16 Sentyabr 2016 13:44
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

97 yaşında – yatağında, qəfildən öləcəyini demişdi. Babasının ölüm yaşında.

Bir müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi aman vermədi. Ancaq türk kinosu tarixinə adını yaza bildi. Özü də böyük hərflərlə!

Tarık Akan 1949-cu ilin 13 dekabrında, İstanbulda dünyaya göz açıb. Üçuşaqlı ailənin ən kiçiyidir. Əsl adı isə Tahsin Tarık Üreyildir.

Zabit atası Yaşar bəyin ordudakı vəzifəsinə görə Ərzurumda başladığı ibtidai sinifi Kayseridə başa vurur, atası təqaüdə çıxdıqdan sonra İstanbula köçürlər. Mühəndislik və jurnalistlik təhsili alır.

Kino karyerasına qədər Bakırköy çimərliklərində xilasedicilik və xırda-xuruş satıcılığı ilə məşğul olur.

1970-ci ildə kino aktyorluğu müsabiqəsinin qalibi olur və 1971-ci ildə “Solan bir yaprak gibi” filmiylə kinoya ilk addımını atır. Bu tarixdən sonra da Tarık Akan adından istifadə edir və bu adla tanınır. O, ömrünün sonuna kimi 111 filmə çəkilir.

Tarık Akan Əziz Nesin Vəqfinin rəhbəri olur, kinonun vəziyyətinin çətin olduğu 1975-80-ci illərdə taksi sürücülüyü ilə pul qazanır.

Siyasi hadisələrin yaşandığı 12 Sentyabrda 12 il həbs cəzası alır, ancaq 1 il yarım həbsdə qaldıqdan sonra azad edilir.

2002-ci ildə “Anne, kafamda bit var” adlı kitab çap etdirir və bu kitabda 12 Sentyabr çevrilişindən sonra yaşadıqlarını qələmə alır.

Şəxsi həyatı sarsıntılı keçən aktyor 1986-cı il avqustun 6-da Yasemin Erkutla evlənir və bu evlilikdən üç uşağı olur. Ancaq üç ildən sonra boşanır, sonra yenidən ailə qurur. Ötən il xərçəng xəstəliyi tapan Tarık Akan həyatının son illərini Bodrumdakı bağında yaşayır və ömrünü burda baş vurur.

Teleqraf.com aktyorun Türkiyə mətbuatına verdiyi müsahibələrdən birini təqdim edir:

– Kino karyeranıza “Yeşilçam” filmlərinin əsas kişi aktyoru olaraq başlamısınız. Ancaq daha sonra yolunuz dəyişdi və “Mədən”, “Sürü”, “Yol” filmlərində çəkildiniz. Bu dəyişmə necə oldu?

– 1970-cı ildə kinoya gələndə ancaq yaraşığıma görə salon filmlərində oynadım. O vaxt aktyorluğun, sənətin nə olduğunu bilmirdim. Hər il təxminən 12 filmə çəkilirdim. Aradan dörd il keçəndən sonra öz-özümə fikirləşməyə başladım: varlı ailənin uşağı rolunu oynayıram, ancaq mən elə deyiləm axı. Elə böyüməmişəm də. Varlı sinfinə bələd deyiləm. Bütün bunları içimdə sorğu-sual edəndən sonra narahat olmağa başladım. Həyatımı dəyişdirən adamlardan biri də Vasif Öngörəndir. O, Brexti ən yaxşı bilən, sosialist adam idi. Gecəm-gündüzüm onunla keçməyə başladı. Hər şeyi ondan öyrəndim.

“Yeşilçam”ın yeddi böyük şirkəti mənə etiraz etdi. Salon filmləri çəkmək istəmədiyim üçün Ertem Eyilmez (“Hababam sınfı”nın rejissoru) mənə qadağa qoydu, “Ac qalıb, mənim dediyimi edəcəksən”, – dedi. Ancaq mən inad elədim. Heç bir film təklifi gəlmirdi. Bir il boyunca yığdığım pulları da xərcləyib qurtardım. Elə bu vaxt “Mədən ” filminin təklifi gəldi, böyük bir iş bacardıq və mənə embarqo qoyan şirkətlərin ağzı açıq qaldı.

– Gülşən Bibikoğluyla bir-birinizə yaraşırdınız. Ona aşiq olmamışdınız ki?

– Salon filmləriylə yolu ayırandan sonra Gülşənlə eyni filmlərdə qarşılaşmadım. Çünki ondan bir kənd qızı, Anadoluda yaşayan bir qadın tipi yaratmaq çətiniydi. Ona görə də əlaqələrimiz qopdu. Aşiq olsam da, olmasam da bunu deyə bilmərəm. Sevgi həyatımdan danışmaq mənə yaraşmaz. Sevmədən heç nə gözəl olmur. Sevgin çoxalanda eşq başlayır. Bir insanın içində nə qədər çox sevgi varsa, o qədər çox xoşbəxt yaşayar.

– Yaxşı, gündəmdə daha çox canınızı sıxan nədir?

– Hər gün şəhid xəbəri almaq məni çox üzür...

– Sizi ən çox nə narahat edir?

– İnanc məsələsinin bu qədər siyasətin içində olması. Dünyəvilik olmadan demokratiya olmaz. Dünyanın heç bir konstitusiyası da bu iki şeyin bir yerdə olmasına, bu qədər açıq ifadə edilməsinə icazə vermir. Qadağandır. Heç kimdə günah yoxdur. Hamısı ABŞ-ın və Avropa Birliyinin ölkəmizdə rahat şəkildə at oynatmağından irəli gəlir.

– Yəni?..

– İnanc məhrəm bir şeydir.

– Sizi inanclı insan hesab etmək olar?

– Anam gündə 5 dəfə namaz qılar, eyni zamanda, makiyaj edər, saçını boyayardı. Nənəm də eləydi. Bacım da namaz qılardı. Mən belə bir ailədə yetişmişəm. Bütün inanclı insanlara hörmət edirəm. Amma siyasətin içinə qarışdığı an ona qarşı çıxıram. Təkcə islam üçün demirəm, xristianlıq da olsa reaksiyam eyni cür olar.

Mən də inanclıyam, amma bunu hər kəsin bilməyinə ehtiyac yoxdur. İnsan münasibətlərində və siyasətdə mənim inancımın yeri yoxdur.

– Bu yolda başınıza gələcəklərdən qorxmursunuz?

– Xeyr. Heç vaxt heç nədən qorxmamışam. Hər şey bu ölkə üçün. Yılmaz abi (Rejissor Yılmaz Güneyi nəzərdə tutur) və mənim kimilər bu yolda başımıza nə gələcəyini bilirdik. Gedərəm yaxşı da içəridə yataram, nə olacaq ki?

– Yaşadıqlarınızdan nə öyrənmisiniz?

– Mənim öz həqiqətlərim var və onlardan heç vaxt dönmərəm. Bu günə kimi nə etmək istəmişəmsə, etmişəm.

– İçinizdə qalan arzu varmı?

– İçimdə bir ağrı var. Hər yaşın özünə görə bir hədəfi, bir başqa qaçış sahəsi və başqa rəngi var. Mən indi nöqtəni qoymaq üzrəyəm.

Həqiqətləri dərk edəndən bu günə qədər həmişə özümü sorğulamışam. Özünü sorğulayan bir xarakterə sahibəm. Əvvəlcə özümü, sonra başqasını günahlandırıram. Doğru deyilən bir şey yoxdur, o, hər an dəyişə bilər. Ancaq mən heç vaxt dəyişmərəm.

Sevinc Fədai


Müəllif: