1941-ci ilin sentyabrında Alber Kamyu özünün “Qeyd kitabçaları”nda aktyor və rejissor Jak Koponun (1879-1949) bu cümlələrini yazır: “Taleyüklü dövrlərdə dramatik şairi onun kabinetində axtarmayın. O, teatrdadır, aktyorların arasındadır. O, aktyordur və rejissordur”. Və həmin fikirlərə Kamyu öz əlavəsini edir: “Bizim dövrümüz taleyüklü dövr deyil”.
Səbəb sadədir - işğal olunmuş Fransada sənətkarlar ümumi kütləyə qarışıb hiss olunmadan mövcud olmağa, təqib və həbslər üçün səbəb və bəhanə verməməyə çalışır. Müqavimət azlığın işidir, bu azlıq öz dirənişi ilə nasist işğalçılarına hissolunan zərbə vuranda, cavab olaraq gestapo bütün gücü ilə repressiya apartını istifadəyə buraxanda, Paris intellektualları da obıvatellərə qoşularaq xorla dirənişçiləri qınayır, “Sakit otura bilməzsiz? Niyə repressiyalara səbəb verirsiz” deyir. “Güllələnənlərin partiyası” adlanacaq Fransa Kommunist Partiyasının çoxsaylı itkiləri obıvatelləri riqqətə gətirmir və səfərbər etmir. Bəzən Sartrın adına çıxılan, əslində isə, işğal olunmuş Parisdə 1943-cü ildə ilk dəfə Kamyunun dilindən çıxan kəlmədəki kimi: “Cəhənnəm - bu, başqalarıdır”.
***
2-ci Dünya müharibəsi başlayanda 26 yaşlı Kamyu savaşa can atır, ancaq onu orduya götürmürlər - uşaqlıqdan əziyyət çəkdiyi vərəm xəstəliyi mane olur. Həmin vaxt o, Əlcəzairdə yaşayırdı və “Suar republüken” qəzetində çalışırdı. Qəzet 1940-cı ilin yanvarında qapadılır, Kamyu isə Orana köçür. 2 aydan sonra o, artıq Parisdədir.
Tarixə “Qəribə müharibə” adı ilə daxil olan Fransa-Almaniya qarşıdurması 1940-cı ilin mayında Parisin sürətli işğalı ilə bitən zaman Kamyu “Pari suar” qəzetində işləyirdi. Elə həmin bədnam mayda da o, öz “Yad”ını tamamlayır. Onun nasistlərin tapdağı altında olan Fransadakı 4 illik dövrünü izləsək, qarşımızda yaradıcılığının ən məhsuldar dövrünü yaşayan yazıçını görərik: yenidən Orana qayıdan yazıçı 1941-ci ilin fevralında “Sizif haqda əsatir”i bitirir.
Sonra yenidən Paris, müqavimət hərəkatı, gizlin nəşr olunan “Komba” qəzeti (Kamyu qəzetin redaktorudur). Bu, o amansız dövrdür ki, müqavimət hərəkatına gedənlərin orta ömür müddəti 4 həftədir. Çox az patriot savaşdan salamat qurtara biləcək.
1943-cü ilin 1 sentyabrında Kamyu özünün “Qeyd kitabçaları”nda yazır: “İnqilablar zamanı ən yaxşılar həlak olur. Qurbanlıq qanunlarına görə axırıncı söz qorxaqlarda və ehtiyatlılarda qalır, çünki digərləri özlərində olan yaxşı cəhətləri qurban verməklə sözdən məhrum olurlar. Yalnız satqınlar danışa bilir”.
Bu sözlər o illərin boğuq və ağır ab-havasını dəqiqliyilə əks etdirir. Kamyu təkcə özünün yox, həm də artıq həlak olmuş yaxşıların yerinə danışır, 1943-cü ildə psevdonimlə “Alman dostuma məktublar”ı (4 məktub) dərc edir, 1 il sonra isə “Taun” romanını yazmağa başlayır. Sirr deyil ki, romandakı epidemiya - nasizmdir, Oran şəhəri isə - Paris.
Haradandır ən ümidsiz vəziyyətdə bu qədər enerji? “Ən böyük ümidlər ən böyük ümidsizliklərdən doğur” - Kamyunun kəlmələridir. Yaxud, 1942-ci ilin martında “Qeyd kitabçaları”nda yazır: “Mən ümidsiz əməllərə inanmıram. Mən yalnız əsaslandırılan əməllərə inanıram. Ancaq fikirləşirəm ki, əməlləri əsaslandırmaq elə də çətin iş deyil”.
***
Hər yerdə baxış aydınlığını qoruyub saxlamağa çalışan Kamyunun həmin dövrdəki başqa bir qeydi: “Absurd. Özünü öldürməklə insan absurdu inkar edir. Özünü öldürməyən insan absurdun köməkliyi ilə gündəlik həyatda həmin absurdu inkar edən həzz mənbələri axtarıb tapır. Bu, o demək deyil ki, absurd mövcud deyil. O deməkdir ki, absurd həqiqətən məntiqdən məhrumdur. Buna görə də onun vasitəsilə həqiqətən həyatımızı qura bilmərik”.
Deməli, absurdu kənara atmayaraq, onu görməzlikdən gəlməyə çalışmayaraq, bir an da olsun nəzələrimizi ondan çəkməyərək dirəniş vermək lazımdır. Alber Kamyunun ekstremal, ümidsiz dirənişi kimi. Bu paradoksa sadiq qaldığındandır ki, əksər qələm sahiblərinin sakit bir küncə çəkilib heç nə yazmadığı o lənətlənmiş illərdə Kamyu “Yad”ı, “Sizif haqda əsatir”i yazır, “Taun”u yazmağa başlayır, teatrda rejissorluq edir.
Əgər heç kəs risqə getməyəcəksə, bu, nə mübarizə oldu ki? Sözü yenə Kamyuya verək: “Fransızlar inqilabi vərdiş və ənənələrini qoruyub saxlayıblar. Onlara yalnız qətiyyət çatmır: onlar məmurlara, xırda burjualara çevriliblər. Bu, dahiyanə bir gedişdir - onları leqal inqilabçıya çevirmək. Onlar yalnız hakimiyyətin icazəsi ilə qiyamçı olmağa hazırdırlar. Onlar oturacaqlarını kreslodan qaldırmadan dünyanı dəyişirlər” (1942-ci il, fevral).
Bu kəlmələr bir tərəfdən Jan-Lük Qodarın 1968-ci ilin mayındakı çağırışına bənzəyir: “Parislilər, bir qədər də səy... və siz inqilabçısız!”. Digər tərəfdən isə “icazəli inqilab” mövzusunu aktuallaşdırır. Qəhrəman olur hamı - əgər qəhrəman olmağa icazə verirlərsə. İndi isə hər şey realdır - işğal da, gestapo da, edamlar da, ümidsizlik də. Sifariş leqal inqilabçılara yox, özlərini daim mühasirə vəziyyətində hiss edən gizli inqilabçılaradır. Kamyu onlardan biridir.
Bu mühasirə insan ekzistensiyasını açmaq üçün unikal şansdır (Nahaq yerə Sartr “Fransızlar işğal illərində olduqları qədər heç vaxt azad olmayıblar” demirdi). Buyur, bu hüdudi vəziyyətdə, əslində, kimsənsə, onu göstər. Maskalar cırılıb, rollar keçərli deyil. Bütün çılpaqlığı ilə həyat başlayıb.
Bu insan dramında qorxu da, çaşqınlıq da, peşmançılıq da var. Kim deyir ki, qəhrəmanlara bu hisslər yaddır?!
“Siyasi antinomiyalar. Biz elə bir dünyada yaşayırıq ki, seçmək vacibdir - sən kiminləsən: qurbanlıqlarla, yoxsa cəlladlarla. Üçüncü seçim yoxdur. Çətin seçimdir. Mənə həmişə elə gəlib ki, mahiyyətinə görə cəlladlar mövcud deyil, bütün insanlar - qurbanlıqdır. Yekunda elə bu cürdür. Ancaq az adam bu rəyi bölüşür” - bu fikirləri isə Kamyu müharibə bitəndən sonra, 1945-ci ilin sentyabrında yazır. Göründüyü kimi, qələbənin gətirdiyi suallar heç də məğlubiyyətin suallarından yüngül deyil.
***
Kamyunun əsərləri işğalın obrazlı təsvirini verirsə, başqa bir insan sənədi - Emmanuil d`Astyenin memuarları bizi işğalın və mübarizənin bəzək-düzəksiz gündəlik qeydləri ilə tanış edir. Və haradasa köhnə həqiqəti təsdiqləyir ki, hər bir xalqın tarixində yüksələn və enən dövrlər bir-birini əvəzləyir. Xalqların hamısının tarixi bir-birinin təkrarıdır. Hakimiyyət davaları da, nihilistlərin mübarizəsinin bəhrəsini karyeristlərin görməsi də universal həqiqətdir. “Yalnız cəsur” və “yalnız qorxaq” xalqlar yoxdur.
