Noyabrın 12-də Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi Bakıda keçiriləcək VII Avropa Film Festivalı çərçivəsində nümayiş olunacaq.
Teleqraf.com xəbər verir ki, filmin nümayişi “Metro Park” kinoteatrında baş tutacaq.
Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Filmdə baş rolları aktyorlar Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.
Qeyd edək ki, filmin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında baş tutub. Film, həmçinin Almaniyada keçiriləcək 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb.