Kanadada keçirilən 40-cı Beynəlxalq Monreal Film Festivalı başa çatıb. Festivalda Türkiyə qonaq ölkə qismində iştirak edib.
Anadolu xəbər agentliyinin məlumatına görə, festivalda rejissor Rey Ülvinin ekranlaşdırdığı “Küləkdə tərpənən Nilufər” adlı film “Ən yaxşı ssenari” mükafatına layiq görülüb. Bundan əlavə, festivalda “Ən yaxşı film mükafatı” nominasiyası üzrə Xorvatiya, Çexiya, Makedoniya və Sloveniyanın birgə istehsalı olan və rejissor Rajko Grlicin ekranlaşdırdığı “Konstitusiya” (The Constitution) filmi də mükafat qazanıb.
Sözügedən festivalda Türkiyə 11 yeni filmlə təmsil olunub. Festival çərçivəsində türk film istehsalı olan “Toz” və “Yemekteydik ve Karar verdim” filmlərinin premyerası uğurla baş tutub.
Qeyd edək ki, Azərbaycan da ötən il bu festivalda müxtəlif ekran əsərləri ilə təmsil olunaraq bir sıra mükafatlara sahib olub.