Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni - 89-cu teatr mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, tamaşadan öncə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək yeni mövsümün yenilikləri haqqında danışıblar.
Daha sonra “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın dağ yəhudi əsilli şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın “Tülkü tülkü tünbəki” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Eyniadlı səhnə əsərinə teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verib. Bədii rəhbəri Xalq Artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Səhnə əsərində aktyorlar İradə Rəşidova, Aygün Fətullayeva, Eldar İmanov, Eşqin Quliyev, Elnur Əliyev, Anar Səfiyev, Elşən Şıxəliyev iştirak edib.
Daha sonra sənət ocağında iki hissəli psixoloji dram janrında olan “Məhv olmuş gündəliklər” tamaşası təqdim olunub. quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Vaqif Əsədov olan səhnə əsərində musiqi tərtibatı Mixail Simonovski, rəqslərin quruluşu isə Əməkdar Artist Nicat Kazımova məxsusdur.
Tamaşada Əməkdar artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov, Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Anar Seyfullayev, İlham Əsədov, Kərəm Hadızadə və başqaları iştirak edib.