Avrasiya Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qalibləri məlum olub.
Bu ilin iyununda start verilən müsabiqəyə 34 müəllif 44 hekayə təqdim etmişdi. Təqdim olunan əsərləri 6 nəfər ekspert 10 ballıq sistem üzrə qiymətləndirib.
Teleqraf.com-un məlumatına görə, Təranə Vahidin (şərti imza - “Şarl”) “Mən toz dənəsiyəm” hekayəsi 47 balla 1-ci yeri tutub. Cavid Zeynallı (şərti imza – “Mif”) münsiflərdən 46 bal alan “Düşərgəyə adam gəlib” hekayəsi ilə 2-ci olub. Rəşid Bərgüşadlının (şərti imza – “RB1971”) “Qara buludlar” hekayəsi 45 balla üçüncü yerdə qərarlaşıb.
Mükafatların qaliblərə təqdimatı ilə bağlı mərasim noyabr ayında Bakıda keçiriləcək. 1-ci mükafata layiq görülən hekayə növbəti mərhələdə iştirak üçün Türkiyəyə göndəriləcək.
Həmin mərhələnin mükafatlandırma mərasimi isə bu ilin dekabrında Almatıda olacaq.