“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu feysbuk hesabında ölkəmizin Frankfurt kitab yarmarkasına görülən hazırlıqlardan şikayətlənib. O bildirib ki, yarmarkaya hər il mənasız və əhəmiyyətsiz kitablar aparılır: “Mənasız deklarativ nümayişləriniz nəyə lazımdır? Kitabsız yarmarkalarınız nəyə lazımdır? Mirzə Cəilili, Sabiri tərcümə etmək bu qədərmi ağırdır?”
Teleqraf.com yazarlar arasında belə bir sorğu keçirib: Sizcə, Azərbaycan xalqını, onun dünyadakı dünənki və bugünkü yerini çatdırmaq üçün hansı əsərlərimiz xarici dilə çevrilməlidir?
Cavabları təqdim edirik.
Nəriman Əbdülrəhmanlı: Bu məsələni təkcə bədii ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Azərbaycan xalqının tarixini, mədəniyyətini, incəsənətini, məişətini dünyaya tanıtmaq üçün elmi monoqrafiyaları, publisistik əsərləri də xarici dillərə çevirib tanıtmaq olar.
Ədəbiyyata gəldikdə isə, bunu sistemli şəkildə yerinə yetirmək lazımdır. "Kitabi-Dədə Qorqud" dastanı, nağıllarımız, dastanlarımız, Nizaminin, Nəsiminin, Füzulinin, Xətainin, Mirzə Fətəlinin əsərləri mükəmməl tərcümə olunub yayılsa, xalqa baş ucalığı gətirər. XX-XXI əsr ədəbiyyatından seçmələr, İsa Hüseynovun "Məhşər", Yusif Səmədoğlunun "Qətl günü", Kamal Abdullanın "Yarımçıq əlyazma" romanları məhz bu cür missiyanı yerinə yetirə bilər.
Qismət Rüstəmov: Məncə, ilk növbədə, klassiklərimizi çevirmək lazımdır. Ədəbiyyatımızın ənənəsi olduğunu göstərməliyik. Sonra əvvəlcə antologiyalar şəklində, ardınca isə tək-tək çağdaş müəlliflərin kitablarını tərcümə etdirmək lazımdır. Məsələn, Türkiyədə Mədəniyyət Nazirliyinin “TEDA - Türk edebiyatının dışa açılımı” adlı layihəsi var. Türk yazarlarını tərcümə edən, yaxud nəşr edən qurumlara maddi dəstək göstərirlər.
Deyək ki, yaxın illərdə Tanpınar Amerikada Coysun, Prustun çıxdığı klassiklər seriyasında çap olundu. Bizdə vəziyyət pisdir. Həmişə kitab yarmarkaralarında siyasi-ideoloji ədəbiyyatla təmsil olunuruq ki, o kitabların da tərtibatı nəfis olsa da, məzmunu bizi ifadə etmir, xaricilər də ancaq gülüş doğurur. Qohum-qardaş, dost-tanış, yerlibazlıq söhbətlərini kənara qoymadan ədəbiyyatdan və onun təbliğindən danışmaq mümkün deyil.
Mirmehdi Ağaoğlu: Azərbaycan ədəbiyyatını dünyada tanıtmaq üçün uzaq keçmişə getmək gərək deyil. Bizdə belədir ki, öz dilimizə tərcümə edəndə də lap əvvəldən başlayırıq, çağdaş dövrü unuduruq, nəticədə dünya ədəbiyyatından ən azı 50 il geridə qalırıq. Məncə, tərcümə məsələlərində daha çox çağdaş nəsrə üstünlük vermək lazımdır. Mən birini deyim. Nəriman Əbdülrəhmanlının "Qurban" əsərini çevirmək olar. Son illər dünyanın "Əli və Nino" əsərinə marağını nəzərə alsaq, Nəriman müəllimin "Qurban"ı mütləq çevrilməlidir. Xatırldaım ki, "Qurban" əsəri "Əli və Nino"nun müəllifi haqqındadır.
Etimad Başkeçid: Bir xalq olaraq “Dədə-Qorqud” dastanını dünyaya tanıtmalıyıq.
Fərid Hüseyn: Nizami Gəncəvini dünyaya Azərbaycan müəllifi kimi çatdıracaq fundamental toplu çap olunsa, bizi dünənimizlə birgə tanıya bilərlər. Kimsə Nizaminin əsərlərində bəzi fars və ərəb əfsanələrinin, əhvalatlarının bizə dəxli olmadığını düşünə bilər, amma o dövrü və çoğrafiyanı nəzərə alanlar üçün bu məqam da ikinci plana kecəcək.
Alpay Azər: Mənim fikrimcə, bu əsərlər Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy", "Danabaş kəndinin əhvalatları", Hüseyn Cavidin "Topal Teymur", İsa Hüseynovun "Məşhər", Məmməd Səid Ordubadinin "Qılınc və Qələm", Fərman Kərimzadənin "Xudafərin körpüsü", "Çaldıran döyüşü", Azər Abdullanın "Qəmərlidən keçən qatar", Səfər Alışarlının "Maestro" əsərləri ola bilər.
Mövlud Mövlud: Avropada Azərbaycan xalqını, onun başına gətirilən faciələri ən yaxşı Məmməd Orucun “Köçürülmə” romanı təbliğ eləyə bilər. Məhz bu roman ingilis dilinə tərcümə olunmalıdır. Əsər bütün erməni təbliğatını darmadağın eləyəcək gücdədir. Çünki hər cür pafosdan uzaq, böyük ağrı ilə, real hadisələr əsasında yazılıb.
Soyuq vaqondakı şəraitə dözə bilməyən körpə tələf olur. Qatar dayananda düşüb, onu tez-tələsik basdırırlar. Anası qıyya çəkir:
- Dərin qazın eyyy, dərin qazın, qurd-quş yeməsin!..
Belə əsərləri çıxarmalıyıq dünyaya. Dövlət pul ayırmalıdır, ingilis dilinə tərcümə elətdirməlidir, film çəkdirməlidir.
Sevinc