Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Yunanıstana yollanır.
Teatrın əməkdaşları Yunanıstanın Pieria bölgəsində keçiriləcək “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər festivalında iştirak edəcəklər.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, festivalda Azərbaycan dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında Əməkdar Artist Nicat Kazımovun hazırladığı “Xeyir və Şər” tamaşası ilə təmsil olunacaq.
Yunanıstana səfər edəcək yaradıcı heyətə teatrın quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov, aktyorlar Zümrüd Quliyeva, Səbinə Məmmədova, Bəhram Həsənov və işıq üzrə rəssam Vadim Kuskov daxil edilib. Səfər cari il sentyabrın 19-dan 23-dək davam edəcək.
Festivalda ölkəmizin iştirakı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq.