30 Sentyabr 2016 11:46
3 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamlet Xanızadənin qızı Aygün Xanızadə Teleqraf.com-un suallarını cavablandırıb.

-Aygün xanım, Hamlet Xanızadə necə bir ailədə böyüyüb? Niyə atası onun aktyor olmasını istəmirdi?

-Atam həkim ailəsində anadan olub, babam və nənəm həkim idilər. Ailədə üç uşaq olublar, böyüyü də atam olub. Babam atamı həkim görmək istəyirdi. Atam instituta daxil olur, amma özünü heç vaxt o sahədə tapa bilmir. Ona görə gizlincə sənədlərini İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur. Bu, hamı üçün çox böyük sürpriz olur. O vaxt hamı deyirdi ki, Hamlet hara, incəsənət hara... Amma görünür, bu, qismət imiş.

-Səhv etmirəmsə, Hamlet müəllimin ananız Nailə xanımla tanışlığı Kamal Xudaverdiyevin evində olub. Doğrudur?

-Yox, evində olmayıb. Kamal Xudaverdiyevlə anamgilin eyvanları qarşı-qarşıya olub. İlk dəfə bir-birlərini həmin eyvanda görüblər. Sonra tanış olublar, münasibətləri ciddiləşəndə xəbər tutublar ki, ikisinin də anası bir yerdə – Əzizbəyov adına doğum evində işləyirmiş. Atam 8 yaş anamdan böyük idi.

-Belə çıxır ki, ailə quranda Hamlet müəllim tanınmış aktyor idi.

-Doğrudur, atam artıq tanınırdı.

-O vaxtlar hər ailə aktyora qız verməzdi. Maneələri olmayıb ki?

-Olmayıb. Sevib ailə qurublar. Amma o vaxtlar hamı anama deyirmiş ki, sən necə aktyorla ailə quracaqsan, qorxmursan. Atam daha da tanınandan sonra isə soruşurdular ki, qısqanmırsanmı? Anam da deyirdi mən bilirəm kiminlə ailə qurmuşam.

-Yəni doğrudan qısqanmayıb?

-Təbii ki, qısqanclıq olub. Amma biz çox uşaq idik, ona görə tam yadımda deyil.

“Biləndə ki, Hamlet Xanızadənin qızıyam...”

-Uşaqkən atanızın istedadının, bu qədər tanınmağının, xalq tərəfindən sevilməyinin fərqindəydinizmi? Bunu hiss edə bilirdinizmi?

-O hiss indi də var. Ailə qurdum, soyadımı dəyişmədim. Hara gedirəmsə, kim soyadımı görürsə Hamlet Xanızadənin qızı olub-olmadığımı soruşur. Biləndə ki, onun qızıyam çox hörmət edirlər. Bu, adama çox xoş təsir edir.

Əlbəttə, uşaqkən çox şeylərin fərqində olmaya bilərdik. Biz görürdük ki, atam çox kitablar oxuyur, rolları məşq edir. Otaqda ona məxsus guşə vardı, orda şkafı, qəzetləri, “Dəli yığıncağı” tamaşasında istifadə etdiyi eynəyi vardı. Bir dəfə “İblis” tamaşasında geyindiyi qırmızı geyimini evə gətirmişdi, biz də iki bacı onu geyinməyi xoşlayırdıq.

Atam ard-arda teatrda, televiziyada çox gözəl rollar yaratdı və çox məşhurlaşdı, heyif ki, bu həyat çox tez qırıldı.

Yadımda qalan bir hadisəni danışım, o vaxtlar hər il keçirilən təntənəli 1 May nümayişində bütün aktyorlar iştirak edirdilər, buna görə də bacımla mən mütləq orda olmalıydıq. O aktyorlara elə heyrətlə baxırdıq ki... Elə bil atamız onların içində yoxuydu. (gülür) Biz fəxr edirdik ki, aktyorların arasında addımlayırıq. O zaman atamızın necə istedadlı aktyor olduğunu dərk etmirdik.

-Necə ata idi? Tələbkar idimi, qadağaları vardımı? Sizinlə bağlı ən böyük istəyi nə idi?

-Qayğıkeş, mehriban ata idi. Bizimlə bağlı ən böyük arzusu oxuyub həkim olmamız idi. Amma heç birimiz bunu etmədik. Bacım Xumar da, mən də incəsənət sahəsi üzrə təhsil aldıq. Xumar Mədəni-Maarif Texnikumunu, mənsə Mədəniyyət və İncəsənət Universitetinin menecer ixtisasını bitirdim.

“Aktrisa olmağımızı heç istəmirdi”

-Deyəsən, sizin aktrisa olmağınızı istəməyib. Bəs sizin belə bir arzunuz olub?

-Heç vaxt bunu istəməyib. Deyirdi ki, incəsənətdən uzaq durun. Çünki həm çətin sənətdir, həm də dəyəri yoxdur.

-Şöhrətpərəst idi?

-O heç vaxt deməzdi ki, mən tanınmış aktyoram ona görə şəhərdə gəzməyim, evə çörək almayım. Çox sadə insan idi.

-Həmişə deyirmiş ki, mənim iki qızım var, min oğlana dəyər.

-Bəli, bu, onun məşhur sözü idi. Deyirdi evdə kişi bir olar, o da mən. Bizi oğlan kimi böyüdərdi. Hər işimizi özümüz eləmişik, dincliyimiz olmayıb.

-Bu, atanızdan, yoxsa ananızdan gəlmə vərdişdir?

-Anam bizə tam əksdir. O xanım-xatın qadındır, evdə bişirib-düşürsün, qonağı necə lazımdır qəbul etsin və s. Bizim heç birimizdə bu keyfiyyət yoxdur, əksinə, bütün günü qaçaqaçdayıq. Mən institutu bitirəndən sonra iki il yarım Tədris Teatrında işlədim. Sonra ailə qurdum, uşaqlar oldu. Balaca biznes açdım, o biznes elə indi də var: ölkədaxili turlar təşkil edirəm. Çox maraqlı işdir. Eyni zamanda, Akademik Milli Dram Teatrında xarici əlaqələr şöbəsində menecer kimi çalışıram.

-Doğrusu, burda işlədiyinizi eşidəndə çox təəccübləndim, çünki bildiyim qədər həm Hamlet müəllimin yubileyi, həm də portretinin foyedə asılmamağıyla bağlı tetrdan incik düşmüşdünüz.

-O zaman bu kimi hadisələr oldu. Biz teatra tez-tez gəlib tamaşalara baxardıq. Günlərin bir günü gördük ki, aktyorların portretinin yanında atamızın şəkli yoxdur. Məsələnin üstünə düşdük, onda mənə dedilər ki, portreti təmirlə əlaqədar çıxarıblar, yenidən bərpa edəcəklər. Teatrın rəhbəri İsrafil İsrafilovun qəbuluna düşmək mümkün olmadı, sonda mən cənab Prezidentə məktub yazdım. Bir həftədən sonra portreti asdılar.

Azər Paşa Nemət teatra rəhbərlik etməyə başlayanda məni bura menecer kimi işə götürdü. Atamla çox yaxın olublar, ailəlikcə dostluğumuz olub.

“Xalq artisti adı verilməliydi, amma yenə...”

-Teatrdan söz düşmüşkən, Aygün xanım Hamlet müəllim uzun illər çalışdığı bu teatrdan çox tez ayrıldı. Səbəbi nə idi, kimdən, nədən narazı idi?

-Atam narazılığını kimsəyə deməzdi, sıxıntısını kiməsə göstərməzdi. İllər keçəndən sonra ailəsi olaraq təxmin edirik ki, onun burdan uzaqlaşmasının bir neçə səbəbi olar bilər. Bura maaşın azlığı, fəxri ad məsələsində qarşılaşdığı haqsızlıq daxildir. Təsəvvür edin ki, atama ikinci dəfə əməkdar artist adı verilib. Əslində xalq artisti adı verilməliydi, amma nədənsə ikinci dəfə əməkdar artist adı verildi. Əslində bunu heç yerdə demirdilər də. Bax belə, haqsızlıqlar oldu, amma istəməzdim indi bu barədə danışım.

Görünür bu kimi haqsızlıqlar ona çox pis təsir etdi. Özünə qarşı bu cür münasibəti qəbul edə bilmədi.

Amma tamaşaçılar onu hər zaman sevdilər. Təsəvvür edin, “İblis” tamaşanın nümayişindən sonra evimiz güllərlə dolu olardı. Ona o qədər məktub göndərərdilər ki...Tamaşadan sonra əlinə məktub yaxud cavablandırması üçün suallar yazılmış vərəqlər verirdilər.

“Mən olsaydım, o məktubları tullayardım”

-Məktubları saxlamısınız?

-Saxlamışıq.

-Heç saymısınızmı?

-Saymamışam. Amma çoxunu oxumuşam.

-İçərisində sevgi məktubları vardımı?

-Var idi. Keçənlərdə biri əlimə keçdi, təəccüblə anamdan soruşurdum ki, bu məktublardan xəbərin var. Dedi, hə, bilirəm, oxumuşam. Heyrət etdim ki, nə əcəb onları saxlayıb. Mən olsaydım, bəlkə də çoxunu cırıb, tullayardım.

-Yəni o qədər cəsarətli məktub idi?

-Bəli, o dövr üçün çox qəribə və cəsarətli məktub idi. İndi bu barədə çox ətraflı danışmaq istəmirəm.

-Aygün xanım, atanızın qəbirüstünə gül qoyan bir xanımın varlığından danışmışdınız. O xanım yenə də gəlirmi?

-3 ildir ki, o güllər daha yoxdur. Bu hadisə bizim üçün indiyə qədər müəmmadır. Atam öz istəyi ilə Şağanda yerləşən çox köhnə qəbirstanlıqda dəfn olunub. Biz ora nə vaxt getsək, nə bir molla taparıq, nə də başqa kimsəni görərik ki, soruşaq, maraqlanaq. İllər əvvəl atamın doğum, vəfat edən günləri, eləcə də bayramlarda qəbirüstünə getsəydik, o qırmızı qərənfilləri orda görərdik. Bir dəfə anam maraqlandı, dedilər ki, bir qadın gətirir.

-O xanımın kimliyini araşdırmadınız?

-Necə araşdıraq? Ora gedəndə söz soruşmaq üçün kimsəni tapmırıq. Feysbukda atamın uzaq qohumlarını ilə tanış olduq. Çox sağ olsunlar, məhz onların sayəsində qəbirstanlığın yolu təmizləndi, asfalt çəkildi, hətta qəbirüstünü belə düzəltdilər.

-Hamlet müəllimin ən yaxın, sirrini belə etibar etdiyi dostları kimlər idi?

-Fuad Poladov, Səməndər Rzayev, Ramiz Məlik, Bürcəli Əsgərov, Əminə Yusifqızı, Yaşar Nuri, Şahmar Ələkbərov.

Yadımdadır ki, aktyorlar ailələriylə tez –tez bizə gələrdilər. Atam qastrola gedəndə bizi də özüylə aparardı. Rəfael Dadaşov, Yaşar Nuri qızlarını, Səməndər Rzayev də övladlarını gətirərdi. Bürcəli Əsgərovla qonşu idik. Biz 5-ci, onlar 6-cı mərtəbədə qalırdılar. Biz onlarsız, onlar bizsiz çörəklərini yeməzdilər.

“O hadisələrdən sonra üzü gülmədi”

-Aygün xanım, 20 Yanvar hadisələri Hamlet müəllimə çox pis təsir etdi. O günləri və atanızın son anını necə xatırlayırsınız?

-20 Yanvar gecəsi atam evdən Bürcəli Əsgərovla birgə çıxdı, yolda vurulan oğlana kömək etmişdilər, gecə evə gəlmədi, səhərə yaxın gəldi, vəziyyəti danışdı və getdi. Şəhərdən gələndə üzünün rəngi heç yadımdan çıxmaz. Sanki beli də bükülmüşdü, hadisələr ona çox pis təsir etdi. Üzü gülmürdü, çörək yemirdi, evə hər gün fikirli gəlirdi.

O vaxt “Qətl günü” filminə çəkilirdi. Çox ağır film idi. O film elə çəkildiyi son film oldu.

Fevralın 2-si çəkilişdən sonra dostlarıyla qəbirüstünə gedirlər, orda güclü başağrıları tutur, onu evə gətirirlər, onda artıq demək olar ki, özündə deyirdi, Bürcəli Əsgərovun həkim oğlu dedi ki, xəstəxanaya aparmaq lazımdır. Atamı reanimasiyaya yerləşdirdilər, orda bir gün qaldı, səhərə yaxın xəbər gəldi ki, keçinib.

“Həkimlərin qadağası vardı”

-Daha öncə ciddi xəstəliyi varıydımı?

-Bir il öncə Fuad Poladov, atam və səhv etmirəmsə Nəsir Sadıqzadəylə birgə rayondan maşınla qayıdırmışlar. Maşını atam sürürmüş, bir-birdən yolda çınqıl topasına çırpılıblar. Qaranlıq olduğundan onu görməyiblər. Digərlərinə heç nə olmadı, amma atamın çənəsi maşının ruluna dəyib iki tərəfdən sınmışdı, başı da zədələnmişdi. Əməliyyat etdilər, həkimlər atama stressi, çəkilişi qadağan etmişdi. Atam bunların heç birinə əməl etmirdi, elə deyirdi ki, gərək bu filmi bitirim. Çəkilişləri bitirdilər, amma filmin dublyajını etmək ona qismət olmadı.

-Onsuz həyat necə davam etdi?

-Biz uşaq idik, dərk edə bilmirdik ki, artıq o yoxdur. Yaşa dolduqca atasızlıq bizə çox çətin gəldi. Amma təbii ki, anam üçün ilk gündən çox çətin idi.

-Bayaq müsahibədən öncə söhbətdə dediniz ki, ata tərəfin qohumlarıyla əlaqəniz yoxdur. Səbəbi nəylə bağlıdır?

-Səbəbini bilmirəm, doğrusu bu, mənə də maraqlıdır. Amma əvvəllər münasibətimiz çox yaxşı idi.

-Bəs Bəxtiyar Xanızadəylə?

-Bəxtiyar atamın əmisi nəvəsidir. Atamla çox yaxın olublar. Onu incəsənətə atam gətirib. İlk filmi də “Qərib cinlər diyarında” oldu. Bir-iki filmə çəkildi, sonra pantomima sahəsinə keçdi. Doğrusu, ondan küsmüşəm. Çünki uman yerdən küsərlər. Axı ətrafımızda kim var? Mən fəxr edirəm ki, o mənim atamın qohumudur, Pantomima Teatrının vaxtilə direktoru olub, hazırda isə bədii rəhbəridir. İndi teatrın direktoru Elman Rəfiyev həmişə bizə deyir ki, gəlin teatra, tamaşalara baxın. Necə gedim? Gedə bilmirəm. Çünki atamın Akademik Milli Dram Teatrda baş tutan yubileyinə onu dəvət etsək də gəlməmişdi. Tələbələri, teatrdakı aktyorları gəlmişdi, amma o gəlməmişdi. Deyirlər ki, təbiəti ağırdır, tədbirlərə getmir. Amma axı sən başqasından yox, öz böyüyündən danışırsan.

-Aygün xanım, atanızın hansı arzusu ürəyində qaldı?

-Hamleti oynamaq onun ən böyük arzusu idi. Ona gələn məktubların içərisində biri ona günün birində Hamleti oynamağı arzulamışdı. O məktubu hamıya fəxrlə göstərirdi. Amma o rolu oynamaq ona qismət olmadı.

İndi tamaşalara baxıram, elə rollar var ki, orda atamı görürəm. Sağ olsaydı, çox rol oynayardı.

Nərmin Muradova

Fotolar Elçin Murad


Müəllif:

Oxşar xəbərlər