İçərişəhərin içərisində onun da öz içərişəhəri var. O şəhəri İçərişəhərdə kimdən soruşsanız hamı ora və ona gedən yolu məmnuniyyətlə sizə göstərəcək.
Vədələşdiyimiz vaxtda gəlib ünvana çatıb, zəngi çalırıq. Pilləri sürətlə enən bir adamın addım səsləri eşidirik. Qapı açılır və bizi içərişəhərinə bir neçə saatlıq qonaq olmağa icazə verən tanınmış rəssam, keramika ustası Mir Teymur Məmmədov qarşılayır...
...Və biz rəssamın sehirli, möcuzəli, baxdıqca baxılan içərişəhərinə doğru addımlayırıq...Qalanını biz soruşaq, Teymur müəllim özü danışsın...
“Azərbaycan dünyada birinci yerdədir”
-Bu evin 100 ildən çox yaşı var. Bu evdə göz açmışam, böyümüşəm. İndi də burda həm yaşayıram, həm də işləyirəm. Artıq bu ev Keramika Mərkəzi olaraq fəaliyyət göstərir. 4 ildir ki, bu evin həm fasad, həm də iç divarlarını keramika ilə bəzəyirəm. Bu mənim uşaqlıq arzum idi. Mən ümumiyyətlə, istəyirdim ki, bizim şəhər muzey kimi olsun.
Bu il işi tam başa çatdırmaq istəyirdim, İçərişəhər Qoruğu da bunu gözləyir. Sonra komissiya gələcək, çünki biz bu mərkəzin Ginnesin Rekordlar kitabına düşməsini istəyirik. Və bunun üçün çalışırıq. Amma işlərim çox olduğuna görə, mənə elə gəlir ki, ola bilsin bu ilə çatdıra bilməyim.
-Bəs nə mane olur? Sizə bu işdə kömək edən yoxdur?
-Sağ olsunlar, dostlarım, tələbələrim mənə kömək edir. Amma mən tez-tez dünyanın müxtəlif ölkələrində keçirilən keramika üzrə beynəlxalq simpoziumlarda iştirak edirəm, master-klasslar keçirəm.
Ondan başqa “Arts-Council”la birgə dünyada analoqu olmayan duet simpozium layihəsini həyata keçiririk. Layihə çərçivəsində bir ölkədən rəssam dəvət edib, onunla birgə işləyirəm. Bu il Qazaxıstandan Artyon Karoslaviç adlı bir rəssamı dəvət etdik, gəldi, 18 gündə 14 əsər yaratdıq.
Teymur müəllim bizə həmin əsərləri göstərərək sözünə davam edir:
-Xaricilərə Azərbaycan gilləri çox maraqlı gəlir. Çünki Azərbaycan gillərin rəngarəngliyinə görə dünyada birinci yer tutur. Təsəvvür edin, 128 gil növündən 98-i Azərbaycanda var.
-Həmin rəssamları siz seçirsiniz?
-Bəli, mən seçirəm.
Layihə çərçivəsində bu yaxınlarda moldovalı Valentin Rusu Bakıya gələcək. Tanınmış rəssamdır, o da mənim kimi rəngkarlıq, heykəl, qrafikada işləyə bilir. Yəni bizim üçün material problemi yoxdur. İstəklər çoxdur: amerikalı, meksikalı rəssamlar mənimlə işləmək istəklərini bildirirlər. Çünki onların yaratdığım əsərlərin gildən olduğuna inanmaqları gəlmir.
Elə bu an Teymur müəllim “Qaz boruları” adlanan keramik əsərinə bir çırtma vurur.
-Dəmirdəndir?
-Yox, gildir.
-Səsi dəmiri andırır...
-Ola bilər, amma bizim gildəndir.
“Onu həmin an sındırıram”
-Gilləri hardan gətirirsiniz?
-Bütün Azərbaycan gildir. Hər rayondan gil gətirirəm.
İstəyirəm bunu qeyd edəsiniz, bizdə qırmızı gilə saxsı deyirlər, tamamilə səhvdir. Bəzən də keramikaya saxsı deyirlər, bu da düzgün ifadə deyil. Keramika ümumi bir dövlətdir, onun içində cürbəcür xalqlar yaşayır. Yəni çini –birinci növ, saxsı-ikinci növ, sonra isə qırmızı gillər gəlir...Çininin içərisində dəmir duzu yoxdur, ona görə o ağdır. Qırmızı gillərdə dəmir duzu çox olduğuna görə rəngi də qırmızı olur. Mənim istifadə etdiyim gil müəllif gilidir. Onu mən təxminən yeddi gildən yığıram. Baxın, bu, Xocalıya həsr olunan əsərdir. Arzularımdan biri bunu Xocalının girişində ucaltmaqdır.
-Heç alınmayan işiniz olub?
-Çox olub. O işi həmin an sındırıram. Sonra yenidən hazırlayıram, yəni alınana qədər üzərində işləyirəm.
-Silsilə əsərləriniz varmı?
-Əlbəttə, var. Çayniklər silsilədir. Təxminən 50 –dən çox çaynik hazırlamışam.
-Əsərlərinizi qalereyalarda satışa çıxarırsınız?
-Gördükləriniz bazar malı deyil, əsərlərdir.
-Sizin bir fikrinizə rast gəlmişdim: əsərlərini satmayan rəssam rəssam deyil.
-Rəssam nə üçün işləyir? Sandığa yığmaq üçün? Əlbəttə, rəssam əsərini satmalıdır. Kiminsə evində olmalıdır, o insan da ondan enerji, ləzzət almalıdır.
-Əsərləri neçəyə satırsınız? Ən bahalı əsəriniz hansı olub?
-Belə suallara cavab vermək olmaz. Bu düzgün deyil. Hər əsərin öz qiyməti var. Almaq istəyən adam özü yanıma gəlir, qiymətini soruşur, alır. Əsərlərim ancaq burda satılır.
“Bizim qalereyaların iş sistemindən xoşum gəlmir”
-Maraqlıdır, əsərlərinizi qaleriyalara niyə vermirsiniz?
-Qaleriya özünü dolandırmaq üçün mən dediyim qiymətin üzərinə müəyyən faiz qoymalıdır. Bu təbiidir. Amma mənə söz çatanda ki, 100 manatlıq işimi 500 manata satırlar və illərlə orda saxlayırlar, bu artıq xoşuma gəlmir. 100 manatın üzərinə 10, 20, uzaqbaşı 50 faiz qoy, daha niyə bu qədər baha satırsan.
Ona görə Azərbaycanda qaleriyaların iş sistemindən xoşum gəlmir. Burdakı qaleriyaların ancaq bir fikri var: qısa zamanda varlanım. Bu, qaleriya deyil, bazar strategiyasıdır.
-Alıcıların sayından şikayətiniz yoxdur ki?
-Min şükür.
Bilirsiniz, kim keramikayla milyoner olmaq istəyirsə, bu, alınmayacaq. Kim istəyir ki, suvenir zavodu açsın, bunun üçün suvenirin keyfiyyəti yüksək səviyyədə olmalıdır. Pilintus səviyyəsində suvenir istehsal etməklə heç bir nəticə əldə etmək olmaz.
Keramikada nəyəsə nail olmaq üçün gərək sənətin xəstəsi olasan. Mən bəzən gecə oyanıb, işləyirəm. Çünki yeni ideya gəlir.
İndi daş atırsan rəssama dəyir. Rəsm nədir, bilmir, amma çəkdiklərini 5, 10, 50 minə satır. Qoy satsın, amma o rəssamlıq, incəsənət deyil. İncəsənətdə biznes olmur. Yalnız rəssam öləndən sonra onun sümüyünün üzərində biznes yaradırlar. Uzağa getməyək, götürək elə Van Qoqu...Onun qardaşı Teo olmasaydı Van Qoq neyləyə bilərdi? Van Qoqa bir parça çörək, rənglər, kətan, fırçalar lazım idi. Teo qardaşını sevdiyindən öz biznesi sayəsində ona əl uzadıb, kömək edirdi. Bu gün Van Qoqun əsərləri 4, 6, 40 milyona satılır. Amma vaxtında Teo varlanmadı. Bu, incəsənətin qanunudur.
-Bayaq dediniz, şəhərimizi muzey kimi görmək istəyirdiniz. Ola bildimi? Şəhərin bugünki görünüşündən razısınız?
-Bilirsiniz, şəhər mədəniyyətdir. Şəhərdə yaşayan insanlar “kənd mədəniyyəti”nə deyil, şəhər mədəniyyətinə uyğun olmalıdırlar. Küçədə qışqırmaq, tüpürmək olmaz. Küçəyə də öz evin kimi yanaşmaq lazımdır.
“Çıxaq bayıra danışaq” kəlməsi İçərişəhərdən çıxıb. Kiminləsə problemimizi ana-bacıların, böyüklərin yanında deyil, Qubernator bağında həll edirdik. Özü də bıçaqsız. İndiki zəmanədə çox dəyərlər məhv olub, hər şey dolların qurbanına çevrilib. Təəssüf...
“Küçələrdə siçovullar tuğyan edirdi”
-İçərişəhər Qoruğunun baş rəssamısınız. Buranın memarlığının, qədimi abu-havasının itməsiylə bağlı çox iradlar var. Siz bununla razısınızmı?
-Tikintinin, qoruğun qanunlarını bilən, bilməyən və az qala hər yerindən duran İçərişəhər barədə danışmağa başlayır. Doğrudur, hər işdə qara ləkə var. Amma gərək biləsən ki, danışasan. Kim bu barədə danışırsa ona bir sual verirəm: yadına gəlir, bu küçələrdə siçovullar necə tuğyan edirdi. Elə vəziyyət yaranmışdı ki, pişiklər siçovullardan qorxurdu. Siçovulların, üfünətin iyindən zibilliyə yaxınlaşmaq, kanalizasiya qoxusundan həyətlərin arasından keçmək olmurdu. Uzun illər idi ki, kanalizasiya xətləri dəyişilmirdi. Amma 2013-2014-cü ildə o xətlərin dəyişdirilməsi işlərinə start verildi. Hələ tam başa çatmayıb, amma proses pillə-pillə gedir. Bunları mənim danışmağa ixtiyarım və hüququm var. Çünki baş verənlərin hamısını görmüşəm.
“Qərb Şərqi məhv edir”
-Dünyanın bir çox şəhərlərində olmusunuz. Memarlıq cəhətdən hansını bəyənirsiniz?
-Hər şəhərin öz gözəlliyi var. Konkret ad çəkə bilməyəcəm. Amma mən hazırda dünyada baş verənləri izləyirəm, çox təəssüf edirəm ki, insanı valeh edən Aleppo, Dəməşq, Bağdad necə ağır günlər yaşayır. O şəhərlərin gözəlliyindən əsər-əlamət qalmayıb. Onların halına ancaq ağlamaq qalır....
Qərb Şərqi məhv edir. İncəsənətini, mədəniyyətini amansız şəkildə məhv edirlər...
“Narazılıqlarımı Fərhad Xəlilova bildirmişəm”
-Teymur bəy, Rəssamlıq Akademiyasında dərs deyirsiniz?
-Yox. Çünki o Akademiyada rəssam hazırlamırlar. Əksinə insanları şikəst edirlər. Orda beş-altı nəfər var ki, onlara insan deməyə də dilim gəlmir, onlar ikiayaqlıdırlar. Akademiya yaxşı müəllimləri axtarıb, bir yerə yığmalı, peşəkar bir komanda yaratmalıdır. Yoxsa vəziyyət çox acınacaqlıdır.
Hazırda akademiyada təhsil alan 5 tələbə mənim yanıma gəlirlər. Mən onları yenidən yoğururam.
-Rəssamlar İttifaqının necə üzvüsünüz?
-1989-cu ildən İttifaqın üzvüyəm.
-Fəaliyyətindən razısınızmı?
-İttifaqla bağlı bütün düşüncələrimi, narazılıqlarımı keçirilən qurultaylarda açıq şəkildə Fərhad Xəlilova bildirmişəm. Onun barəsində heç yanda heç kimlə danışmamışam. Nə düşünürəmsə, özünə demişəm.
-Yəni vəziyyət o qədər pisdir?
-Çox pisdir. İttifaqı kisəyə, daşlarını da ora üzv olan rəssamlara bənzətsəm içindən 10 nəfəri çıxarıb rəssam adlandıra bilərəm. Axı 1500 rəssam adını daşıyanlar nəyə və kimə lazım idi? Sayı artırmaq üçün? Deyən lazım 10 ildir İttifaqın üzvüsən, amma bir dəfə də olsun sərgidə iştirak etməmisən. Bu necə üzvlükdür? Əsərlərin hanı?
Bu gün çox emalatxanalar biznesə çevrilib. Axı vaxtilə o emalatxananı dövlət sənə iş görəsən, yaradasan deyə vermişdi. Bəziləri emalatxanalarını satıb, bəzisi içində yaşayır, bəzisi icarəyə verib.
Bütün bu narazılıqlarımı qurultaylarda deyirəm. Amma son qurultaya məni dəvət etmədilər. Çünki bilirlər ki, mən çıxıb sözümü tribunadan deyəcəm.
-Danışdıqlarınızdan belə qənaətə gəlmək olar ki, keramikanın Azərbaycandakı durumu heç də yaxşı deyil.
-Durum pisdir. Ən əsası odur ki, indiyə qədər bizdə beynəlxalq simpozium keçirilmir. Bu çox vacibdir. Bu böyük siyasətdir. Gürcülər bunu çoxdan başa düşdülər. Bir azdan ermənilər də bunu edəcək. Halbuki, keramikada bu qədər köklü tarixə, mədəniyyətə malik olan bir xalq kimi biz beynəlxalq simpoziumu çoxdan keçirməliydik. Mən dəfələrlə bu təkliflə çıxış etmişəm və edirəm də.
Qeyd: Mir Teymur Məmmədov 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1968-1978-ci illərdə V. Muxina adına Leninqrad ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun "Teatr, musiqi, kino rəssamı" fakültəsini bitirib. 1970-ci illərdən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının, 2007-ci ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. 2004-cü ildə "Humay" milli mükafatına layiq görülüb. 2006-cı ildə "Sülhün elçisi" adına və Azərbaycan İncəsənətini xaricdə təbliğinə görə "Simurq" diplomu ilə təltif olunub. 1500-ə yaxın elmi və publisistik məqalələrin müəllifidir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun baş rəssamı və İçərişəhər Ağsaqqallar Şurasının üzvüdür.
Nərmin Muradova
Fotolar Elçin Murad