MDB ölkələri arasında nəsr və poeziya nümunələrinin beynəlxalq "Rodnoy Dom" müsabiqəsində iştirak edən Azərbaycan yazıçıları - Kamran Nəzirli, Nəriman Əbdülrəhmanlı, Nərmin Kamal və Elşən Məmmədli "Nəsr" nominasiyası üzrə qalib olublar.
Kamran Nəzirli AZƏRTAC-a bildirib ki, ümumi komanda hesabında da Azərbaycan yazıçıları 11 ölkə arasında birinci yerə çıxıblar. Müsabiqə təşkilatçıları və jüri üzvləri əsərlərə qiymət verərkən bədii dəyəri, ideya yeniliyini və aktuallığı, ədəbi dil normalarını, kütləvi oxucu marağını əsas götürüblər. Müsabiqəyə göndərilən yazılar Belarusun İnformasiya Nazirliyinin təsis etdiyi Ədəbiyyat Portalında dərc olunub. Müsabiqəyə Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Moldova, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan yazıçı və şairlər qatılıblar. Qaliblərin əsərləri Belarusun ədəbi jurnal və qəzetlərində çap olunacaq.
Qeyd edək ki, müsabiqə qaliblərinə oktyabrın ikinci yarısında laureat diplomları təqdim ediləcək.