6 Sentyabr 2016 17:47
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının kollektivi tanınmış teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın anadan olmasının 81-ci ildönümü münasibətilə Fəxri Xiyabanda olub.

Teleqraf.com xəbər verir ki, teatrın bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət çıxış edərək, Səyavuş Aslanın yaradıcılığı haqqında danışıb, görkəmli aktyorun Azərbaycan teatr və kino sənətində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

O bildirib ki, Səyavuş Aslanın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının qəlbində hörmət və ehtiramla yaşayır, tamaşaçılar onun yaratdığı obrazları hər zaman sevgi və sayğı ilə yada salırlar. Faciə və dramatik rolların məharətli ifaçısı olan Səyavuş Aslan xoşbəxt sənətkar kimi sənət aləmində öz missiyasını şərəflə yerinə yetirib, Azərbaycan mədəniyyətinin sərhədlərini hər zaman genişləndirib.

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Siyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il Ağası Məşədibəyovun “Toy kimindir?” tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib.

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 1995-ci ildə “Şöhrət” ordeni ilə, 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.

Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Nərmin


Müəllif: