8 Oktyabr 2016 13:50
7 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

“15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməmi təqdim edib Azərbaycan Cümhuriyyətinin Kəyan paytaxtında ilk səfarətxanasını təsis etdim”.

Adil Xan Ziyadxan

1918-ci il mayın 28-də istiqlalı elan edilən Azərbaycan Cümhuriyyətinin atmalı olduğu mühüm addımlardan biri də qonşu dövlətlərdə səfirliklərin açılması idi. Bu səfirliklərdən ən önəmliləri Osmanlı və Qacar dövlətlərində fəaliyyət göstərənlər idi.

Bu yazımızda Qacar dövlətindəki səfirlikdən bəhs edəcəyik.

Azərbaycanda Cümhuriyyətin elan olunması və Azərbaycan adlandırılması İranda birmənalı qarşılanmır, ölkə qəzetlərində sərt yazılar yer alırdı.Həmin qəzetlər bildirirdi ki, “Azərbaycan” adının Arazın şimalına aidiyyatı yoxdur, ora tarixən Albaniya və Aran adlanıb. Buna cavab olaraq M.Rəsulzadə “Azərbaycan və İran” və digər yazılarında “Azərbaycan” sözünün tarixi haqqında bilgilər verir, Cümhuriyyətin sərhədlərinin harada bitdiyini qeyd edirdi.

Qacar hökuməti qorxurdu ki, Arazın şimalında müstəqil Azərbaycan hökuməti yaradılarsa, gələcəkdə Arazın cənubundakı Azərbaycan adlanan və eyni xalqın yaşadığı ərazilərə də iddiaçı olunacaq.Ona görə də İran qəzetlərində gah şimaldakı azərbaycanlıların türkləşmiş farslar olduğu yazılır, gah da bu ərazilərin tarixən İrana aid olduğu qeyd edilirdi.

Lakin istər Parisdəki Azərbaycan nümayəndə heyətinin, istərsə də, Azərbaycan Xarici İşlər nazirliyinin fəaliyyəti nəticəsində İran bu düşüncələrindən vaz keçir və yeni cümhuriyyətlə münasibət qurmağa meyilli olur. Çünki artıq İranın özünə də sərf edirdi ki, təlatümlərin yaşandığı Rusiya ilə arasında başqa bir dövlət yerləşsin.

İranla qarşılıqlı münasibətlərdən sonra, nəhayət, 1919-cu il iyulun 16-da İran hökuməti yanında diplomatik nümayəndəliyin təsis olunması haqqında qərar qəbul edilir və Tehrandakı nümayəndəliyin başçısı Adil xan Ziyadxan təyin edilir.

Səfirimiz kim idi?

Adil xan Ziyadxan Gəncədə doğulub,Cavad xanın nəticəsidir. Aildə üç qardaş olublar. Özünün yazdığına görə, böyük qardaşı İsmayıl xanla o, Moskva universitetində ali hüquq təhsili alıb, digər qardaş Şahverdi xan ali hərbi məktəbi bitirib hərbi süvari qoşun hissəsində xidmətə daxil olub. İsmayıl xan Peterburqda yaradılmış Rusiya Milli Şurasının Birinci Məclisinə Qafqazın Azərbaycan bölgəsinin müsəlmanları tərəfindən vəkil seçilib.
1906-cı ildə imperator bu məclisi buraxandan sonra etiraz edərək Vıborq bəyannaməsini imzalayan və buna görə həbsə atılanlar arasında İsmayıl xan da olur.

Adil xan 1906-cı ildə yaradılmış “Difai” partiyasının təşkilat komitəsinin üzvü, həmçinin 1917-ci ilin fevral inqilabından sonra Gəncədə yaradılmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin 7 üzvündən biri olub.

Azərbaycan hökuməti Gəncədən Bakıya köçdükdən sonra 1918-ci ilin sentyabr ayından başlayaraq o, xarici işlər nazirinin müavini təyin edilib.1918-ci ilin oktyabr ayının əvvəllərində yeni xarici işlər naziri olmuş Ə.Topçubaşov Bakıda olmadığı üçün A.Ziyadxan həmin ilin dekabr ayının sonlarında yeni hökumət qurulana qədər xarici işlər nazirini əvəz edib.

Naziri əvəz etdiyi dönəmdə Adilxan baş nazir Fətəli xan Xoyski ilə birlikdə xalqların təyini müqəddərat hüququnu tələb edən ABŞ prezidenti Vudro Vilsona müraciət ediblər: “Avropanın qüdrətli hakimiyyətinə müraciət etməzdən əvvəl Azərbaycanın xalqı və hökuməti kiçik məzlum millətlərin hamisi kimi sizin humanist şəxsiyyətinizə üz tutur və inanır ki, siz sözünüz və əməllərinizlə Zaqafqaziyadakı Azərbaycan Respublikasının müstəqil dövlət kimi tanınmasında ona kömək edəcəksiniz”.

Tehrana yolçuluq

Beləliklə, İranla münasibətlər qaydaya salındıqdan sonra Adil xana səfirliyin açılması üçün 50 min manat, özünün yaşaması üçün isə 25 min manat pul ayrılır.

İranda olduğu müddətdə Adil xan bir tərəfdən həm bu ölkədə, həm də Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı xarici işlər nazirliyinə raportlar təqdim edir, digər tərəfdən isə İranda yaşayan azərbaycanlıların ictimai, mədəni durumları ilə yaxından məşğul olur.

Onun 1919-cu ildə Bakıda nəşr edilmiş “Azərbaycan: tarixi, ədəbi və siyasi vəziyyəti” adlı kitabının üç min nüsxəsi qısa müddətdə İranda olan Azərbaycan konsulluğu tərəfindən yayılır.

Qeyd edək ki, bu kitabda mart hadisələri, Osmanlı hərbi hissələrinin Azərbaycana dəvəti, birinci dünya müharibəsinin yekunu kimi Müttəfiq qoşunlarının Bakıya daxil olması, Azərbaycan Milli Şurasının ABŞ prezidenti V.Vilsona müraciəti və bu dövr tariximizin digər səhifələrinə aid qiymətli məlumatlar var.

Adil xan hökumətəyazırdı ki, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək etmək, türk dilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və s. işləri görə bilmir. Çünki səfirliyin maddi imkanı buna yetmirdi.Amma o, buna baxmayaraq xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini öyrədən cəmiyyətin yaradılması ilə bağlı fəaliyyət göstərdiyini qeyd edirdi.

İranda səfirlik açıldıqdan sonra bu ölkə ilə mühüm sazişlər imzalanır.

Mart ayının 20-də Novruz bayramı axşamı gömrük, ticarət, teleqraf əlaqələri, məhkəmə qərarlarının icrası, konsulluq əlaqələri və Azərbaycan Cümhuriyyəti ilə İran şahənşah hökuməti arasında dostluq haqqında müqavilə imzalanır.

Müqavilənin birinci maddəsində İran hökuməti Qafqaz AzərbaycanCümhuriyyətinin müstəqilliyini de-yure tanıyır.

Müqavilənin ikinci bəndinə əsasən, tərəflər öz aralarında möhkəm dostluq və iqtisadi münasibətlər yaratmaq əzmində olduğunu təsdiq edir, üçüncü maddəyə əsasən isə beynəlxalq hüquqi əlaqələrə uyğun olaraq, Azərbaycan öz daimi səlahiyyətli nümayəndəsini Tehrana, İran isə öz nümayəndəsini Bakıya göndərməli idi.

Cənubi Azərbaycan məsələsi

Baxmayaraq ki, istər Topçubaşovun Parisdəki İran nümayəndələri ilə danışıqları, hökumətin İrana Arazın cənubu ilə bağlı verdiyi vədlər vardı, amma İrandakı səfirlik cənubdakı durumu müntəzəm şəkildə izləyir, baş verəcək hadisələri şimaldakı hökumətin xeyrinə nə cür çevirəcəyi ilə bağlı düşünürdü. Çünki Qacar xanədanlığı ağır günlərini yaşayırdı, hər an situasiya dəyişə bilərdi.

Təsadüfi deyil ki, 1920-ci il aprelin 11-də hökumətə yazdığı məktubunda A.Ziyadxan İrandakı vəziyyəti belə xarakterizə edir: “İran sürünür; kütləvi rüşvətxorluq və vəzifələrə təyinat zamanı açıq alver; nəticədə xalqın insafsızcasına soyulması; məhkəmə və ədalət deyilən şey yoxdur; keçmiş əzəmətdən əsər-əlamət qalmayıb, yeni mədəniyyət və abadlıq görünmür; hər yanda yoxsulluq və natəmizlik... Farsların bizim respublikaya münasibəti o qədər də yaxşı deyil, əksinə-İran Azərbaycanı türklərinin münasibəti qardaşcasına, dostcasınadır. İran Azərbaycanı muxtariyyətə, müstəqilliyə və Farsistandan ayrılmağa can atır”.

Aprelin 12-də xarici işlər nazirinə yazdığı raportunda isə qeyd edirdi: “İran azərbaycanlıları açıq deyirlər ki, Azərbaycan azərbaycanlılar üçündür və nə vaxta qədər Tehrandan göndərilən fars hakimlərini dolandıracağıq. Onların yeganə məqsədi bədbəxt Azərbaycan xalqının şirəsini sormaqdan, qarət olunmuş xalq pulları ilə Tehranda saraylar tikib, bağlar salmaqdan ibarətdir”.

Göründüyü kimi, əgər Azərbaycan Cümhuriyyəti devrilməsəydi, gələcəkdə cənubla bağlı ciddi planlar olacaqdı.
Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal olunandan sonra Adil xan İranda qalmalı olur. Xatirələrində yazır: “22 iyun 1921-ci il tarixindən şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün Sovet Respublikaları İttifaqı tərəfindən İran şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi”.

İranda qaldığı müddətdə Adil xan Tehranda bələdiyyə idarəsində, Sosial Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində, Təbrizdə Azərbaycan dəmir yolu və gəmiçilik işlərində çalışır. Daha sonra İstanbula mühacirət edir, oradakı azərbaycanlı mühacirlərlə birlikdə sovetlərə qarşı mübarizədə yer alır.

1954-cü ildə İstanbulda vəfat edir.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər