Teleqraf.com tanınmış rejissor İlham Qasımovla müsahibəni təqdim edir:
-“Yuxu”dakı Əliabbasla həyatımıza girdiniz. Sonra televiziya aparıcısı kimi sizi tanıdıq, son illərin səssizliyinə də kinorejissor kimi qarşımıza çıxmaqla son qoydunuz. Gələcəkdə kim olacağınıza dair uşaqlıq, gənclik arzularınız nə idi?
-Uşaqlıqda incəsənətə meylim olduğunu hiss edirdim. 10-11-ci sinifdə oxuyanda məktəbimizdə KVN yarandı və fikrim dəqiqləşdi. Universitetə qəbul qərarını ciddiyyətlə verməmişdim. Məktəbin son siniflərində artıq universitet təhsili haqda düşünürsən və hazırlaşıb, bal toplamaq ən ümdə məsələ olur. O zaman özümü mühəndis kimi təsəvvür edərək sənədlərimi Azərbaycan Texniki Universitetinə verdim və qəbul olundum.
Həyatım iki istiqamət üzrə davam edirdi: həm universitetdə avtomobil təsərrüfatı fakültəsində oxuyurdum, həm də KVN səhnəsində çıxış edirdim. Amma yaradıcılıq mühitinə düşən hər kəsin ondan xilası çətin olur. Səhnəyə çıxıb alqışları eşitdinsə bu, sənə rahatlıq vermir və pis bənzətmə olsa da deyəcəm: aludəçi olursan. Universitetin ikinci kursunda yəqin etdim ki, bütünlüklə incəsənətlə məşğul olacam.
-“Yuxu” filminə tələbəykən dəvət almışdınız?
-Bəli. Filmin rejissoru Fikrət Əliyev və ssenari müəllifi məni KVN səhnəsindən izləyib, sınaqlara dəvət etmişdi. Sınaqlardan uğurla keçdim və filmə təsdiq olundum.
-O vaxt peşəkar aktyorlarla oynamağın məsuliyyəti, həyəcanını hiss edirdiniz?
-Düzünü deyim, yox. 17 yaşım vardı və o hisləri qavraya bilmirdim. O zaman KVN eşqiylə yaşayan bir oğlan idim, düşünürdüm ki, Moksvaya gedəcəyəm və s. Təbii ki, meydançada başa düşürdüm ki, Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri kimdir. Amma indi o fürsət əlimə düşsəydi, tamamilə başqa cür yanaşardım, rejissorun yanından ayrılmazdım. O film mənim üçün böyük bir təcrübə, diplom işiydi.
-Rejissorluğa keçidiniz necə baş verdi?
-Televiziyada ilk verilişlərimi hazırlayanda uzun müddət aparıcı axtarırdıq. Sonra dedilər ki, niyə axtarırsan, onsuz da KVN-də aparıcılıq edirdin, bunu da bacaracaqsan. Beləcə müəllifi və rejissoru olduğum verilişlərə aparıcılıq etməyə başladım: ABA televiziyasında “İlk məhəbbət üçbucağı” və s... Sonralar aparıcısı olmadığım digər verilişlərə də quruluş verdim: “Mərc şou”, “Maşın şou” və s.
-Sonra da televiziyanı atıb, reklam şirkətinizi yaratdınız... Bu boşluqdan yoxsa maraqdan irəli gəlirdi?
-Maraqdan. Demək istəmirəm ki, televiziya artıq mənə maraqsız gəlməyə başladı, yox belə deyildi. Sadəcə, inkişaf dayanmışdı. Amma özümdə və həmkarlarımda daha çox potensial hiss edirdim. Bu potensialla da reklam bazarında özümüzü doğrulda bildik.
Növbəti pillə isə kino oldu. Bunu çoxdan arzulayırdım. Həmişə düşünürdüm ki, görəsən, nə vaxt kommersiya filmləri özünü doğtultmağa başlayacaq. Bəlkə də mən on ildir bu anı gözləyirdim. İndi artıq bəllidir ki, prioritetimiz yalnız kinodur.
-Kommersiya bazarına addım atmağa sizi nə, hansı filmin uğuru ilhamlandırdı?
