Teleqraf.com Məmməd Süleymanovun "Nobel komitəsi ədəbiyyata qarşı, yaxud Çapek kazusu..." essesini təqdim edir:
Gülüş, sarkazm, ironiya, təəccüb... Nobel mükafatını Bob Dilanın alması xəbərinin doğurduğu reaksiyaları hisslərin bu qammaları ilə ifadə etmək olar.
Nobel komitəsinin yekun rəyində bu ifadə yer alır: "Amerikanın böyük musiqi ənənəsində yeni poetik ifadələrin yaradılmasına görə". Artıq buradan da görünür ki, 1960-cı illərin qiyamçısının xidmətləri daha çox musiqi sahəsindədir. Komitənin Ədəbiyyat üzrə daimi katibi Sara Daniusun Bobu "İngilis ənənələrinin böyük şairi" adlandırması isə xəfif təbəssümdən başqa bir emosiya doğurmur.
Yeni laureatın adı açıqlanandan sonra bir ingilis tənqidçisi yazdı: “Akademikləri qınamayın. Kitab oxumaq çox zəhmətli işdir”. Görünür, Stokholmda toplaşanlar da oxumağa yox, dinləməyə üstünlük veriblər. Mahnı dinləməyə.
İstənilən halda, Dilanın şeirləri yüksək ədəbiyyat nümunəsi deyil. 1961-ci ildə namizəd olmuş Con Tolkinə məhz bu səbəbdən mükafat verilməmişdi (Rəy: “Onun əsərləri heç bir halda yüksək səviyyəli ədəbiyyat sayıla bilməz”). Halbuki, Tolkin Ədəbiyyat adamıydı. Dilan isə Ədəbiyyat adamı adlandırıla bilməz.
Bəlkə onun nə vaxtsa məşhur olması əsas arqumentdir? Stop! - 1936-cı ildə Herbert Uellsin namizədliyinin üstündən xətt çəkəndə Nobel komitəsi onun “çox məşhur olması”nı səbəb göstərmişdi. Guya ki, mükafat qeyri-məşhurlara verilir.
Əgər Nobel komitəsində toplaşanlar bu ilki namizədlər - Ədəbiyyata dəxli olanlar arasında layiqli namizəd tapa bilməyiblərsə, olmazdımı ki, ümumiyyətlə bu il mükafatı təqdim etməyəydilər? Deyəcəksiniz ki, bu cür olmur? Olur. 1935-ci ildə Ədəbiyyat üzrə mükafat heç kimə verilməyib. Nobel mükafatının əsasnaməsində belə bir bənd var: “Əgər mükafata təqdim edilən işlərdən heç biri yetərincə əhəmiyyətli sayılmazsa, mükafatın pulu gələn ilə saxlanılır”. Və həmin il komitə təqdim olunan əsərlərin heç birini “yetərincə vacib” saymayıb.
Halbuki həmin ilin namizədləri arasında bir-birindən məşhur namizədlər vardı. Bəzilərinin adlarını sadalayaq: Karel Çapek, Pol Valeri, Migel de Unamuno, Herbert Uells, Dmitri Merejkovski, Gilbert Kit Çesterton, Roje dyü Qar, Frans Sillanpyaya. Üstəlik, onlardan bəziləri sonrakı illərdə Nobel mükafatını aldılar da. Dyü Qar 1937-ci ildə, Sillanpyaya 1939-cu ildə, Yohannes Yensen isə 1944-ci ildə nobeliat oldu.
Məgər 1935-ci ildə baş verənlər bir daha təsdiqləmirmi ki, Nobel mükafatı ədəbiyyatın keyfiyyətinin universal ölçüsü deyil?!
Habelə, bu il də namizədlər arasında layiqlisini seçmək olardı. Məsələn, suriyalı şair Adonisi. Bütün kriteriləri ilə diqqət çəkir - dünya şöhrətlidir, mübarizdir, qan içində boğulan Yaxın Şərqdəndir.
Ancaq xatırlayanda ki Nobel mükafatı tarixində dəfələrlə layiqli namizədlər “unudulub”, ya da aşkarca layiq bilinməyiblər, sualların sayı da azalır. Xrestomatik misal 1901-ci illə bağlıdır. O vaxtla ki, Nobel mükafatı ilk dəfə təqdim olunmalıydı. O vaxt Nobel komitəsi Lev Tolstoyun namizədliyini rədd edir. Tolstoyun namizədliyinin əleyhinə qətiyyətlə çıxanlardan biri - İsveç Akademiyasının katibi Karl Virsen öz mövqeyini bu cür əsaslandırır: “Bu yazıçı sivilizasiyanın bütün formalarını pisləyir və əvəzində yüksək mədəniyyətin bütün qaydalarından uzaq olan primitiv həyat tərzinin qəbul olunmasını təkid edir. Heç kim bu cür baxışlarla həmrəy olmayacaq”.
Yeri gəlmişkən, “sivilizasiyanın düşməni” Tolstoy mükafat ona verilərsə, imtina edəcəyini bildirmişdi.
İlk Nobel mükafatı isə Tolstoya yox, Sülli-Prüdoma qismət olur. İnsaf xatirinə, o nobeliatın əsərlərinin adını da demirəm, elə özünün soyadını indi kim xatırlayır ki?..
***
Dəfələrlə klassiklərə çatmamış mükafat bu dəfə Bob Dilana ötürüldü. Ancaq Ədəbiyyat tarixində Bob Dilanın yox, məhz “məğlub” klassiklərin adları qalacaq. Tipik nümunə Karel Çapek ola bilər. O yazıçı ki, 7 il dalbadal namizədliyi irəli sürülsə də, hər dəfə bir fərqli izahla mükafatdan kənarda saxlanılıb. Üstəlik, böyük çex yazıçısının, alovlu antifaşistin tarixçəsi o qədər ibrətamizdir ki, Nobel komitəsinin qeyri-obyektivliyini, bitərəfliyi saxlamadığını, hətta bəzən şərin tərəfində dayandığını ortaya qoyur.
Beləliklə, Karel Çapekin Nobel mükafatına namizədliyi ilk dəfə 1932-ci ildə irəli sürülür. İsveç akademikləri çex dilində əlbəttə, oxumurlar və onlar Çapek barəsində slavist ekspert A.Karlqrenin rəyinə əsaslanırlar. Karlqrenin tənqidi rəyini rəhbər tutan Nobel komitəsi üzvləri Çapekin əsərlərini “səthi və üslubca qüsurlu” sayırlar.
1933-cü ildə Çapek yenə namizəddir. Bu dəfə ekspert Karlqren nisbətən müsbət rəy verir. Nobel komitəsinin rəyində isə deyilir ki, Çapek “qeyri-adi hərtərəfli istedada malik yazıçıdır”, ancaq “onun yaradıcılığının daha çox stabilliyə doğru inkişaf edəcəyinə ümid bəsləyərək” namizədliyinə ciddi yanaşılmır. Çox dumanlı rəydir.
1934-cü ildə Çapekin namizədliyi onun yenicə capdan çıxmış “Meteor” romanının ətrafında müzakirə edilir. Karlqren öz ekspert rəyində əsərin “cəsur fantaziya və kəskin psixologizm” kimi keyfiyyətlərindən söz açsa da, müəllifi “ifrat ekssentrizm və süni problematika”da ittiham edir. Nobel komitəsi üzvləri bu rəyin əsasında öz verdiktini çıxararaq yazır: “Müəllifin daha ciddiliyə doğru inkişaf edəcəyinə ümidi kəsmək lazım deyil”. Yenə də qeyri-müəyyən ifadələr.
1935-ci ildə (o vaxt ki, mükafat heç kəsə təqdim olunmur), Nobel komitəsi Çapekə qarşı amansızlıq ortaya qoyur: “Fəlsəfi mühakimələrində əsassızlıq və mənasız boşluqlar var”. Və “Komitənin Çapekin gözlənilən istiqamətdə inkişaf edəcəyi ilə bağlı ümidləri onun son əsərlərində doğrulmayıb”. Ancaq ümid yeri də qoyurlar: “Onun zəngin təxəyyülü və istedadı gələcəkdə namizədliyinin irəli sürüləcəyinə inanmağa vadar edir”.
Və o gələcək gəlir - 1936-cı ildə Çapek yenə namizəddir. Həmin il onun “Salamandrlarla müharibə” antiutopiyası nəşr olunub. Ekspert Karlqren tərifli rəy yazır, mükafata məhz Çapekin layiq olduğunu israrla tövsiyyə edir. Nobel komitəsinin rəyi də Çapekin ünvanına təriflərlə başlayır, ancaq sonra bu cümlə peyda olur: “...Ancaq “Salamandrlarla müharibə” mühüm əsər sayıla bilməz”. Neqativ rəy üstünlük təşkil edir. Demə, əsərdə “ağlasığmaz həqiqətdən uzaqlıq”, “dəhşətli zövqsüzlük”, təlxəkcəsinə apokalipsis”, “bədii axtarışların banallığı” və s. var. Və bu sadalananlar Çapekə “əsl yazıçı olmaqda mane olur”.
Əsl səbəb isə tamamilə başqa idi - “Salamandrlarla müharibə” antiutopiyası antifaşist Çapekin nasist Almaniyasına, onun irqçi, militarist, millətçi siyasətinə qarşı yazılmışdı. Bu, insan sivilizasiyasının sonu haqda romandır. Bu, həm də roman-xəbərdarlıqdır. Nasistləri hələ böyük təhlükə saymırlar, Çapek isə irəlidəki müharibənin qorxusu və həyəcanı ilə yaşayır. “Salamandrlarla müharibə” - kütləşdirilmiş kütlənin aqressiyası, vəhşi instinktləri, nasizmin bir azdan başlanacaq ekspansiyası qarşısında qorxudan yoğrulub. Çapek bu əsəri ilə hamıya səslənir - sivilizasiya ölümcül təhlükə qarşısındadır, bunun qarşısını almalı olanlar isə ya yatır, ya biganədir, ya da nasist Almaniyası ilə “siçan-pişik oyunu” oynayır.
Beləliklə, 1936-cı ildə Nobel komitəsinin həmin ilin ən aktual əsərini qiymətləndirmək şansı vardı. Ancaq onlar əsəri pisləməkdən vaz keçmədilər. Çünki əsərdəki Baş Salamandrın prototipi var - Hitler. Çünki, Çapek təhlükənin əsas mənbəyini göstərir - fürer və nasist Almaniyası. Məhz bu da qərarları sırf siyasi məna daşıyan Nobel komitəsinin ürəyindən deyildi - Hitlerin xətrinə dəymək olmaz. Akademiklər romanı nasist Almaniyasının rəhbərləri üçün təhqir hesab etdilər. Bir sözlə, Ədəbiyyatın yox, nasizmin tərəfini tutdular.
Çapekin antiutopiyası isə olduqca tez gerçəkləşdi. 2 il sonra onun vətəni Çexoslovakiyanı London və Parisin xeyir-duası ilə nasistlər böldü. 3 il sonra Polşa, daha bir il sonra Fransa çökdü. Karel Çapek bədnam Münhen sazişindən 2 ay sonra - 1938-ci ilin dekabrında vəfat etdi və bir çox dəhşətləri görmədi.
Bu da hamısı deyil. 1937-ci ildə yenidən Nobel mükafatına Çapekin namizədliyi irəli sürülür. Həmin il onun “Ana” əsəri çapdan çıxıb, tamaşaya qoyulub və böyuk uğur qazanıb. Və Nobel komitəsinin rəyi: “Əsərin böyük uğur qazanması onun görkəmli əsər sayılması üçün kriteri ola bilməz, çünki tamaşaçılar siyasi ehtirasların hakimiyyəti altındadır”. Absurd? Ancaq fakt. İsveç akademikləri Avropada baş verən siyasi hadisələr və Çexoslovakiyanın faciəvi taleyi barəsində susmaqda qərarlıdırlar.
Nəhayət, 1938-ci il - son dəfə namizədlik. Nobel komitəsinin rəyinə görə, Çapek “əvvəlki ekssentrikliyini saxlayıb və şübhəli eksperimentçiliklə məşğuldur”. Akademiklər Çapekə yenə gözləməyi tövsiyə edir və həmin ilin mükafatını “orta ədbiyyat”ın nümayəndəsi olan Perl Baka verirlər.
Bu hadisədən 2 ay sonra Çapek dünyadan köçür, sonrakı ildə - 1939-cu ildə isə böyük fantastın “Salamandrlarla müharibə”də yazdıqları gerçəkləşir. Dünya Müharibəsi başlayır və Avropa çökür.
“Çapek kazusu” - kriterilərlə və rəylərlə zirək manipulyasiyalara parlaq nümunədir. Nobel komitəsi dalbadal çex yazıçının namizədliyinin üstündən məhz siyasi mülahizələrə görə xətt çəkdi. Həmin dövrdə eyni qətiyyətlə daha bir antifaşistin - nasist Almaniyasını tərk edib İsveçrəyə sığınan Herman Hessenin də namizədliyi rədd edilirdi.
***
O ki qaldı yeni nobeliat Bob Dilana, onun nümunəsi kədərli nəticəni ortaya qoyur: Nobel mükafatı Şnobel mükafatından fərqlənməməyə başlayıb...