Kədərlə söyləməliyik: İnsan sükutunun böyüklüyü qalmayıb. Onun yerini isterik çığırtılar tutub. İctimai məkan inamın, intellektin, savadın, sosial idealların killerinə verilib. Və bu, təkcə bizdə deyil, qlobaldır. Obskurantizmin hakimiyyəti müqavimətsiz davam edir. Bir naməlum müəllifin söylədiyi kimi: “Bundan da çətin dövrlər olub, ancaq bundan əclaf dövrlər olmayıb”.
Zövqlərin aşınması, insan axmaqlığı və savadsızlığı da dəbə və fəxarət yerinə çevrilə bilərmiş. Bu cür dövrlərdə hər gün media məkanlarına çoxlu sayda intellektual və mənəvi cəhətdən şikəstlərin çıxıb hər yerdən və hər şeydən danışması da norma sayılır (Eynşteynin sözləridir: “Kainat və insan axmaqlığı sonsuzdur. Birinciyə hələ şübhə etmək olar, ancaq ikincisi dəqiqdir). Onlar bizə özlərində olmayan ailə tərbiyəsindən, yüksək dəyərlərdən, bənzərsiz istedadlarından, cızma-qaralarından və necə düzgün yaşamağın reseptlərindən mühazirələr oxuyurlar.
Axmaqlığın paradoksal xüsusiyyəti var - o, nə qədər böyükdürsə, sahibi bir o qədər özünəinamlı davranır, küy də bir o qədər çox olur (Boş araba bərk səs salır). Get-gedə bu tip davranış sosial xarakterə, nümunəyə, təqlid mənbəyinə çevrilir. “Rassel çaydanı”nın adiləşdiyi zamanlarda belələri ilə intellekt müstəvisində, normal məntiq və arqumentlərlə mübarizə aparmaq müşkül işə çevrilir - paralel xətlər kəsişmir. Normal məntiq dalaşqan paradoksal məntiqə uduzur. İntellektual savaş dialoq tələb edir, dialoq üçün isə az-çox bərabər çəkili, göz-gözə baxan subyektlər lazımdır. Ortada bir abır-həya problemi də var: Ella-adamyeyənin leksikonuna malik (yəni, vur-tut bir neçə söz) birisi ilə Mişel Montenin “Təcrübələr”indən danışmaq proses zamanı həmin səviyyəyə enməyi tələb edir, bu isə öz gözündə kiçilməyə bənzəyir.
Əlbəttə, indiki reallıq boş yerdən, bir anın içində yaranmayıb. Bu “sosioloji çevriliş” üçün konkret sosial şərait lazımdı. Elə bir şərait ki, həqiqəti “hamı bilir”, hamının öz vurma cədvəli və öz Pifaqor teoremi var. Yəni, hamı hər şeydən son instansiyada həqiqət kimi danışa, bu vaxt heç bir intellektual müqavimətlə rastlaşmaya bilər. İntellektual situasiyanın fəlsəfi pərişanlığı nəinki çaşmalara şərait yaradır, üstəlik, yalanı ifşa edənlərin buxarlanması ilə nəticələnir.
Belə olanda anlayırsan ki, adekvat taktika gərəkdir. Yəni, mənasız mətni, sənətdən uzaq “yaradıcılığı”, abırsız “sənətkar”ı səbrlə başa salmağa cəhd etmək yox, onlara öldürücü ironiya, sarkazm, “qara yumor”la yanaşmaq hər mənada daha effektlidir. Heç kəs durub dadaist çərənləmələri Söz azadlığı bayrağına büküb yüksək ədəbiyyat saymayacaq ki...
İroniya və sarkazm - bu iki silah ara-sıra tətbiq olunub və fayda da verib. İstər Yaroslav Qaşekin müharibələrin təbiətini açan “Qoçaq əsgər Şveyk”i olsun, istər İlf və Petrovun insan acgözlüyünə və axmaqlığına gülən “Qızıl dana”sı və “12 stul”u - bu tip misallardandır. Bu, unikal və radikal metoddur. Unikallığı nadirliyində, radikallığı isə zərbəni kökündən vurmağındadır (“radiks” - “kök” deməkdir).
***
Eyni deqradasiya təkcə mədəniyyəti əhatə etməyib. Ədəbiyyat və incəsəntlə bərabər, bizim illərimizin elmi və fəlsəfəsi də şikəstdir. Və sarkazm bütün sahələrdə dəyərləri ayaqlar altına atanlarla hesablaşmağın effektiv üsuluna çevrilə bilər. Necə ki, bizim illərimizdə elmdə bənzər cəhdi 1997-ci ildə fransız fizik Allen Sokal edir.
Sokal elmi dairələrdə nüfuzu olan, fundamental tədqiqatlara yer ayıran “Social Texts” jurnalına “Sərhədləri keçərək: kvant qravitasiyasının transformativ germenevtikasına doğru” adlı “elmi” məqalə göndərir. Məqalə ayrı-ayrı elm sahələrindən və filosoflardan sitatlar üzərində qurulmuşdu, heç bir elmi dəyəri yoxdu, müəyyən mənada “söz sayıqlaması” idi və Sokalın məqsədi bir çox hallarda elm adı altında bizlərə sərsəmləmələrin təlqin edildiyini göstərmək idi.
Məntiqlə, nüfuzlu jurnal bu cızma-qaranı çap etməməliydi. Ancaq etdi. Hətta diskussiyalar yarandı. Və bir müddət sonra Sokal kartları açaraq elm və fəlsəfə ictimaiyyətini ələ salmaq məqsədi güddüyünü bildirdi.
Sokal dövrün məşhur filosoflarından sayılan Jak Lakan, Rolan Bart, Jan Bodriyar, Jil Delez, Feliks Qvattari və başqa postmodernistlərin “həqiqət” adı altında necə söz jonqlyorluğu ilə məşğul olduqlarını onların əsərlərindən çıxarışlarla ifşa edərək bir neçə il sonra fizik Jan Brikmonla birlikdə “İntellektual tələlər. Müasir postmodern fəlsəfəsinin tənqidi” adlı kitab yazdı. Sokal və Brikmon elm ictimaiyyətinə necə fırıldaq gəlindiyini, bu fırıldaqları edənlərin isə ifşa olunmaq əvəzinə, əksinə, məşhurluq, yüksək titullar əldə etdiyini, “böyük filosoflar” sayıldığını göstərdilər.
***
Görünən odur ki, obskurantizm, intellektual və mənəvi aşınma hər sahədə və hər səviyyədədir. Bizə isə o sadəlövh inam qalır ki, intellektual mədəniyyət və rasionallıq yenidən qayıdıb gələcək. Bu utopiya elə də utopik deyil. Sadəcə, müqavimət tələb edir...