-Şirkət sahibi olaraq reklam filmləri çəkəndə işin xərc və gəlirini dəqiq müəyyən edirdik. Kommersiya bazarına da bu düşüncəylə yanaşdıq. Ki, biz film çəkəcəyik və bunu sata biləcəyimiz bəlli bir kütlə olacaq. Kinoteatrlara hansı sayda və yaşda insanların gəldiyini düşünüb filmimizi də onlar üçün çəkdik. Təbii ki, bütün tamaşaçının istəyinin arxasınca getmədik, o mənada ki, televiziyalarda nəyin populyar olduğunu yaxşı bilirsiniz.
Hazırda kinoteatrlara çoxlu pul gətirə biləcək yeniyetmələrin zövqündə olan bir film çəkmək mənim daxili aləmimə zidd hərəkət olardı. Elə məhsul çəkmək istəyirdim ki, bir çoxlarının xoşuna gəlsin. Hamının xoşuma gəlməyə bilər, məsələn, yeniyetmələr bu filmi başa düşməyə bilər. Amma istəyirdim ki, 20-40 yaş arası gənclərin, valideynlərin belə başa düşəcəyi, baxa biləcəyi bir film çəkim. Bu artıq bizim daxilimizdən gələn bir istək idi, sırf kommersiya istəyi deyildi. Və əslində, kommersiya baxımından düzgün addım deyil.
-Bəziləri düşünür ki, kommersiya bazarının inkişafı türk komediyalarının uğurundan qaynaqlandı. Siz necə düşünürsünüz?
-Xeyir. Bu yalnız kinoteatr zallarının çoxalmasıyla əlaqədardır. Bəli, “Xoxan” geniş kütlənin izlədiyi ilk film oldu. Amma ondan 6 il öncə kinoteatr rəhbərləriylə danışıb, tamaşaçı sayıyla əlaqədar rəqəmləri analiz edirdik. Film ucuz məhsul deyil. Əksinə, bahalı məhsuldur. Kommersiya qurumu olduğumuza görə hədərə pul xərcləməli deyildik. Xərcləyiriksə ən azı filan qədər məbləğ geri qayıtmalı idi. Hələ ki, gəlirdən danışmaq olmaz. İndi əsas məsələ odur ki, çəkdiyin film özünü doğrultsun. Çox istəyirəm ki, bu sahə inkişaf etsin. Çünki “Yuxu”da çəkildiyim, gördüyüm, duyduğum hisslər məni indi də tək buraxmır. Mən gənc yaşımda o keyfiyyəti görmüşəm deyə keyfiyyətsiz iş görməyə haqqım yoxdur. Çox istəyirəm ki, filmlərimiz keyfiyyətli çəkilsin. Hələ ki, film gəlir gətirmir. Amma biz bu yolda vuruşuruq və arzu edirik ki, bir gün o da olsun.
-İlk filminizi çəkəndə sponsor axtarmışdınızmı?
-Bir-iki şirkətə təklif etmişdik. Amma gözəl bilirdim ki, onlar bizə indi kömək edə bilməyəcəklərini, “hələ çəkin görək nə çəkirsiniz” deyəcəklər. Biz də risk etdik və əmin idik ki, keyfiyyətsiz məhsul çəkmirik.
İkinci filmimizdə isə bizə dəstək olan şirkətlər oldu. “Kapital Bank” filmə baxandan sonra əvəzində reklam belə istəmədən bizə yardımçı olacaqlarını dedilər. Mən bu addımı alqışlayıram.
-Sirr deyilsə, “Oğlan evi 1” üçün nə qədər xərc çəkdiniz?
-Onun məbləğini açıqlamaq düzgün deyil. Ona görə ki, bizim reklam şirkəti olaraq bir çox işçi qüvvələrimizlə anlaşmalarımız var. Filmi çəkərkən bir çoxlarına xahiş etdim və onlar da çox şeyləri endirimlə, hətta pulsuz həll etdilər.
Birinci filmin dəyəri 400-500 min civarındadırsa, etiraf edim ki, biz ona daha az xərcləmişik və film gəlir gətirməyib.
-Bəs sizcə, ikinci filminiz gəlir gətirəcəkmi?
-Onu qışda biləcəyik. Sponsorlarımız olduğuna görə düşünürəm ki, xərcini geri qaytaracaq, amma qazanc çox cüzi olacaq. Çünki o biri filmlərdən fərqli olaraq biz keyfiyyətli görüntü almaq üçün çox maliyyə xərcləyirik. İstəyirik 5-10 məkanda deyil, 20 məkanda filmi çəkək ki, tamaşaçı filmə baxanda gözü yorulmasın.
