4 Sentyabr 2016 12:10
37 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir ərəbdən soruşursan ki, sən kimsən?

Deyir: — Ərəb!
— Sən nə dindəsən?
— İslam.
— Nə dildə danışırsan?
— Ərəb.
İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir. Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdölüllah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir. Həmçinin rus, erməni və sairə. Amma bizim bir nəfərimizdən sor ki,
— Sən kimsən?
Deyər müsəlmanam.
— Hankı millətdənsən?
— Müsəlman millətindən.
— Nə dinindəsən?
— Müsəlman dinindən.
— Nə dili danışırsan?
— Müsəlman dili.
Halbuki, özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman — yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur”.

Təqdim etdiyimiz bu yazı bəstəkar, publisist Üzeyir Hacıbəylinin 1910-cu ildə “Həqiqət” qəzetində çap etdirdiyi “Dil” adlı məqaləsindəndir.

XIX əsrin sonlarına qədər Azərbaycanda millət anlayışı siyasi mahiyyət kəsb etmirdi. Ölkədə yaşayan əhali özünü İslam dünyasının bir parçası hesab edərək müsəlman adlandırırdı.

XX əsrin əvvəllərində Çar Rusiyasında baş verən inqilablar, bunun nəticəsində xalqların əldə etdiyi kiçik azadlıq dönəmin ziyalılarının millət yaratma vəzifəsini öhdələrinə götürmələrinə səbəb oldu.

Özünü müsəlman adlandıran bir xalqa öz milli kimliyini aşılamaq, əlbəttə ki, çətin idi. Buna baxmayaraq, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Cəlil Məhəmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və digərləri bu prosesin önünə keçdilər. Əvvəl türk, sonra müsəlman olmanın gərəkliliyi yazılarda öz əksini tapmağa başladı. Məsələn, Ö.F.Nemanzadə yazırdı: “Sən ey türk! Nə əqidədə, nə məsləkdə olursan-ol, həmişə türksən! Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin...”.

Dilimizin türk dili, millətin isə türk milləti adlandırılması Cümhuriyyət dönəmində rəsmi təsdiqini tapdı. Belə ki, hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə türk dili dövlət dili elan edildi. Tədricən dövlət qurumlarında türk dilinin üstünlük qazanması üçün addımlar atıldı.

Məsələn, bu qərarın elanından sonra daxili işlər naziri Behbud xan Cavanşir “Azərbaycan” qəzetinin müxbiri ilə müsahibəsində deyir: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi… hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcək. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcək. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.

Türk dilinə önəm verən hökumət qeyri-türk Azərbaycan vətəndaşlarının dövlət dilini öyrənməsi üçün 1919-cu ilin sentyabrında kurslar təşkil edir, bu məqsədlə 351 min manat vəsait ayrılır.

Türk dilinə önəm verən mühüm orqanlardan biri də parlament idi. Parlamentdə rəsmi dil türk dili idi, qeyri-türk vəkillərin rus dilində çıxışı məqbul sayılsa da, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi.
Dövlət Universitetinin açılması ilə bağlı aparılan müzakirələrdə dərslərin türk dilində verilməsi və dili mükəmməl bilən müəllimlərin işə cəlb edilməsi ilə bağlı fikirlər söylənilir.

Hökumət 1918-ci ilin avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edir. Qərara görə, bütün ibtidai tədris müəssisələrində tədris ana dilində aparılır, eyni zamanda, dövlət dili icbari qaydada tədris olunur.

1918-ci il dekabrın 27-də isə hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə türk dili orduda da dövlət dili kimi qəbul edilir. Hərbi nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında tələb qoyur ki, bir ay müddətində, heç olmasa, komanda sözlərinin türkcə qarşılıqlarını öyrənsinlər və əsgərlərə türk dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.

Baş nazir Fətəli xan Xoyski isə bu islahatlar barədə deyirdi: “İndi, şükürlər olsun ki, bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər”.

Cümhuriyyətin işğalından sonra dil siyasəti bolşevik hökuməti tərəfindən davam etdirildi. Cümhuriyyət parlamentinin qəbul etdiyi, lakin həyata keçirməyə ömrünün yetmədiyi latın qrafikasına keçid 1922-ci ildən etibarən tətbiq edilməyə başlandı. Artıq kitablarda, qəzetlərdə “türk dili”, “türk milləti” ifadələri daha çox nəzərə çarpırdı.

Bakıda Türkoloji qurultay keçirildi (1926). Bolşevik işğalına baxmayaraq, əyalətlərdə üsyanlar davam edirdi. Buna görə də ruslar bolşevik hökumətində təmsil olunan milli kadrlara qarşı münasibətdə ehtiyatlı davranırdılar və onların bir çox istəklərinə münasibətdə güzəştə getməli olurdular. Türkoloji qurultay da belə şəraitdə baş tutmuşdu.