Emmanuil d`Astye haqqında deyirlər ki, o, inqilabçı deyildi - ancaq Fransa müqavimət hərəkatının liderlərindən biri oldu. Siyasətçi deyildi - parlamentin deputatı oldu. Jurnalist deyildi - «Liberasyon»un qurucularından biri oldu. Və nəhayət, məmur deyildi - de Qollun Müvəqqəti hökumətində daxili işlər naziri oldu.
Ən böyük sevgisi kitab oxumaq və özünə qapılıb düşünmək olan bu əsilzadəni Fransanın nasizmə bədnamcasına, müqavimətsiz təslim olması Parisdən Nanta gedərkən yolda haqladı. Panika içində qaçan insan karvanı, demoralizə olunmuş ordu, məğlubiyyətlə mübarizəni bir-birindən fərqləndirə bilməyən xalq… 1789-u, Lion üsyanını, Paris Kommunasını öz tarixindən sanki silibmiş kimi, fransızlar üzlərində kədərsiz, bədbinliksiz nasist Almaniyasının ayaqları altına sərələnir. Bu rüsvayçı təslimçilikdə heç kəs özünü günahkar saymır. Hərbçilər «Heç kəs bizi uduzmaqda qınaya bilməz. Axı uduzmaq üçün döyüşmək lazım. Biz isə döyüşməmişik» deyirlər.
D`Astye özünün məşhur «7 ilin 7 günü» avtobioqrafik əsərini həmin qaçış səhnələrinin təsviri ilə başlayır. Fransa ikiyə bölünüb. Şimal nasistlərdə, cənub isə 85 yaşlı marşal Petenin başçılığı ilə kollaborasionist Vişi hökumətindədir. Dünən sinəsinə döyənlər bu gün qeyb olub və tarixi yenidən yazmaq hətta d`Astye kimi dünənki sibarit və konformist azlığa qalıb. Bu azlıq dünənədək yaşadıqları bütün ömürlərindən, rahatlıq və əyləncələrindən əl çəkib Parisdə, Lionda, Nantda gizli dərnəklər yaradır.
Sonra d`Astyenin de Qolla əməkdaşlığı başlayır. De Qollun əhatəsində o, yeganə adamdı ki, gizli fəaliyyətin, gündəlik risqin, hər gün ölüb-dirilməyin və dost itirməyin nə olduğunu bilirdi. Qalanları isə - şirəyə toplaşan milçəklərdi. Və de Qolla da elə belələri lazımdı - dilləri qısa olsun, başları aşağı. Və bu milçəklər sabahkı Fransanın rəhbərləri olacaqdı. Onlar hamıyla, hətta Petenlə də dil tapmağa hazırdırlar - təki nasistlərdən sonra hakimiyyətə kommunistlər yox, özləri gəlsinlər. Vuruşanlar yox, kənarda, uzaqda - Əlcəzairdə, Londonda oturanlar.
Müəllif de Qolla olan ikili hisslərini də gizlətmir. De Qoll üçün insanlar sadəcə vasitədir və bu xırda personajların tarixi rolu alnına Böyük Fransanı bərpa etmək yazılmış generala xidmət göstərməkdir. De Qoll insanlara yox, Tarixə sevgiylə yaşayır. Onun üçün müqavimət hərəkatındakı gündəlik risq edən intellektuallar da, meşədəki kommunist "maki"lər də sadəcə şahmat taxtasındakı fiqurlardır. «Taxtadakı atı götürməyə uzanan əl üçün atın hansı hisslər keçirdiyi mənasızdır», - d`Astye yazır.
Onun kitabında de Qollun rəmzi adı Simvoldur, Petenin isə - Emblem. Sonra Simvol Emblemi məhkəməyə çəkir, 90 yaşlı qocanı mühakimə edirlər. Emblem Simvola uduzur.
Paris azad olunandan sonra gözlənilən, ancaq puç olan ümidlərə d`Astye xüsusi səhifələr ayırır. Dünənki gizli fəaliyyət göstərən patriotlar daha heç kəsə lazım deyillər. Onları yaşadan stimullar və qardaşlıq hissi əriyib gedir. «Biz povesti birlikdə başlamışdıq. Sonuna hamımız gəlmədik. Bundan sonra isə yollar ayrılır»,- d`Astye yazır.
Kimlərsə üçün müharibə olsa-olsa qrip kimi qaçılmaz və müvəqqəti xəstəlikdi və epidemiya vaxtı kimlər kənardaydısa - hakimiyyətə də onlar yiyələnir. Emblemin də ətrafında belələriydi. Simvola da belələri gərəkdi.
Ancaq o həqiqət danılmaz olaraq qalır ki, döyüşsüz təslim olub qürurunu itirən xalqlara ayağa durmaq üçün mütləq Simvol lazımdır. Emblemdən isə uzaq durun…