Teleqraf.com Georgi Spasovun "Sirr" hekayəsini təqdim edir
Petrovla rastlaşdım. Salamlaşdıq. O, soruşdu:
– İvanova çatdırdımmı?
– Nəyi?
– Onu da. Özün yaxşı bilirsən, hoqqa çıxartma özündən. Qoy İvanov onu Şarkova versin.
Hər şeyin sonra aydınlaşacağı ümidi ilə heç nə anlamadan başımı tərpətdim
– Həə!..
Ancaq heç nə aydınlaşmadı. Nə qədər fikirləşsəm də, heç nə yadıma sala bilmirdim. Xatırlaya bilmirdim ki, İvanova çatdırmaq üçün Petrov mənə nə verib?
Özümü təmkinli aparmağı qərara aldım. İvanovla rastlaşdım. Ondan mehribancasına soruşdum:
– Yəqin sən artıq çatdırmısan, hə?
– Nəyi? – o təəccübləndi.
– Əşi, onu da! – narazıhalda dilləndim. – Özünü bilməməzliyə qoyma. Petrov vermişdi. Sənə verdim ki, Şarkova çatdırasan.
– Həə! – o mızıldandı. Ancaq aydınca hiss edirdim ki, o heç nə anlamayıb.
Bir neçə gündən sonra Şarkova rast gəldim. O, minnətdarlığını bildirdi:
– Çox sağ ol. İvanov mənə çatdırdı. Sən böyük bir xeyirxahlıq etdin. Petrova salam söylə.
İndi üç gecədir ki, gözümə yuxu getmir. Bu sirr mənə rahatlıq vermir: mənə nə vermişdilər və mən başqasına çatdırmışam?
Tərcümə etdi: Qüdrət Əhmədov