Lakin 1925-ci ildə İranda Pəhləvilərin hakimiyyətə gəlməsi Güney Azərbaycanda, 1937-ci ildə isə repressiyaların başlanması Quzey Azərbaycanda milli faciənin yaşanmasına səbəb oldu.

Belə ki, Pəhləvilərin hakimiyyətə gəlməsindən cəmi bir il sonra Əhməd Kəsrəvinin başçılığı ilə Azərbaycan türklərinin tarixinin saxtalaşdırılmasına başlanıldı. Ə.Kəsrəvinin 1926-cı ildə Tehranda “Azəri və yaxud Azərbaycanın qədim dili” adlı kitabı çap olundu və burada o, öz təxəyyülünü isbat etməyə çalışırdı.

Professor Ədalət Tahirzadə bu barədə qeyd edir: “SSRİ-nin ilk konstitusiyasında “türk” sözünü “azərbaycanlı” sözü əvəz elədi. Bu prosesi Şimali Azərbaycanda sovetlər və Stalin aparırdısa, İranda Pəhləvi rejimi davam etdirirdi. 1926-cı ildə Kəsrəvi azəri məsələsini ortaya atdı. O iddia edirdi ki, azərilər qədim farslardır, fars dilində danışıblar. Ancaq sonradan bu farslar türkləşib türk dilində danışıblar. XII-XV əsrdən sonra qədim farslar türkcə danışmağa başlayıblar.

Kəsrəvi iddia edirdi ki, indiki Azərbaycan əhalisi qədim azərilərdir, yəni farslar. Bu məsələdə sovetlər birliyi ilə Pəhləvi rejiminin siyasəti üst-üstə düşdü. Yəni hər ikisi bu bölgənin türklərini öz adından məhrum etməyə çalışırdılar. Azəri qondarma bir addır. Türk millətini parçalamaq üçün Pəhləvi rejiminin ortaya atdığı ideyadır. Təəssüf ki, Türkiyədə də bu sözü işlədirlər. Bununla da yanlış yapırlar. Onlar da bizi türk kimi qəbul etməlidirlər. Azəri sözünü Türkiyədə ilk dəfə ilk Türk ensiklopediyasında Mehmed Fuad Köprülüzadə ortaya atıb və azəriləri Azərbaycanın türk əhalisi kimi qeyd edib. Bundan sonra Türkiyədə Azərbaycan türklərinə azəri deyilib və hələ də deyilir”.

Göründüyü kimi, İranda Pəhləvilərin hakimiyyətə gəlməsi, Azərbaycanda isə bolşevik hökumətinin güclənməsindən sonra hər iki tərəfin ortaq marağına uyğun olaraq Azərbaycan türklərini tarixi keçmişdən, etnik yaddaşdan məhrum etmək üçün xüsusi plan hazırlanır. Dili və xalqı dəyişmək mümkün olmadığı üçün dilin adını, millətin tarixini saxtalaşdırmağa başlayırlar. Türklər azərbaycanlı, türk dili Azərbaycan dili kimi qələmə verilir. Millət isə türkləşmiş farslar kimi təqdim olunur.

Artıq Sovet Azərbaycanının 1937-ci il Konstitusiyasında “Azərbaycan dili” ifadəsinə rast gəlinir.

Maraqlıdır ki, bu illərdə Azərbaycan mühacirləri arasında da bu məsələ ətrafında qızğın polemikalar aparılır. Mühacirlərin bəzi qanadı digərini “azərbaycanlı”, “azəri” ifadələrini işlətdikləri üçün sərt şəkildə qınayır. Mühacirlərin bəzilərinin “azəri” sözünü işlətməsinin səbəbi artıq Türkiyədə Atatürkün milləti “türk” adlandırmasına görə idi. Görünür, orada özlərini ifadə etmək üçün bu sözdən istifadə ediblər.

SSRİ dağıldıqdan sonra 22 dekabr 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Konstitusiya qanununa əsasən, yenidən Türk olduq, lakin son Azərbaycan Konstitusiyası bizi yenidən Azərbaycanlı etdi.

… Bu yaxınlarda şəxsi kolleksiyama yeni bir vəsiqə əlavə olundu.

Vəsiqə Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin Xəlq Daxiliyyə Komisarlığı tərəfindən verilən “Şəxsi şəhadətnamə”dir. Yəni Sovet Azərbaycanının ilk şəxsiyyət vəsiqələrindən biridir. Bu vəsiqə 1930-cu il noyabrın 18-də Cəbrayılda doğulmuş Əlisaab Novruzov (1895 təvəllüd) adlı bir vətəndaşa verilib. Şəxs haqqında məlumatın dördüncü bəndində isə rus dilində belə yazılıb: Milliyyəti: Tyurok.

Yəni, Türk.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər