10 Sentyabr 2016 16:09
3 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com fiziki məhdudiyyətli insanlar üçün yaradılan ƏSA Teatrının təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə ilə müsahibəni təqdim edir:

– Nihad, fiziki məhdudiyyətli insanlarla birgə ƏSA Teatrı yaradacağın barədə hamımız oxumuşuq. İstəyirəm bir az ətraflı məlumat verəsən...

– Fiziki məhdudiyyətli insanlar üçün belə teatr yaratmaq ideyası çoxdan var idi. Həmişə düşünürdüm ki, bu insanların içində nə qədər istedadlılar var, onların da bir teatrı olsun, onlar da özlərini ifadə edə bilsinlər. Hələ o vaxt ODA ilə əməkdaşlıq edəndə Elminə (ODA Teatrının bədii rəhbəri Elmin Bədəlov nəzərdə tutulur). demişdim belə bir ideyam var, tamaşa hazırlamaq istəyirəm. Sonra işlər çox oldu, bu fikrimi müvəqqəti olaraq təxirə saldım. ODA-dan ayrılandan sonra bu ideya məni yenidən məşğul elədi. Bir neçə dostla məsləhətləşdik və “Ya Allah”, –dedik, – başlayaq...

– İndi işin hansı mərhələsindəsiniz? Məncə, müəyyən humanitar təşkilatlar sizə maddi-texniki yardım göstərə bilər. Ən azından bir müddətlik icarə haqqını ödəyələr...

– Elə biz də onun üçün çalışırıq. Bir neçə yerə müraciət eləmişik, görək nə yazırlar. Bir tamaşa ideyamız da var, peşəkarlarla müzakirə gedir. Texniki məsələləri həll edə bilsək, yaradıcı işlərin, problemlərin həllinə daha ürəklə yanaşa bilərdik.

– Kimlərlə işləyəcəksiniz?

– Bu işdə qardaşım Nicat Qulam da mənimlə olacaq. Elə teatrın adını da o qoyub. Ondan başqa, Murad Məmmədov (teatrın dirketoru), Orxan Adıgözəl kimi dostlarla çalışacağıq. Bizim teatrın əsas bazasını fiziki məhdudiyyətli insanlar təşkil etsə də, başqa dostlarla da işləmək arzusundayıq. Əvvəllər bir neçə dəfə əməkdaşlıq etdiyim, çox şey öyrəndiyim İmam Həsənovu, İlqar Cahangiri teatrda görməkdən qürur duyardıq. Mən onlardan çox şey öyrənmişəm, bu gün də öyrənməyə davam edirəm. Elminin özü də teatrın yaradıcı tərəfini mənimsəməkdə çox köməyim olub.

Mən bu teatrla bağlı bir incə məqamı aydınlaşdırmaq istəyirəm. Çox adamda yanlış bir qənaət var: onlar elə bilir ki, biz öz teatrımızı, tamaşalarımızı, fiziki məhdudiyyətli insanların əngəlləri üzərində quracağıq. Qətiyyən belə deyil. Tamamilə əksinə olacaq. Biz elə tamaşalar qurmağa çalışacağıq ki, orada aktyorun hansı məhdudiyyətinin olması bilinməsin, hiss olunmasın. Əlilliyi olan aktyor səhnəyə çıxdığı zaman “əlilliyi olan” sözü geridə qalmalıdır. Qalacaq da.

– Maraqlıdır...

– Ümumiyyətlə, hansısa qəzadan sonra sağlamlığını itirən, yaxud anadangəlmə məhdudiyyəti olan insanların dünyası bizdən fərqli olur, onlar bu əngəlli dünyalarını rəngləndirmək üçün çaba göstərirlər. Belə şeylər insandan tək əzm, iradə yox, həm də yaradıcı fantaziya tələb edir. Biz onların dünyasına işıq tutmağa, bu dünyanın həqiqətlərini öz sənətimizlə göstərməyə çalışacağıq.

– Sən fiziki məhdudiyyətli insanlar üçün teatr yaradırsan. Belə bir fikir də var ki, sənət adamlarını bu aləmə uşaqlıqlarında keçirdikləri sarsıntılar gətirir. Necə bir uşaqlığın olub, teatra gələn yolun hardan keçib?..

– Uşaqlığım o qədər də xoşbəxt keçməyib. Atamla anam hələ mən doğulmamışdan ayrılmaq istəyirmişlər. Məlum olub ki, mən anadan olacam. Deyiblər uşağa görə ayrılmayaq. Yəqin mənim onları bir-birlərinə daha çox bağlayacağımı düşünüblər. Amma mən də bacarmadım bu işi. (gülür)

– Deməli, ayrıldılar...

– Hə, ayrıldılar. Bilirsən, bizim ata tərəf ziyalı ailə olub. Anamgil isə o qədər də yox. Hərdən düşünürəm ki, yəqin ona görə alınmayıb. Elə yaxşı da ayrılıblar. İnsan bir-birini vərəmlədib öldürməkdənsə, ayrılsa yaxşıdır.
Uşaq vaxtı bunu özümə çox dərd eləyirdim, valideynlərimin ayrılığı məni sarsıtmışdı.

Mentalitetin dəhşətli basqısı olan bir məhəllədə böyümüşəm. Valideynlərim ayrıldığına görə bir az nəzarətdən kənar qalmışdım. Yaşıma uyğun olmayan yerlərə gedirdim, yaşıma uyğun olmayan adamlarla oturub-dururdum. Buna görə başqa valideynlər övladlarının mənimlə oturub-durmağını, oynamağını istəmirdilər. Dəfələrlə qulağım eşidə-eşidə uşaqlarına demişdilər ki, o yersiz-yiyəsizlə gəzmə. Belə şeylər adama təsirsiz ötüşmür. Özünə balaca bir dünya qurursan, hər şeydən, hamıdan qaçmaq istəyirsən...

– Uşaqlığınla bağlı hansısa məqam varmı ki, onu ata-anana bağışlaya bilmirsən?

– Uşaqlığımla bağlı unuda bilmədiyim bir məqam var. Mənə ad günümdə heç vaxt hədiyyə almırdılar. Kasıblığın ən pis vaxtı idi. Heç oyuncağım da olmayıb. Qardaşımın bir meymunu vardı, onu oynadırdım, elə özümə oxşayırdı (gülür).

Bir dəfə ad günümdə atam radioda işləyən dostuna demişdi canlı efirdə məni təbrik eləsin. Hamımız yığıldıq radionun başına, atamın dostu məni təbrik elədi, dedi axşam Nihad balaya çoxlu hədiyyə gələcək. Gecəyə kimi çox həyəcanla gözlədim, elə bildim mənə yaxşı bir hədiyyə alacaqlar. Amma axşam atam gələndə əli boş idi. Bağışlamamaq-filan yoxdu, sadəcə, xatirədi də, adam unuda bilmir...

Belə çətin, sarsıntılı günlərin birində özümə söz verdim ki, mən avara olmayacam. Çünki artıq daxilən bu adamlardan olmadığımı, tamam başqa işlərlə məşğul olmaq istədiyimi duymuşdum. Yavaş-yavaş dərnəklərə getməyə, məktəbdə tamaşalar qurmağa başladım. Sonrasını isə hamı bilir: ODA, ADO, fotoqraf fəaliyyəti, müəyyən qədər jurnalistika...

– Yeri gəlmişkən, sanki bir az dağınıqsan. Artıq bir yerə fokuslanmağın zamanı gəlmədimi?

– O, mənim ruh halımla bağlıdır. Ovqat adamıyam, tez-tez fikrimi dəyişə bilərəm. Bir də görürsən bir qızı bəyəndim, fikrim-zikrim günlərlə o qız oldu, amma bir az yaxınlaşandan, bir neçə gün keçirdikdən sonra görürəm, yox ey, mənlik deyil, bu adam məni başa düşmür.

Həyatımda bir qız var idi, məni çox istəyirdi. Çox yaxşı insandır. İnan Allaha, mənim üçün hər şeyin yaxşı olmasından ötrü əlindən gələni eləyirdi. Amma onunla da rahatlıq tapa bilmədim. Görürdüm mən teatrdan danışıram, o, tutaq ki, çilçıraqdan. Yəni başqa adamlarıq də, ayrı-ayrı dünyaların adamlarıyıq. Qınamalı deyil, heç kim ana bətnində teatrın nə olduğunu bilməyib. Amma iç məsələsi var. Bir az tanıyandan sonra bilirsən ki, sənlik deyil.

Hərdən də deyirəm yəqin yaşla bağlıdır. Müəyyən yaş keçəndən sonra düzələr, özümə konkret bir yol tutaram. Dəqiq bildiyim bircə odur ki, həyatım incəsənətlə bağlı olacaq. Və tək teatrla da yox. Mən ürəyimin istəmədiyi işlə məşğul ola bilmərəm.

– Nihad, bəs təhsilinlə bağlı nə düşünürsən. Bunun acısını çəkmiş, bu gün əziyyətini görən adam kimi deyirəm: yeniyetmə yaşından sənət mühitinə düşməyin sənə xeyirlə yanaşı zərər də verə bilər. Gələcəkdə təhsil almağı ertələyib-ertələyib, özünü çətinə salarsan...

– Mən gözümü açandan ali təhsilli, savadlı əmilər, bibilər, qohumlar görmüşəm. Tez-tez özümə deyirəm: “Sən Qulaməlinin (Tanınmış professor Qulaməli Qulamov) nəvəsisən!” Ata tərəfdə oxumayan, ali təhsil almayan uşaqlar bircə bizim ailədən çıxıb.

Təhsil məsələsinə gələk. Əmim Avropada yaşayır, Bakıya gələndə dedi gəl səni özümlə aparım, orda dil öyrən, istədiyin sahə üzrə oxu. Amma getmədim. Yekə çıxmasın, mənə burda ehtiyac var, burda insanlara daha çox gərəkliyəm. Bizim haqqımızda bəzən elə fikir formalaşdırırlar ki, guya biz vətənimizi sevib eləmirik. Amma bu, yanlışdır. Mən şəxsən burdan uzaqda, camaatımızdan, dilimizdən ayrı yaşaya bilmərəm.

Nə vaxtsa təhsil almaq üçün xaricə getsəm belə, mütləq qayıdaram. Amma hələ ki, burda təhsil almaq fikrindəyəm.

– Nihad, sənə uğurlar arzu edirəm. Ümid edirəm ki, nə vaxtsa Avropaya getmədiyinə görə peşman olmazsan...

– Çox sağ ol, mən də sənə uğurlar arzu edirəm.


Müəllif:

Oxşar xəbərlər