19 Oktyabr 2016 01:07
12 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan mühacirlərindən Əbdülvahab Yurdsevərin (1898-1976) Şah İsmayıl Xətai ilə bağlı 1954-cü ildə yazdığı geniş yazıdan “Şahın sarayı” bölümünü təqdim edir:

***

... Şah İsmayıl şeir yazmaq, Azərbaycan türkcəsini inkişaf etdirməklə yanaşı Səfəvi dövlətinin sarayını Azərbaycan ədəbiyyatının, musiqi və sənətinin və bütün mədəni fəaliyyətlərin mərkəzinə çevirmişdi.

Şah şeir və ədəbiyyat qədər musiqi və rəssamlığı da sevərdi. Ağqoyunlular zamanında və Səfəvi dövlətinin ilk dövrlərində hökumətin mərkəzi olan Təbriz Yaxın Şərqin ən mədəni və sıx əhalisi olan bir şəhərinə çevrilmişdi.

Daha öncə Elxanilər (Hülakülər sülaləsi) tərəfindən 1294-cü ildən etibarən paytaxt elan edilən Təbriz 16-cı əsrin ortalarına qədər bu adını qorumuşdu. XV-XVI əsrlərdə Azərbaycana gələn Avropa səyyahları Təbrizin böyüklüyünü, canlılığını və əhalisinin çoxluğunu görərək mübaliğəyə qapılır və əhalinin sayını bir milyona qədər təxmin edirdilər. Fəqət nə də olsa, bu təxminlər göstərir ki, Təbriz şəhəri o dövrün Orta Doğu bölgəsində çox mühüm bir yer tuturmuş. Əsrlər boyunca paytaxt vəzifəsini daşıyan Təbrizdə Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər tərəfindən yüksək memarlıq əsərləri olan bir çox gözəl bina, məscid və böyük bir bazar ərsəyə gətirilmişdi.

Şəhər həm böyük bir ticarət mərkəzi, həm də qızıl, gümüş və ipəkdən hazırlanan incə əl işi sənətinin inkişaf etdiyi bir mahal idi. Bu kimi əl işi sənətləri ilə bu gün də Təbriz böyük bir şöhrət qazanıb.

Ədəbiyyata hər baxımdan böyük əhəmiyyət verən Şah İsmayıl öz sarayında ədəbi bir məclis qurmuş və başına tanınmış Azərbaycan şairi Həbibini “Məliküş-şüəra” ünvanı ilə gətirmişdi. Bu məclisdə Süruri, Şahi, Tufeyli, Kişvəri, Matəmi, Qasimi və digər ədiblər iştirak edirdilər. Şeir və ədəbiyyat o dərəcədə etibar qazanmışdı ki, Səfəvi dövlətinə tabe olan bölgələrin əmirləri də sənət aşiqi Şah İsmayılı təqlid edərək şeir yazır, saraylarda ədəbi toplantılar təşkil edərdilər.

Səfəvi dövrü ədəbiyyatının əsas qayəsi şiəliyi müdafiə etmək idi. Buna görə də qəsidə janrında vəsf etməyə, yəni Həzrət Əlinin sülbündən gələn on iki imamın fəzilət və xarakterini tərif və tövsif edən şeirlərə rast gəlinirdi.

Şahın özü isə bir hökmdardan daha çox, bir mürşid və ya bir məzhəb başçısı sifəti ilə qəsidələrdə mədh olunmaqda idi. Şahın əmri ilə sarayda möhtəşəm bir kitabxana yaradılaraq tanınmış klassik ədiblərin əsərləri bir araya gətirilmişdi. Məşhur xəttatlar bu əsərlərin surətini köçürürdülər. Rəssamlar bu əlyazmalara miniatürlər hazırlayırdılar. Beləcə, rəssamlıq getdikcə inkişaf edirdi.

Şərqin Rafaeli adı ilə böyük şöhrət qazanan Kəmaləddin Behzad bu rəssamlıq məktəbinə mənsub idi və onun rəhbəri idi.

Behzad o dönəmin məşhur rəssamı təbrizli Seyid Əhmədin tələbəsi idi. Əslən heratlı idi, 1506-cı ildə Təbrizə köçmüşdü. Şah İsmayılın 1521-ci ildə verdiyi xüsusi bir əmrlə vəzifəyə başlayıb və oğlu Şah Təhmasib dövründə də bu mövqeyini qoruyub saxlayıb.

Behzad ilə yanaşı Ağa Mirək Təbrizi, Sultan Məhəmməd Təbrizi, Müzəffər Əli Nəqqaş və Hafiz Təbrizi kimi istedadlı rəssamlar dövrün rəssamlıq sənətinə qəti forma və üslub veriblər. Bu üslubun özünəməxsus cəhəti rəssamlıqla ədəbiyyatın əl-ələ bərabər şəkildə yürüməsidir. Rəssamlıq başlıca olaraq miniatür sənətinə təmayül göstərdiyi üçün poemalardakı lirik səhnələrin bütün incəliklərlə təsviri və canlandırılması vacib idi. Bu isə rəssamın eyni zamanda ədəbi zövq və düşüncə sahibi olması ilə mümkün idi. Hazırda Avropa muzeylərində nümunələri mühafizə edilən bu miniatürlər mütəxəssislər tərəfindən yüksək sənət əsəri olaraq dəyərləndirilir.

Beləcə, görürük ki, Şah İsmayıl yalnız qılıncı ilə ölkələr fəth edib möhtəşəm bir səltənət quran hökmdar deyil, eyni zamanda qələmi ilə, ədəbi dühası və dərin sənət zövqü ilə Türk toplumuna xidmət etmiş böyük bir simadır.

Müddət olaraq qısa sürən ömrü siyasi və mədəni səmərələri yönündən çox zəngin olub. O, həm böyük bir dövlət qurub, həm də bu dövlətin yaşaması və inkişafı üçün lazım olan ideoloji və mədəni gücləri hərəkətə keçirib.

Şah İsmayıl Türk tarixində qədri-qiyməti əsla kiçildilməyəcək qədər mühüm bir yer tutur. Onun şəxsiyyəti və rolu ətrafında düşünərkən həyatının və fəaliyyətinin bütün mərhələləri göz önünə gətirilməlidir.

“Azərbaycan” jurnalı, 25-ci say, aprel, 1954.

Dilimizə uyğunlaşdırdı: Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər