pullar götürmürlər. Restoran müdirləri gəlirin 70 faizini özləri götürüb, 30 faizini fotoqraflara verirlər.

Əvvəllər dövlət qurumları öz işləriylə bağlı yerli fotoqraflara müraciət edirdi, amma indi bəzi qurumlar əcnəbi ölkələrdən fotoqraflar dəvət edib, işlərini onlara gördürürlər. Bu da bizim üçün təhqirdir.

İçəri Şəhərdə şəkil çəkmək istəyirsən, bir cavan oğlan gəlib deyir ki, pul ödəyin, sonra çəkin. Mən fotoqrafam, ürəyim istəyən vaxt şəhərimdə foto çəkə bilərəm. Niyə buna görə pul ödəməliyəm? Gülüncdür.

Fotoqrafiya Azərbaycanda sənət kimi qəbul olunmur. İncəsənətlə məşğul olan insanlar bu sənətin dəyərini yaxşı anlayırlar, amma digərləri... Fotoqrafiya rəssamlıqla kinonun arasında körpüdür. Xarici ölkələrdə foto sənətinə və fotoqraflara çox böyük hörmət edirlər. Yalnız bizdə bu sənətə barmaqarası baxırlar. Ən acınacaqlı hal odur ki, deyirlər fotoqrafların işi bir “çık” eləməkdir. Bu, dəhşətdir.

Doğrudur ki, hər əlinə kamera alan özünə fotoqraf deyir. Amma digər tərəfdən düşünmək lazımdır ki, gedib pis işlərə qurşanmaqdansa, sənətlə məşğul olması daha yaxşıdır. Onsuz da bütün sənətlərdə olduğu kimi bu sənətdə də ələnmələr olur”.

“Özlərinə "kruq" yaradıblar”

Gənc fotoqraf-aktyor Nihad Qulamzadə sənədli-bədii fotoqrafiya ilə məşğuldur: “Fotoqrafiyada hər zaman problemlər olur, olacaq. Biz daha çox insanlarla işləyirik. İnsanlar da müxtəlifdir. Üstümüzə hücum çəkəni də olur, xoş qarşılayıb, təşəkkür edən də. Bu sənətin bu riski var. Başına nə gələcəyini qabaqcadan bilmək çox çətindi. Ona görə də hər şeyə hazır olmaq lazımdı.

Daha çox regionlarda çəkiliş edərkən, ya siravi vətəndaş tərəfindən ya da dövlət qurumunda işləyən şəxslər tərəfindən problemlər yaranır. Onları da qınamalı deyil. Çünki region ərazilərinə ildə bir dəfə fotoqraf gedir, ya yox. Buna görə də ora gələnə şübhə ilə yanaşırlar.

Ümumiyyətlə, yaranan problemləri hər kəs özü həll edə bilər. Müxtəlif üsullarla. Bunu da edə bilmək üçün işə daha peşəkar yanaşmaq lazımdır.

Hazırda Azərbaycanda olan ümumi fotoqrafiya problemindən danışsaq, ən böyük problem fotoqrafların bir araya gələ bilməməsidir. Mən bunu 2 il əvvəl də demişdim. Bir dənə Azərbaycan Fotoqraflar Birliyi var. Allah onların canını sağ eləsin. Amma onlar da özlərinə "kruq" yaradıblar, özləri üçün "yeyib-içirlər". Onların "kruq"una da qoşulmaq üçün gərək onlar kimi olasan. Bu da uzun və incə bir yoldur.

Azərbaycanda olan yeganə Fotoqraflar Birliyi də doğru-düzgün iş görmür. Əsas problem budur.

Fotoqraflar hərəsi bir yerə səpələnib, qruplara bölünüblər. Halbuki birlik olsa, Azərbaycan fotoqrafiyasını ciddi şəkildə inkişaf etdirmək və dünyaya tanıtmaq olar”.

“Fotoqrafa hücüm da olunur”

Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin üzvü, aylıq müsabiqənin kuratoru Fərqanə Qasımlı: “Azərbaycanda əsas problemlərdən biri sponsursuz foto layihələri həyata keçirə bilməməkdir. Bu layihələr sərgilər, fotokitab, fotoseminarlar aiddir. Buna baxmayaraq AFB öz daxili maliyyəsi hesabına fotoyürüşlər, müsabiqələr, seminarlar keçirir. Bu da bizim sənət potensialımızı əks etdirmir. Ölkəmizdə çox istedadlı fotoqraflar var ki, onların potensialından kifayət qədər istifadə edə bilmirik.

Fotoqrafların üzləşdikləri çətinliklərə gəlincə, problemlər əsasən şəhərdə foto çəkərkən yaranır. Bu problemlə üzləşən fotoqraf kimi onu deyə bilərəm ki, insanların 80%- i onların fotolarının çəkilməsinə etiraz edir, hətta fotoqrafa hücüm da olunur. Xarici ölkələrdə belə problem yaşanmır.

Hər peşənin çətinliyi olduğu kimi fotoqrafiyanın da qadın üçün yetəri qədər çətinlikləri var. Bu sənətin vurğunu olduğuma görə o çətinliklərin öhdəsindən gəlməyə çalışıram. Çəkilişlərə gedərkən yerindən, məkanından asılı olaraq qarşıma çıxacaq maneələrə hazır gedirəm. Gedəcəyim məkanda artıq məni hansı problem gözlədiyini sanki bilirəm. Əgər fotoqrafiyanı sevirsənsə başına gələcək hadisələrə baxmayaraq işini layiqincə görməlisən”.

“Toy-foto biznesi öləcək”

Vaxtilə Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu saytımıza müsahibəsində Azərbaycanda fotoqrafiyadan təhsil verən heç bir qurumun olmadığını deyib: “Birliyimizin əsas məqsədi Azərbaycanda fotoqrafiya sənətini təbliğ etmək, bu sənəti incəsənətin bir növü kimi tanıtmaq, fotoqrafiya vasitəsilə informasiya yaymaqdır. Bu istiqamətdə çalışırıq və bacardığımız işləri görürük. Amma bu gün Azərbaycan fotoqrafiyasının qarşısında çox böyük problemlər dayanıb. İndiyə kimi bizdə fotoqrafiya haqqında yalnız bir diplom işi yazılıb. Bu da onu göstərir ki, foto sənətimiz araşdırılmayıb.

Son dövrlərdə iki nəfər (biri Polşada, o biri Çexiyada) fotoqrafiya üzrə təhsil alıb. Maraqlısı da odur ki, işə götürərkən heç kim fotoqrafdan sənəd tələb etmir. Çox təəssüf ki, fotojurnalistika hələ də sovetlərin mirasıyla davam edir. Fotojurnalistin çəkdiyi fotoları redaktə edən fotoredaktorlar olmalıdır. Müasir dövrdə Azərbaycan fotoqrafiyası haqqında heç bir sənətşünas, tənqidçi nə yazır, nə araşdırma aparır, nə öz fikrini bildirir.
Ən böyük problem isə odur ki, fotoqrafiya Azərbaycanda incəsənətin yaradıcı növü kimi qəbul olunmur. Dünya muzeylərində fotoqrafların işi sənət əsəri kimi alınıb fondlarda saxlanılırsa, bizim fondlardakı fotolar yalnız texniki sənət formasında təzahür edir.

Bakıda 5 mindən çox adam foto çəkir və “facebook”da özünü fotoqraf adlandırır. Bilirsiniz, əgər onlar çiyinlərində fotoaparat gəzdirib, foto çəkib pul qazanırsa, bəs özünə nə ad verməlidir? Amma bir məsələ də var. Bütün bu bolluqda insanlara elə gəlir ki, hər bir adam fotoqraf ola bilər. Bəli, foto aparatın düyməsini hamı basa bilər, amma fotoqraf olmaq üçün bu, yetərli deyil. Fotoqraf olmaq üçün bu dünyaya başqa gözlə baxmaq lazımdır.

İndi toy və qlamur fotoqrafiyası çox dəbdədir. Çünki yaxşı pul gətirir. İnandırıram sizi, bu templə getsək, bir neçə ildən sonra toy -foto biznesi öləcək və bu sahədə də böyük pullar qalmayacaq”.

http://kult.az/news.php?id=20465#.V8ADhVuLTIV

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər