Teleqraf.com Məmməd Süleymanovun "Hem və Fidel" yazısını təqdim edir:
1959-cu ildə Ernest Heminquey Fransanın “Ar” jurnalına müsahibə verir. Söhbət həm də yenicə qalib gəlmiş Kuba inqilabına münasibətdən düşür. 1-ci Dünya Müharibəsində, İspaniya inqilabında, Parisin nasistlərdən azad olunmasında iştirak etmiş keçmiş döyüşçü deyir: ”Batistaya qarşı üsyan - Kubada baş vermiş ilk həqiqi inqilabdır. Kastro hərəkatına böyük ümidlərim var. İndiyədək Kubada hakimiyyət dəyişiklikləri olub, ancaq onlar sadəcə növbətçilərin əvəzlənməsinə bənzəyir. Hər yeni gələnin əsas qayğısı xalqı necə talan etmək olub. Batistanın ətrafındakıların əksəriyyəti oğrular, sadistlər və cəlladlar idi. Onlar hətta uşaqlara elə qəddarlıqla işgəncələr verirdi ki, sonunda onları qətlə yetirməkdən başqa çarələri qalmırdı”.
Heminqueydən yeni inqilabi hökumətin repressiyalara əl atmasına münasibət soruşurlar. Və o deyir: “Kastro tərəfdarlarının icra etdikləri məhkəmələr və edamlar zərurətdir. Əgər hökumət həmin şəxsləri güllələtməsəydi belə, onları xalqın arasından çıxan qisasçılar öldürəcəkdi. Nəticədə şəhər və kəndləri vendetta epidemyası bürüyəcəkdi. Əgər o caniləri əfv etsələr nə baş verərdi? Xalq şər qüvvələri tanıyır və gec-tez onlar hesab ödəməli olacaqlar”.
Hem fikirlərinə bu cümlə ilə yekun vurur: “Mən Kastro inqilabını müdafiə edirəm, çünki o, xalq tərəfindən müdafiə olunur. Və onların mübarizəsinə inanıram”.
Üstündən bir neçə ay keçir, Fideli ABŞ-a dəvət edirlər. Bu, hələ o vaxtlardı ki, Vaşinqton “höcətin yola gətirilməsinə”, Fideli “əhlilləşdirəcəyinə” ümidlərini tam itirməmişdi. Mətbuat konfransında jurnalistlərdən biri ona bu sualla müraciət edir: “Siz Latın Amerikasında bir çox insanın hissiyyatını zədələyən hadisələri - Kubada aparılan kütləvi həbsləri necə izah edirsiniz?”
Kastro öz arqumentlərini sadalayandan sonra deyir: “İndi isə sizi dünya şöhrətli yazıçı, Nobel mükafatını insan haqlarını qoruduğuna görə almış Ernest Heminqueyin bu haqda düşüncələri ilə tanış etmək istəyirəm”.
Ardınca da Fidel yuxarıdakı müsahibədən cümlələri nöqtəsinə-vergülünə toxunmadan oxuyur. Həmin vaxt o müsahibə artıq dünyanın bir çox dilinə tərcümə edilərək çap olunmuşdu.
***
Beləliklə, qarşımızda Kubanı çox sevən yazıçının, köhnə inqilabçının yeni inqilabı müdafiə edən obrazı canlanır. Sonralar bir çoxları Hemin fikirlərini, müsahibələrini vulqarcasına təhrif edərək onun Kuba inqilabına neqativ münasibət bəslədiyini, hətta bu səbəbdən də adanı tərk edərək ABŞ-a köçdüyünü söyləməyə çalışacaqdı. Halbuki, Fidel və yoldaşlarının 1956-cı ildə “Qranma” yaxtasında ayaqlarını Kubaya basdığı gün də, Batistanın ölkədən qaçdığı 1959-cu ilin ilk günündə də özünün Havanadakı evində yaşayan, prosesləri diqqətlə izləyən Hem inqilabın qələbəsi üçün bir yaradıcı, yazıçı kimi əlindən gələni etmişdi.
O, hələ 1940-cı ildə Havanada ev alır (məşhur “La Vixia”). 9 il sonra Kubaya köçür və müəyyən fasilələrlə 11 il burada yaşayır. Məhz Kubada Hem özünün məşhur əsərlərindən “Qoca və dəniz”i, “Heç kim heç vaxt ölmür”ü, “Okeanda ada”nı yazır. ABŞ-a köçəndə isə evini də, kitabxanasını da Kuba hökumətinə bağışlayır.
***
Filosof və beynəlxalq jurnalist Andre Vilçek “Əlvida, qabiliyyətsizlik” yazısında belə bir epizodu nəql edir: 1997-ci ildə o, yapon jurnalistlərlə birlikdə Havanaya gəlir və barlardan birində Hemin “Qoca və dəniz”indəki Manolinin prototipi olmuş şəxslə tanış olur. Yaponlar ondan soruşurlar: “Manolin-san, Kubada ən çox hansı əcnəbini sevirlər - Heminqueyi, yoxsa Çe Gevaranı?”
“Manolin dodaqlarındakı pivə köpüyünü sildi və bir saniyə fikiirləşəndən sonra cavab verdi:
- Heminqueyi.
- Heminqueyi? Kubalılar Heminqueyi Çe Gevaradan da çox sevirlər?
- Siz əcnəbilər barədə soruşdunuz. Bəli, əcnəbilərdən Kubada ən çox Heminqueyi sevirlər, - Manolin əminliklə dilləndi, - çünki Çe Gevara bizim üçün kubalıdır!”
***
1960-cı ildə artıq ABŞ-da olan Hemi jurnalistlər “sual yağışı”na tutaraq onun dilindən Kuba inqilabının və Fidelin əleyhinə tənqid eşitməyə çalışırlar. Hem onların inqilab əleyhinə yalanlarını dinləyəndən sonra deyir: “Sözünüzü bitirdinizmi, cənablar? Mən hesab edirəm ki, Kubada hər şey yaxşıdır. Bütün namuslu adamlar Kuba inqilabına rəğbət bəsləyir”.
Təbii ki, ABŞ-da bu kəlmələr hiddətlə qarşılanır. Federal Təhqiqatlar Bürosu (FTB) yazıçının izlənməsini təşkil edir, onu daim təqib edirlər. Hemin ölümü ətrafındakı sirlər də hələ çözülməyib. Onun “Mayo” klinikasında elektroşokla “müalicə”si depressiyaya, izlənmə maniyasına və yaddaşının hissəvi itməsinə gətirib çıxarır. Sonda isə - intihar (Hem təkrarlamağı xoşlayırdı: “Kişi yatağında ölməməlidir. Ya döyüşdə ölməlidir, ya da gülləni alnına sıxmalıdır”).
Onun dostu A.Hotçner sonralar yazacaqdı: “Onillər keçəndən sonra FTB ictimaiyyət üçün Heminqueyin dosyesini açdı. Məlum oldu ki, hələ 1940-cı illərdə Edqar Quver yazıçını izləmək göstərişi verib. Onun Kubadakı fəaliyyəti FTB şefinə şübhəli görünürdü. Sonralar da yazıçıdan əl çəkmədilər - agentlər mütəmadi olaraq hesabatlar yazır və söhbətləri dinləyirdilər. Bu təqib hətta Heminquey “Mayo” klinikasında olduğu vaxtlarda da davam etdirildi”.
Heminquey isə dərhal inqilabın qələbəsindən sonra Fidel ilə ünsiyyət qurmağa cəhd edir. Burada bir çox dünənki batistaçının əyninə inqilabçıların formasını geyinib guya ki xalqın tərəfinə keçdiyini nümayiş etdirməsindən narahatlıq hissi də rol oynayırdı. Hem inqilabı bu cür “əbədi monstrlar”dan təmizləməyə çağırırdı.
1959-cu ilin yayında Fidelin Nyu-Yorka, BMT tribunasından çıxış etmək üçün yollanacağını eşidən Hem ətrafındakılara onu Fidellə calaşdırmağı xahiş edir. O, ünsiyyət qurmaq missiyasını dostu Luis Erreraya tapşıraraq deyir: “De ki, Fidel siyasət, siyasətçilər və Amerika xalqının idiosinkraziyası barədə bəzi şeyləri bilməlidir. Bu barədə ona mən danışa bilərəm. O, Nyu-Yorkda zəfər qazanmalıdır!”
Həmin vaxt tanışlıq baş tutmur - Fidelin işləri həddən ziyadədir, Hem isə bir azdan İspaniyaya yollanır. Onların şəxsi tanışlığı yalnız 1960-cı ildə baş tutur. Mayın 15-də Kubada qılınc-balıq tutmaq üzrə 11-ci turnir keçirilir. Orada məşhur balıqçı Hem də, inqilabın lideri Fidel də iştirak edir. Üstəlik, Hem tutduğu balıqları Fidelə bağışlayır.
O ki qaldı Fidelə, yazıçıya olan böyük pərəstişini o, ömrü boyu hifz edib saxlamaqdadır. Bu barədə onun 1984-cü ildə Havanada jurnalist Norberto Fuentesə verdiyi müsahibədə də oxumaq olar. Fidel “Əlvida, silah”ı, “Qoca və dəniz”i, “Əcəl zəngi kimin üçündür”ü dəfələrlə, təkrar-təkrar oxuduğunu, Hemin isə onun sevimli yazıçısı olduğunu söyləyir.
Fidelin “Əcəl zəngi kimin üçündür” romanına xüsusi bağlılığını necə izah etməsi də maraqlıdır: “Orada söhbət düşmən ordusunun arxasında mübarizədən gedir. Və kitab bizə partizan müharibəsini, düşmənin nəzarətində olan ərazidə partizan dəstəsinin uğurlu fəaliyyətini açıb göstərir. Hələ tələbəlik dövrümüzdə bu əsəri ilk dəfə oxuduğumuzda biz partizan mübarizəsinin siyasi və hərbi nöqteyi-nəzərdən necə olmalı olduğunu intuitiv olaraq anlamışdıq. Roman bizə bunun praktik trəflərini görməkdə yardımçı olmuşdu. Hətta artıq partizan olanda da mən bu əsərə yenidən qayıdırdım”.
“Qoca və dəniz”dən bəhs edərkən Fidel söyləyir: “İnsan ən çətin şəraitə də sinə gərməlidir. Final uğursuz ola bilər, ancaq mübarizəyə və qələbəyə can atmaq zəruridir. Məhz bu fikir inqilab illərində bizi ruhlandırırdı. Mübaliğəsiz deyim ki, Heminquey mübarizəmizin ən çətin vaxtlarında bizim bələdçimiz olub. Biz heç də həmişə güclü olmamışıq, onillər ərzində bizi məhv etməyə çalışıblar, ancaq həmişə bu şüarı qoruyub saxlamışıq: “Məğlubiyyəti qələbəyə çevirmək”...