Türkiyədə yaşayan müğənni Azərin bu gün dünyasını dəyişən bəstəkar Oqtay Zülfüqarovu yad edib.
Teleqraf.com xəbər verir ki, müğənni bəstəkarla bağlı bir xatirəsini sosial şəbəkədə bölüşüb: “Oqtay müəllim də fani dünyamızı tərk etdi. Uşaqlıq illərimizin qəhrəmanı idi o… Bilirsiniz niyə? Çünki biz uşaqları çox düşünərdi. Bizim üçün bəstələyərdi. Elə davranışları da uşaq kimi idi: Pak, saf, büllur…
Heç unutmayacağım bir hadisəni paylaşmaq istəyirəm: günlərin bir günü bir proqrama dəvət aldım. Yanılmıramsa, 2003-cü il idi. Gələndə gördüm ki, Oqtay müəllim də bu proqramda qonaqdır. Biz münsif olaraq proqrama dəvət almışdıq. İstedadlı balaca uşaqları seçmək lazım idi. Uşaqlar müxtəlif mahnılar oxuyurdular. Amma heç biri uşaq mahnısı oxumurdu. Ağzını açan “Depresyondayım” deyirdi. Axırda Oqtay müəllim qalxdı və otağı tərk etdi.
Çox üzülmüşdü. İllərini musiqiyə, bəstəkarlıq məktəbinə, biz uşaqların tərbiyəli, mənəviyyatlı, vətən sevgisiylə yetişməsinə həsr edən insan, incimişdi hamımızdan.
Oqtay müəllim, Allah sizə rəhmət eləsin. Məkanınız cənnət olsun. Siz tək mənim yaddaşımda deyil, Azərbaycan musiqi tarixində yaşayacaqsınız!”
Pərvin