-Qurşaqdan aşağı zarafatlarla bol olan filmlərin içərisində belə bir film çəkmək sizin üçün risk deyildi?
-Deyildi. 20 il işin içində olan bir adam kimi bunun düsturunu yaxşı bilirdim. Qurşaqdan aşağı zarafat etmək çox asandır, düşünülmüş zarafat etmək üçünsə ssenari üzərində 3-5 gün deyil, aylarla işləmək lazımdır. Ona görə rahatlıqla riskə getdik, əgər buna risk demək olarsa.
Əlbəttə, biz də zarafatlarımızı şillə-təpiklə eləsək, daha çox kütlə bizə baxardı. Mən istəmirəm ki, belə zarafatlar təbliğ olunsun. Əksinə, düşünülmüş zarafat təbliğ olunsun ki, yeniyetmə gənclərin düşüncə tərzi də getdikcə dəyişsin.
-Birinci filmdə Fərda, İslam və Elcanla maraqlı bir tandem yaratmışdınız. Bu, kimin fikriydi? Uğurlu tandemi sonra niyə dağıtdınız?
-İlk olaraq iranlı obrazı üçün Elcan Rəsulovu düşünmüşdüm. İlk təsdiqlənən obraz və aktyor o idi. Digərləri üçün uzun axtarışlarımız oldu və nəhayət müxtəlif tipajları bir araya gətirə bildik. Niyə üçlük? Çünki hərəsinin öz tamaşaçı auditoriyası var. Bu dünyada bilinən və istifadə olunan formuldur və biz də ondan istifadə etdik.
İkinci filmə isə tam fərqli yanaşdıq. Əhvalatımızı və qəhrəmanlarımızı dəyişdik. “Bozbaş pictures”dən Nicat Rəhimovu çağırdıq, tam fərqli tipajdır, onun da geniş tamaşaçı kütləsi var. Həmçinin peşəkar aktyor olmayan, vaynlarıyla böyük izləyici kütləsinə malik Hüseyn Əzizoğlunu dəvət etdik. Filmdə Hüseyni vayınlarından fərqli obrazda görəcəksiniz.
-Tamaşaçı kütləsi dediniz, ona görə soruşuram, nə əcəb Fəlakəti yəni Elşəni deyil, Nicatı çağırdınız. Kütlə baxımından Fəlakətin tamaşaçısı daha çoxdur.
-Obraz baxımından Nicatı seçdik. Əlbəttə, Elşənin kütləsi daha çoxdur, amma obraza uyğunluğu mütləq nəzərə alırıq.
-Bəs tandemi niyə dağıtdınız?
-Soruşsanız ki, növbəti filmdə necə olacaq, deyəcəm ki, orda da fərqli-fərqli obrazlar olacaq. Türkiyədə film bazarı simaların üzərində qurulub: seriallardan bir sima çıxır, onu filmə çəkirlər, sonra qızlar o filmə baxmağa gedirlər. Filmin keyfiyyəti ikinci planda qalır. Prodüserlər də çox əziyyət çəkmirlər. Film gəlir gətirir, amma mən bu ucuz tryuklara əl atmaq, simalara bel bağlamaq istəmirəm. Əlbəttə, filmdə sima vacibdir, amma önəmli deyil. Biz ikinci filmdə bunun önəmli olmadığını göstərmək istəyirik.
-Bizdə qeyri- peşəkar simaların film və seriallarda daha çox çəkilməsindən peşəkar aktyorlar çox gileylənir. Bu giley payının bir hissəsi rejissora, bir hissəsi prodüserə düşür. Sizcə, bu durumda kim haqlıdır?
-Bu, çox haqsız durumdur. Mən prodüser olaraq elə sima çəkməliyəm ki, o simaya görə tamaşaçı kinoteatra gəlsin. Bunlar isə Hüseyn, Elşən, Elcan kimi özünü internetdə, televiziyada tanıdan insanlardır. Filmin maddi baxımdan özünü doğrultması üçün mən onları çəkməliyəm. Təbii ki, peşəkar aktyorlar bu aktyorlardan qat-qat istedadlıdırlar, onlar öz həyatlarını bu işə sərf ediblər, amma bununla yanaşı onları çəkə bilmirik, çünki tamaşaçı onlara görə kinoteatra gəlməyəcək. Yenə deyirəm, bu, çox haqsız məsələdir. Amma nə edək ki, zəmanənin qaydaları belədir. Bəlkə də günah onların özlərindədir ki, internet vasitəsilə tanınmırlar. Bununla belə özlərinə qarşı o diqqəti istəyirlər. Ya istəməsinlər, ya da tanıtdırsınlar.
Mən nə qədər ki, bu sahədə varam əlimdən gəldiyi qədər peşəkar aktyorları da filmlərimdə çəkməyə çalışacam. Çünki onlar geniş diqqətə və daha çox maddi gəlirə layiq insanlardır.
-Belə bir fikir də var ki, peşəkar aktyorlar yüksək qonorar tələb edirlər.
-Yox, qətiyyən belə deyil. Bazarımız balacadır və hamı da bir-birini tanıyır. Çox yüksək qonorar tələb edənlər var, amma biz elə insanları öz ətrafımızdan xaric edirik. Əgər mən deyirəmsə ki, heç bir gəlir gətirməyən bir film çəkirəm, onda niyə çağırdığım adam məndən yüksək qonorar tələb etməlidir. Bu, düzgün yanaşma deyil. Heç kim heç kimin gəlirini kəsmir, amma adekvat gəlirlər olmalıdır. İzləyici sayı çoxala-çoxala qonorarlar da çoxala bilər. O zaman aktyor çox qonorar tələb edə bilər.
-Fuad Poladovu, Rasim Balayevi İlham Qasımov çəkmək istəyər?
-Düşünmürəm ki, onlar maddiyyata görə şərt qoyarlar. Onları öncə ssenari maraqlandırır. Ssenari xoşlarına gəlsə, məncə, müəyyən razılığa gələ bilərik. Sizə sirr açım, vaxtilə populyar aparıcı olduğum zamanlarda toylar aparmırdım. Ona görə dəvət gələn zaman qiyməti çox baha deyirdim ki, qorxub qaçsınlar. Düşünürəm ki, istedadlı aktyorlarımızdan olan Fuad Poladovu ssenari qane etmədiyinə görə həmin prinsipə köklənərək qonorarın məbləğini bilərəkdən yüksək deyə bilər. O kimi peşəkar aktyorları öncə ssenari qane etmir. Və tam da haqlıdırlar. Ona görə ki, bazarda olan ssenarilər hələ zəifdir.
-Bir prodüser kimi indiki gerçəklikdə dram janrında film çəkərsiniz?
-Mən indi o filmə pul buraxmaram. Bizim filmin özünü doğrultmağı həm də onunla əlaqəlidir ki, “Oğlan evi”nə ikinci, üçüncü dəfə gedib baxanlar var idi. Gülmək üçün ikinci dəfə kinoteatra gedirlər, amma ağlamaq üçün inanmıram. Bu baxımdan türkiyəlilər bizdən qabaqdadır.
Həm də bizdə qızların vurulacağı ulduz yoxdur. Türklərdə Burak, Barış var və qızlar onlara görə gedib kinoteatrda filmə dəfələrlə baxırlar. Niyə qızlar deyirəm? Çünki Türkiyə bazarında hansı aktyora baxılacağını qızlar müəyyən edir. Orda aktrisalar kütləni kinoteatra gətirə bilmirlər.
-Bu qədər seriallarımız çəkildi, amma yenə də ulduz yetişdirə bilmədik. Bunu nəylə əlaqələndirirsiniz?
-Vurulanda həmişə əcnəbiyə vurulursan. Çünki o uzaqdadır, əlçatmazdır.
-Axı Fuad Poladov, Rasim Balayev elə də uzaq keçmiş deyil. Yəni o vaxt bu mümkün idi.
-Fuad və Rasim müəllim tamamilə başqa mühitdə püxtələşmiş insanlardır. Onlar o vaxt da indi də əlçatmaz insanlardır. İkisi də bu imici qoruya biliblər. Ona görə də mənim üçün korifeydirlər. İndiki dövrdə gənc bir aktyorun özünü elə saxlamağı çətindir. Bu müğənnilər baxımından da keçərlidir: Tarkan kimi əlçatmaz bir müğənnimiz varmı? Çətindir demək... Bunun bir sirri də toylardır. Tamaşaçı səni toyda rahatlıqla görə bilir və daha onun üçün əlçatmaz ola bilmirsən. Bu da seçimdir. Biri toydan imtina edir, oturur evdə özündən əlçatmaz ulduz yaradır. Ki, bunu eləmək üçün də maddi gəlirin olmalıdır. Digəri də toya gedib, kifayət qədər gəlir əldə edir. Yəni bu, seçimdir.
-Siz niyə toylardan imtina edirdiniz?
-İstəyirdim özümü elə saxlayam. Alınmadı. (gülür) Bu, mənim seçimim idi. Mən efirdə aparıcılıq edə-edə verilişlərdə rejissor və layihə müəllifi idim. Yəni digər gəlir mənbəyim və enerjimi yönəldə biləcək sahəm var idi. Ona görə mən rahatlıqla toylara yox deyə bilirdim.
-Aktyorluğunuzun üzərindən nə vaxt xətt çəkdiniz?
-Rejissor olduğum dönəm. Rejissor kürsüsündə oturub aktyora baxdı və dedi ki, sən aktyor deyilsən. Mən əslində “Yuxu” filmində rolumu bəyənmirəm. Orda daha çox mənim fakturamdan istifadə ediblər. Bu da normaldır, indi mən də bəzən bu üsuldan istifadə edirəm. Amma bu aktyorluq demək deyil. Aktyor olmaq digərlərindən fərqli nələrsə göstərməkdir, bunu bacarmırsansa, başqa peşə seç. Mən rejissor kimi bu məsələyə çox amansız yanaşıram. Ona görə bir aktyoru bir dəfə çəkib, ikinci dəfə çəkmərəm, çünki onda nə vardısa bir dəfə istifadə edirəm, ikinci dəfə mən müxtəliflik istəyirəm, əgər onu verə bilmirsə onunla daha işləmirəm.
-Özünüzü serial sahəsində sınamağı düşünürsünüzmü?
-Hələ kinoda məharətimizi göstərə biləcəyimiz sahələr var. Ona görə kino daha maraqlıdır. Serial çəkmək də planda var. Məsələn, ADR, 1905, neft bumunun yaşandığı o illərlə bağlı serial çəkmək arzumdur. Amma indiki halda seriala istənilən maliyyəni ayıra bilmirik. Ki, ən azından “Möhtəşəm yüz il” kimi bir serial olsun. Kadrda o enerji hiss olunsun.
-Mükəmməlliyyətçisiniz?
-Mükəmməllik istəmirəm. Amma bilirəm ki, indi tamaşaçı türk yaxud öz serialımızı izləməklə bağlı seçim qarşısındadır. Əlbəttə ki, bu seçimdə türkə üstünlük veriləcək. Ona görə ki, o görüntü və maraqlılıq baxımından tamaşaçını təmin edir. Biz də tamaşaçıya ən azı o keyfiyyəti verməliyik.
-Bəlkə də bütün bu danışdıqlarımızdan sonra qəribə səslənə bilər, amma düşünürəm ki, gördüyünüz bu işin də bir ana xətti olmalıdır. Niyə kino çəkirsiniz?
-İstəyim, marağım budur. Filmlərimdə mesaj ötürə, sözümü deyə bilirəm. Mənim televiziyadan getməyimin səbəbi orda artıq deyə biləcəyim heç bir sözümün olmamağıydı. İntellektual verilişlər hazırlayırdım, düşünürdüm ki, kimsə bununla maariflənir. Sonralar o verilişlərin də nüfuzu aşağı düşdü, onda özümə sual verdim ki, görəsən kiminçün bu proqramları hazırlayıram.
“Oğlan evi 2”-də birinci filmdən də çox sətiraltı mesajlar var. Hər iki filmin ana mesajı var - bir çoxlarımız bir-birimizi aldatmaq istəyirik. “Kimi necə aldadım ki, qabağa düşüm” prinsipiylə hərəkət edirik. Niyə bunu öz yaxınına, doğmana, millətinin nümayəndəsinə, niyə insanlara qarşı edirsən axı. Filmi izləyənlərin bu mesajı hiss etmələrini, özlərinə kənardan baxmalarını və bu hərəkətlərinin nə qədər acı nəticələrə səbəb ola biləcəklərini görmələrini istəyirdim.
Yeri gəlmişkən deyim ki, “Oğlan evi 1” sentyabr ayının sonu ATV kanalında yayımlanacaq, ardınca da “YouTube “da yerləşdiriləcək.
Nərmin Muradova